AB-nin Tiflis xəbərdarlığı Bakıya mane ola bilər? – Şərh
Gürcüstan SSRİ zamanından da kriminal qruplaşmaların çoxluğu, ümumiyyətlə, bu yönü ilə pis mənada seçilib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahat olduqları ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib. O bildirib ki, Saakaşvili Gürcüstanda kriminal aləmə zərbə endirməyi bacarmışdı:“Amma göründüyü kimi, onların tam kökünü kəsə bilmədi. Yeni iqtidarın zamanında isə Gürcüstanda onlar yenidən fəallaşmağa başladılar. Avropa Komissiyası bu xəbərdarlığı ilə Gürcüstan vətəndaşlarının kriminal fəliyyətlərindən xəbərdar olduqlarını bildirir. Onlar bir növ Gürcüstan hakimiyyətindən bu kimi halların qarşısını almaları üçün tədbirlər həyata keçirməli olduqlarını tələb edirlər. Amma bütün bunlara baxmayaraq, Avropa Birliyi Gürcüstanla viza rejiminin liberallaşdırılmasına dair qanunu ləğv edə bilməz. Çünki mafiya deyəndə ilk olaraq İtaliya yada düşür. Yəni Avropanın özündə də kifayət qədər çox kriminal qruplaşmalar var”.
Politoloq qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanla Avropa Birliyi arasında da viza rejiminin liberallaşdırımasına dair saziş imzalanacaq:
“Düşünmürəm ki, bu xəbərdarlıq Avropa Birliyinin digər ölkələrə qarşı siyasətinə təsir etsin. Çünki bu, bir neçə ölkəyə dair hesabat olsa da, burada sadəcə Gürcüstanın adı qeyd edilib”.
Qeyd edək ki, Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahatlıq əksini tapıb.
Tarix: 24-12-2017, 09:32