Dünya beş dövlətin girovluğunda

Dünya beş dövlətin girovluğunda
Üzvlərinin veto hüququ BMT TŞ-ni iflic edib

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında son 6 ildə ilk dəfə veto hüququndan istifadə edib. Belə ki, iclasda Misir tərəfindən hazırlanan Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanınması məsələsinə münasibət müzakirə edilib. Müzakirə nəticəsində ABŞ prezidentinin Qüdslə bağlı qərarının qanunsuz olduğu və ləğv edilməsinin vacibliyi vurğulanıb. Təhlükəsizlik Şurasının üzvlərindən yalnız ABŞ qətnamə ilə razılaşmayıb və veto qoyub. Nəticədə qətnaməni qəbul etmək mümkün olmayıb. Ona görə də məsələnin BMT Baş Məclisinə ötürüldüyü açıqlanıb. Orada yenidən səsvermə keçiriləcək. Üçdə iki səs çoxluğu təmin edilərsə, qətnamə qəbul ediləcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ilə bağlı son illərdə artıq neçənci dəfədir bu cür vəziyyət meydana gəlir. Bundan əvvəl də Suriya ilə bağlı vəziyyət müzakirəyə çıxarılanda BMT TŞ-nin 5 daimi üzvündən biri-Rusiya veto hüququndan istifadə etmişdi və bu səbəbdən qərar qəbul eləmək mümkün olmamışdı.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ ilə bağlı bir qədər əvvəl çıxışında bildirmişdi ki, dünya indi bu 5 ölkəyə məhkum edilib. BMT-nin sabiq baş katibi isə Pan Gi Mun isə hələ vəzifəsində olarkən BMT TŞ-nin beş daimi üzvünün veto hüququnun yaratdığı problemdən söz açanda “Bir neçə dövlət dünyanı girov saxlayır” bəyanatını verib.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bir neçə gün öncə Qüdslə bağlı qətnaməyə ABŞ-ın veto qoyması üzündən qətnamənin qəbul olunmaması BMT-nin strukturlarında ciddi islahatların zəruriliyini bir daha ortaya çıxarıb. 2-ci Dünya müharibəsi şərtləri içərisində qurulmuş BMT Təhlükəsizlik Şurasını artıq bu şəkildə saxlamaq mümkün deyil. Bütün dünyanın təmsil edilmədiyi BMT Təhlükəsizlik Şurası ola bilməz: “Hegemon dövlətlərin təkcə dünyada nüfuz dairəsi uğrunda mübarizədə yox, həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda öz təsirlərini yaymaq uğrunda amansız mübarizə apardığı faktdır. Bunun zərbəsi isə digər dövlətlərə, xalqlara dəyir. Həmin iri dövlətlərin bir-biri ilə nüfuz mübarizəsi postsovet məkanında, Yaxın Şərqdəki münaqişələrdə, Suriyada və İraqdakı müharibələrdə, ən son isə Qüds məsələsində özünü göstərir. 5 dövlətin beşinin də günahlarını eyniləşdirmək, bərabərləşdirmək olmaz. Daha çox ifrata varan, qızışdırıcı rol oynayan Rusiya və ABŞ-dır. Dünya üçün mühüm hadisələrlə bağlı qətnamələrin qəbulu zamanı ya Rusiya, ya da ABŞ veto qoyur və bununla da iflic vəziyyəti yaranır. Dağlıq Qarabağ münaqişəsi də əslində bu iki dövlətin geosiyasi mübarizəsinin əsirinə çevrilib. Suriyada da dünya eyni vəziyyətlə baş-başa qaldı. Dünyanı, əsasən də Türkiyəni və Avropanı bu gün ağır problemlərlə üz-üzə qoyan qaçqın probleminin yaranmasında da məhz Rusiya ilə ABŞ-ın, Fransanın, Böyük Britaniyanın arasında gedən nüfuz savaşı rol oynadı. Dünyadakı münaqişə ocaqlarının söndürülməsi BMT Təhlükəsizlik Şurasından gözlənildiyi halda, onun 5 daimi üzvünün arasında gedən nüfuz mübarizəsinin münaqişələri alovlandırdığı, sönməyə imkan vermədiyi açıq görünür. Dünyada bir ABŞ-Rusiya qarşıdurması gedir və getdikcə mürəkkəbləşir. Bu qarşıdurma dünyadakı bütün münaqişə ocaqlarının mənbəyidir. Bu qarşıdurma dünyanı həqiqətən də girovluğunda saxlayır. Dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün bir normal layihəni BMT Təhlükəsizlik Şurasından keçirmək mümkün deyil. Çünki ya Rusiya, ya ABŞ, yaxud da onların müttəfiqlərindən kimsə öz veto hüququndan istifadə edərək belə qətnamələrin keçməsinin qarşısını alır”.



Politoloq vurğuladı ki, bu vəziyyətdən çıxış yolu BMT-də ciddi islahatlar aparmaqdır. Təəssüf ki, buna da məhz TŞ-nin üzvləri imkan vermir: “İslahatlara isə son dərəcə ciddi ehtiyac var. Yaponiya, Almaniya, Türkiyə və başqa dövlətlər BMT-nin səmərəsiz işlədiyini, sülhə və təhlükəsizliyə lazımi töhfə verə bilmədiyini, bunun da əsas səbəbini Təhlükəsizlik Şurasının daimi üzvü olan bir neçə dövlətin hegemonluğu ilə izah edirlər. Bu dövlətlər açıq surətdə və haqlı olaraq təklif edir ki, BMT Təhlükəsizlik Şurası yenidən qurulmalıdır. BMT TŞ-nin 5 daimi üzvü daha böyük səlahiyyətlərə malik olmamalıdır, veto hüquqi səlahiyyətindən məhrum edilməlidir. Yaxud Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Məsələn, Yaponiya və Almaniya tərkibin artırılmasını təklif edirlər. BMT-nin sərəncamındakı məhdud miqdarda olan qoşun kontingentinin səlahiyyətlərini genişləndirməyi və sayını artırmağı təklif edirlər. BMT üçün ciddi məsələlərdən biri quruma üzvlük haqqı verilməsində problemlərdir. Elə dövlətlər var ki, 30 ildir BMT-yə bir dollar da üzvlük haqqı ödəmir. Bütün bu problemlərin həlli üçün BMT-də islahatlara başlamaq zərurəti var”.

Etibar SEYİDAĞA
Tarix: 21-12-2017, 09:26
Xəbəri paylaş





Xəbər lenti