Hakimiyyət seçkidə Qərbin 4 nəhəng təşkilatından nə gözləyir? - siyasi bazarlıq yoxsa...

Hakimiyyət seçkidə Qərbin 4 nəhəng təşkilatından nə gözləyir? - siyasi bazarlıq yoxsa...
Avropa təsisatları ilə rəsmi Bakı arasında 20 ildir davam edən “mehriban düşmənçilik” mövsümi xarakter daşımaqdadır.
Əvvəllər müxalifət düşərgəsi Qərbdən olan təzyiqləri hakimiyyətin dəyişməsinə hazırlıq kimi qiymətləndirirdi.
Sonra illər keçdikcə bu təzyiqlərdə istifadə olunan müxalif qüvvələr, qeyri-hökumət təşkilatları və media anlamağa başladı ki, Qərb əlindəki resurslar hesabına təzyiq rıçaqlarını işə salaraq hakimiyyəti sıxışdırır, bazarlığa gedir və istədiyini qoparıb həmlələri geri çəkir.



AnaXeber.Az yazır ki, bu nöqteyi-nəzərdən Azərbaycan hakimiyyəti Qərb təşkilatları ilə qabarma-çəkilmə siyasətində böyük təcrübə toplayıb və 2018-ci il prezident seçkilərində Avropa təşkilatlarından hansı reaksiyalar olacağını da öncədən proqnozlaşdıra bilir.
Seçkidən-seçkiyə, beynəlxalq yarışlardan-yarışlara olan bu təzyiq kampaniyaları, iqtidarın Avropada lobbilərə xərclədiyi milyonların qarşılığında nankorluq edən bəzi Qərb siyasətçiləri və mediası sadiqlik prinsipləri tanımadan “yıxılana balta vurarlar” devizinə əməl edirlər.
Yəni, avtoritar üsul-idarəçiliyi olan ölkələrin hakimiyyətlərinə seçkilərdə təzyiq göstərmək, həssas zamanda sıxma-boğmaya salmaq köhnə adətləridir.
Bu mənada Qərb təsisatları ilə rəsmi Bakının dil tapmaqda bir çətinliyi və qorxusu yoxdur. Mövcud iqtidar qoca qitənin siyasi təşkilatlarının qarnının sancısını yaxşı bilir.
Əslində, Avropa Şurası və ATƏT hakimiyyətlə münasibətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Avropa İttifaqı da Bakını şar kimi partlayana qədər sıxışdırmaq tərəfdarı deyil. Yalnız son illərdə Avropa Parlamenti ilə Azərbaycan hökumətinin “ulduzları toqquşmur”.
Hətta Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxarılması barədə müzakirələr də əvvəldən bəlliydi ki, qeyri-ciddi, konkretləşməyən məsələdir.
Bakı nə AŞ-dan çıxır, nə də AŞ Azərbaycanda insan hüquqlarının pozulmasına rəğmən bu ölkə ilə yolları ayırmaq istəyir. Buna səbəb isə enerji maraqlarının prioritet olmasıdır.

Avropaya gedən Azərbaycan qazı Rusiyanın qaz təchizatının həcmi qədər olmasa da, bu Qafqaz ölkəsinin hakimiyyətini küsdürmək və Qərbdən yolunu döndərmək strateji axmaqlıq və ağılsızlıq olardı.
Yəni, seçkilərin nəticələrinə beynəlxalq təşkilatların ümumi rəyi “demokratiyaya doöru daha bir addım” bəyanatı şəklində olacaq.
Elə hakimiyyətin siyasi kulislərindəki müzakirələrdə də Qərbyönümlü məmurlar bu fikirdədirlər ki, təzyiqlər olsa belə, heç bir halda Avropaya inteqrasiya siyasətindən çəkilmək olmaz.
Lakin iqtidar daxilindəki ruspərəst məmurlar bunun nəinki əksinin tərəfdarıdırlar, yəni anti-Qərb cəbhəsində yer alıblar, hətta onlar Azərbaycanın daxili siyasətində gərginlik yaradırlar.

AnaXeber.Az yazır ki, ruspərəst məmurlar insan haqlarının tapdanması, süründürməçilik, bahalaşma, monopoliya, rüşvət və s. neqativ halları dərinləşdirirlər.
Seçkiqabağı xalqı narazı salmağa cəhd edən bu məmurlar bir tərəfdən Qərbi rəsmi Bakının üstünə qaldırırlar, digər tərəfdən əhalini qıcıqlandırırlar.
Bu siyasətin davamı olaraq Qərbyönümlü siyasətçilərin həbsi, REAL sədri İlqar Məmmədovun azadlığa buraxılmaması və Moskvanın diktə etdiyi tapşırıqların yerinə yetirilməsi qeyd edilməlidir.
Bu günlərdə “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da bildirmişdi ki, İ.Məmmədov haqda prezidentə düzgün təqdimat verilməyib. Təbii ki, təqdimat verənlərin Kremlə yaxın məmurlar olduğu istisna deyil.

Onların siyasi və iqtisadi proseslərdə oynadığı rol göz qabağındadır; qanunlar sərtləşir, əhalini acıqlandıran qərarlar qəbul olunur, sosial vəziyyət pisləşir, himayə etdikləri ayrı-ayrı icra başçıları yerlərdə vətəndaşları incidir, süründürür, qapıdan qovur və getdikcə aqressivlik artır.
Beləliklə, xarici və daxili siyasət kontorlarını anti-Qərb və anti-xalq çizən bir qrup məmur korpusu Azərbaycan hakimiyyətinin içindən qoparaq ayrılıqda hakim-mütləq olmaq iddiasındadır. Bu cəhdlər seçki ilində daha fəal səylərlə özünü göstərəcək.
Lakin Prezident Administrasiyasının dəhlizlərində anti-Qərb kursunun hakimiyyəti və ölkəni hara aparır sualı üstündə baş sındıranlar az deyil.
Baxmayaraq ki, ATƏT, AŞ, Aİ seçkilərdən sonra sərt bəyanatlar verməyəcəklər və seçkilərin nəticələri legitim hesab olunacaq.
Bununla belə, Avropa Parlamenti, ABŞ “ipinin üstünə odun yığmalı olmayan” tərəflərdir.

Nəzərə almaq lazımdır ki, Rusiyadan gələn təzyiqlərə adekvat reaksiya verməyən məmurlar Avropa və ABŞ-dan gələn sərt tənqidləri süngü ilə qarşılayırlar.
Bu da heç də xoş olmayan perspektiv vəd edən strateji seçimdir ki, uzun müddətdir davam etməkdədir.
Azərbaycanın strateji tərəfdaşları bu cür bəyanatlar verməklə, çağırışlar eləməklə əslində hakimiyyətə xidmət göstərirlər.
Sadəcə olaraq, xəbərdarlıq edirlər ki, tələsin, təcili, tez və həqiqi islahatlar həyata keçirin. Hərçənd, yola saldığımız il islahahtların imitasiyası ilə yadda qaldı.
Real reformalar isə cəmiyyəti düşdüyü vəziyyətdən çıxaracaq, xarici təzyiqlər də dayanacaq, daxildə narazılıq da olmayacaq. Xüsusən seçki ili real islahatlar tələb edir. Əks təqdirdə isə...
AnaXeber.Az
Turan
Tarix: 28-12-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti