Kəşfiyyat məlumatları nə zaman və niyə açıqlanır?
Türkiyəli təhlükəsizlik eksperti Çağatay Balcı deyir ki, bu zamanı adətən dövlətlər özləri müəyyən edir
ABŞ məxfi xidmətləri vaxtaşırı bir mühüm sənədləri açıqlayır. Bir neçə il əvvəl ABŞ kəşfiyyat orqanları 1953-cü ildə İranda baş nazir Məhəmməd Müsəddiqin devrilməsi ilə bağlı sənədləri ictimaiyyətə açıqlamışdı. Bundan başqa Federal Təhqiqatlar Bürosu (FTB) və NASA kimi qurumlar da zaman-zaman məxfi məlumatları açıqlayır. Ancaq aydın məsələdir ki, açıqlanan məlumatlar, əsasən üzərindən uzun zaman keçmiş, məxfilik və təsir gücünü xeyli dərəcədə itirmiş məlumatlar ictimaiyyətə açıqlanır.Yeri gəlmişkən, zaman-zaman Azərbaycanda da keçmiş KQB arxivlərinin açılması tələbləri gündəmə gətirilir. Xüsusən də SSRİ-nin dağılmasından sonra bu mövzu xeyli dərəcədə aktual olub. Çünki bir çoxları gün edirdi ki, ölkədə yüksək vəzifə tutan şəxslərin bir çoxu SSRİ xüsusi-xidmət orqanları ilə bu və ya digər formada əməkdaşlıq edib. Ancaq o zaman nə AXC iqtidarı zamanı, nə də sonra yaxın tarix arxivləri açılmadı. Bunu bir sıra səbəblərlə izah etdilər.
Bundan başqa, daha əvvəlki arxivlər də son illərə qədər ailələr arasında düşmənçilik yaranmasın deyə açılmadığı iddia olunurdu. Ancaq son illərdə artıq keçmiş KQB arxivlərinə giriş əldə etmək mümkündür, xüsusən də tanınmış şəxslərlə bağlı gizli istintaq sənədləri artıq açıqlanır. Ancaq təbii ki, bu adətən daha uzaq keçmişə aid məlumatlar olur. Yaxın tarix isə hələ də sirdir. Baxmayaraq ki. bir sıra keçmiş sovet respublikasında arxivlər ictimaiyyətə açılıb.
Əcaba, dünyada bu cür məlumatlar üçün bəlli bir təqvim varmı? Hansı müddətdən sonra sirr sayılan məlumatları ictimailəşdirmək mümkündür? “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin təhlükəsizlik məsələləri üzrə eksperti Çağatay Balcı deyir ki, bu cür sirr sayılan məlumatların qüvvədən düşməsi və ya açıqlanma tarixi ilə bağlı bir zaman məhdudiyyəti yoxdur. Amma hər bir ölkə öz daxili şərtlərini əsas götürərək dövlət sirləri üçün bir qapalılıq zamanı müəyyən edə bilir. Ç.Balcı deyir ki, bu cür kəşfiyyat sirlərinin açıqlanmasının 3 cür səbəbi ola bilər: “Birincisi, ölkənin keçmişdə həyata keçirdiyi əməliyyatları açıqlayaraq ölkə kəşfiyyatı və xüsusi xidmət orqanlarının (eləcə də digər qurumların – K.R.) gücünü nümayiş etdirmək, bir növ təbliğat xarakteri daşıyır. İkinci səbəb ölkədə siyasi və bürokratik çəkişmələr prosesində bu cür məlumatlar açıqlana bilər. Bir növ ifşa məqsədli ola bilər. Üçüncüsü, mövcud siyasi kursun davam etməsinə baxmayaraq, bu cür məlumatları açıqlamaqla kənara “bunları ifşa etdik, çünki siyasətimiz dəyişdi” mesajını verməyə çalışa bilər”.
Ç.Balcı deyir ki, ölkələr kəşfiyyat fəaliyyətinin şəffaflığını nümayiş etdirmək, belə bir görüntü yaratmaq üçün bəzi məlumatları açıqlaya bilərlər: “Bundan başqa xarici ölkələrin ittihamlarına qarşı çıxmaq üçün bu cür sirləri və ya sirr olaraq təqdim etdikləri sənədləri açıqlaya bilərlər. Yəni bir növ “başqa ölkələrin ittihamlarına qarşı reallığı açıqlayırıq” demək üçün bu cür addımlar ata bilərlər”.
Kənan Rövşənoğlu
Müsavat.com
Tarix: 20-12-2017, 14:36