Trampın Qüdslə bağlı hədəsi, Bakının uğurlu diplomatik manevrləri

Trampın Qüdslə bağlı hədəsi, Bakının uğurlu diplomatik manevrləri
BMT Təhlükəsizlik Şurasında dünya ictimaiyyətinin həmrəyliyi qarşısında təklənən ABŞ təşkilata üzv ölkələri Qüds qərarı ilə bağlı hədələyib. Axar.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.

“Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - Heyli elektron məktubda qeyd edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən Qüds layihəsinin lehinə 14 üzv səs vermiş, yalnız ABŞ veto qoymuşdu. Ancaq məlumata görə, məsələ BMT-də yenidən müzakirəyə çıxarılacaq. Trampın mövqeyindən belə görünür ki, Ağ Ev Qüds məsələsində onun iradəsi əleyhinə çıxanlarla “hesablaşmaq” niyyətindədir. Üstəlik, İsrailin bir sıra mesajları müsəlman ölkələrinin sürprizlə qarşılaşa biləcəyi ehtimalını yaradır. Bəzi ekspertlər hesab edir ki, Qarabağ kimi ciddi problemi olan ölkəmizin indiki durumda daha ehtiyatlı siyasət yürütməsi zəruridir. Hətta Türkiyə eyni mövqeni sərgilədiyimiz bir dövrdə İsrail kimi güclü və lazımlı müttəfiqlə münasibətlərin qorunmasının vacibliyi qeyd olunur. Hər halda, balanslı siyasətə üstünlük verən Bakı bu məsələdə də ehtiyatını əldən vermir. İsrail dövləti ilə yüksək səviyyədə mövcud olan əlaqələrin davamı hər iki tərəf üçün önəm kəsb edir. Üstəlik, yəhudi lobbisi Qarabağ məsələsində Azərbaycanın yanında olsa, bu da bizim üstünlüyümüz deməkdir.

Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib. Güman ki, bu görüşdə iki dövlət arasında münasibətlərdən bəhs olunub.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Qüds məsələsində beynəlxalq norma və prinsiplərə zidd olan hər hansı bir bəyanat vermədi: “Məlum məsələdir ki, Qüds problemi məqsədyönlü şəkildə ortaya atılan bir məsələdir. Bunun da əsas səbəbi Trampın seçkiqabağı yəhudi icmasına verdiyi söz və bundan gələcəkdə yararlanmaq, əvvəlki prezidentlərin həyata keçirmədikləri bir sıra məsələlərin həllinin gerçəkləndirilməsi idi. Rusiya bu problemin BMT çərçıvəsində həll edilməsini təklif etdi və məlumdur ki, ABŞ BMT-də öz veto hüququndan istifadə etdi. Sonuncu dəfə bu hüquqdan 2011-ci ildə istifadə edən ABŞ, 1990-cı ildən başlayaraq, Ərəb-İsrail münaqişəsi ilə bağlı 14 dəfə yerləşdirilmə ilə bağlı qətnamələrə veto qoyub”.

A.Nağıyevin fikrincə, əslində bu reaksiyalar gözlənilən idi: “Amma əsas regional faktorlardan olan İran kəskin reaksiya verdi. Məlum məsələdir ki, İsrail və ABŞ-la münasibətdə onun itirəcək bir şeyi yoxdur. Ona görə də HƏMƏS və Fələstinə dəstək göstərir. Türkiyə də təbii ki, baş verənləri anlayır və bunun PKK və PYD-nin ABŞ tərəfindən yenidən gündəmə gətirilə biləcəyi ehtimalını başa düşür. Bir sözlə, bu proseslər ABŞ tərəfindən öz suverenliyinə təhdid kimi, yəni səfirliyin köçürülməsinin öz müstəsna hüququ olması kimi dəyərləndirilsə də, bu, yeni bir müharibənin alovlanmasına gətirib çıxara bilərdi. Azərbaycan məhz bu kontekstdən bəyanat verib. Türkiyə də öz növbəsində bu konfliktin böyük müharibəyə çevrilmək ehtimalına görə öz kəskin bəyanatları ilə yadda qaldı”.

Politoloqun fikrincə, İsrail dövləti də bunu dəqiqliyi ilə anlayır və başa düşür ki, Azərbaycan başqa cürə addım ata bilməzdi: “Biz bütün sülhməramlı addımları dəstəkləyir, hər bir ölkənin ərazi bütövlüyü və suverenliyini beynəlxalq norma prinsiplərə uyğun qəbul edirik. Məhz buna görə də İsraillə əməkdaşlığımıza hər hansı bir zərər gələcəyi inandırıcı deyil və hər hansı imtinadan da söhbət gedə bilməz. Təbii ki, bu faktoru qabartmağa çalışan bir sıra maraqlı qüvvələr və dövlətlər var, bunun da qarşısı diplomatik yolla alınır, çünki biz müstəqil siyasət yeridirik. Bu həm də hərbi sahədə, mədəni və digər sahələrdə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atılan addımlara da aiddir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq aləmi və islam dünyasını silkələdiyi kimi, Azərbaycan üçün də müəyyən çətinliklər yaradır: “Bir tərəfdən Azərbaycan İslam dünyasının tərkib hissəsi kimi Trampın qərarını yanlış adlandırmaq, Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına dair BMT qətnamələrini dəstəkləmək məcburiyyətindədir, o biri tərəfdən isə İsraillə münasibətlərdə soyuqluq yaşaya bilməz. Bu çox həssas durumdur. Azərbaycanın bu məsələdə balansı qorumaqdan başqa alternativi yoxdur. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan İsraili sərt dillə tənqid edə bilər, ancaq Azərbaycan prezidenti onun kimi eyni sərt ritorikaya üstünlük verə bilməz. Türkiyə bölgədə fəal siyasət yürüdür, İslam aləminin aparıcı dövləti statusuna iddia edir. Bizim belə bir iddiamız yoxdur. Digər tərəfdən, Türkiyə hakimiyyəti İsraili sərt tənqid edərkən, iki ölkə arasında iqtisadi əlaqələrin həcmi ilbəil artır. Əslində bu ziddiyyətdir. Burda türkiyəli rəsmilərin elektorata hesablanmış siyasəti var. Rəsmi Bakının belə bir dərdi yoxdur. Bizim əsas dərdimiz işğal altındakı torpaqların azad olunmasıdır və əgər bunun üçün İsraildən müasir silahlar ala biliriksə, Fələstin və İslam aləminin həmrəyliyi naminə İsraillə əməkdaşlıqdan qopa bilmərik”.

E.Şahinoğlu təəssüflə qeyd etdi ki, həmin İslam həmrəyliyi Azərbaycan torpaqlarının işğalı məsələsində fərqi siyasət ortaya qoyur: “Sözdə hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, əməldə isə müsəlman torpaqlarını işğal edən, məscidləri yerlə-yeksan edən Ermənistanla sıx əməkdaşlıq edirlər. Bu mənada Şərqi Qüdslə Dağlıq Qarabağ arasında və ya Ermənistanla İsrail arasında elə böyük fərq yoxdur. Buna baxmayaraq, İsraili sərt dillə tənqid edən ölkələr Ermənistanla əməkdaşlıqda qəbahət görmürlər. Bu ikiüzlülüyü görən Azərbaycan milli təhlükəsizliyinə əsaslanan siyasətini davam etdirməli, İsrailə neft satmalı, bu ölkədən silah almaqda davam etməlidir. ”İsraillə diplomatik əlaqələr kəsilsin" deyənlərə isə bunu deməliyik: “Siz əvvəlcə işğalçı Ermənistanla əlaqələri kəsin!” Fikrimcə, rəsmi Bakının Şərqi Qüds məsələsində İslam aləmi ilə həmrəylik nümayiş etdirməsi İsrail hökumətinin narahatlığına səbəb olmayacaq. İsrail rəsmiləri yaxşı anlayırlar ki, Azərbaycan İslam aləminin tərkib hissəsi olaraq beynəlxalq tədbirlərdə Fələstinin müstəqilliyinə dəstək vermək məcburiyyətindədir. Məncə, buna görə İsrail hökuməti Azərbaycanla münasibətlərini korrektə etməz. Tam əksinə, müsəlman ölkələrinin bir qismi ilə münasibətlərini daha da soyudan İsrail Azərbaycanla əməkdaşlıqda daha çox maraqlı olmalıdır. Ona qalsa, israilli rəsmilər Azərbaycanın İsraildə səfirliyinin olmamasını da anlayışla qarşılayırlar".
Tarix: 21-12-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti