Əli Əliyevdən 2018-ci il üçün – Siyasi proqnoz

Əli Əliyevdən 2018-ci il üçün – Siyasi proqnoz
Teleqraf.com Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəni təqdim edir:

- Əli müəllim, 2017-ci il başa çatır. Sizə, görə 2017-ci ildə dünyanın ən mühüm hadisələri hansılar oldu?


- İlk növbədə Şimali Koreyanın nümayiş etdirdiyi gövdə göstərişi dünya siyasətini ciddi təsir göstərdi. Ukraynada Donbas hadisələri 2017-ci ildə qüvvədə qaldı. Fikrimcə, Donbas hadisələri gələcəkdə dünya siyasətinə həlledici təsir göstərəcək amillərdən ola bilər. 2017-ci il həm də Qərb və Rusiya qarşıdurmasının davam etməsi, Pentaqonun növbəti il üçün 628 milyard dollarlıq büdcəsi, Donald Trampın dekabrın əvvəllərində açıqladığı milli təhlükəsizlik konsepsiyası yaxın gələcəkdə dünyanın siyasi həyatına ciddi təsir edəcək. Eyni zamanda Trampın Qüdslə bağlı qəbul etdiyi qərar ciddi hadisə hesab olunmalıdır. Bu hadisələr 2017-ci ildə baş versə də, təsirlərini növbəti illərdə nümayiş etdirəcək.

- Sadaladığınız proseslərin 2018-ci ildə siyasi proseslərə təsiri hansı formada ola bilər: dünyada sabitlik yarana, yoxsa münaqişə və qarşıdurmalar arta bilər?

- Hadisələr gərginləşmə tendensiyasını saxlayır. Tramp administrasiyasının dünyaya hegemonluq istəyini nümayiş etdirməsi gərginliyi artıracaq. 2018-ci ildə bu, hiss ediləcək. ABŞ prezidenti tərəfindən açıqlanan milli təhlükəsizlik konsepsiyasında açıq göstərilir ki, bunun siyasi uzantıları nədən ibarət olacaq. Sənəddə Rusiya və Çinin ABŞ-ın dünya hegemonluğuna göstərdiyi müqavimətdən bəhs edilir və bu iki ölkə ABŞ üçün təhdid hesab olunur. İran və Şimali Koreya ilə bağlı müddəalar da sənəddə yer alıb. Bu göstərir ki, münasibətlər gərginləşəcək və kəskinləcək.

Yeri gəlmişkən, Böyük Britaniya mütəxəssislərinin araşdırmalarına görə, 5-7 ildən sonra Çin iqtisadi baxımdan dünya liderinə çevriləcək. Mütəxəssislərin bu proqnozuna ciddi yanaşmağın tərəfdarıyam. Eləcə də Hindistanın ilk beşliyə daxil olacağı haqda qənaət var. Proqnozlara görə, Hindistan iqtisadi baxımdan Fransa və Böyük Britaniyanı sıxışdıracaq. Demək istəyirəm ki, dünya iqtisadi mübarizəsi hərbi və siyasi müstəvidə də davam edəcək. Dünyanın aparıcı dövlətləri nüfuz, maliyyə, iqtisadiyyat, pul uğrunda mübarizə aparır, ABŞ ilk növbədə iqtisadi hegemonluğunu qoruyub saxlamaq istəyir. Analitiklər isə proqnoz verir ki, qarşıdakı 5-7 ildə Çin iqtisadi baxımdan super güc olacaq. Təbii ki, bu da ABŞ-ı narahat edir. Fikrimcə, iqtisadi istiqamətlə paralel olaraq digər sferalarda da Çinin üstünlüyü üzə çıxa bilər. ABŞ da Çin və digər rəqabət göstərə biləcək dövlətləri sıradan çıxarmaq siyasətini izləməyə məcburdur. Beləcə proseslər gərginləşə-gərginləşə davam edəcək. Fikrimcə, Trampın Qüdslə bağlı qərarı da bununla bağlıdır. Bu, dünyada yeni münqaişə ocağının yaranması üçün verilən qərardır.

- Yəni müharibələr, qarşıdurmalar baş verəcək...

- Nəzərə alın ki, biz kiçik dövlətik. Əslində, bizim bu proseslərə təsir və müdaxilə imkanlarımız yoxdur. Sadəcə olaraq, dünyada gedən qlobal proseslərin bizi vura biləcəyi qənaətini unutmamalı, özümzü gərginliklərdən qorumağı bacarmalıyıq. Açığı, bizim bölgənin dövlətləri mütləq münaqişə ocaqlarına cəlb ediləcək. 2017-ci ildə davam edən Suriya prosesləri 3 yaxın qonşumuz olan Rusiya, Türkiyə və İranı bu hadisələrdə iştirakçı olmağa sövq etdi. Ərazicə bizdən o qədər uzaq olmasa da, bu hadisələr bizim üçün bir qədər izsiz keçdi.

- Qonşumuz olan Rusiya haqqında nə demək olar?

- 2017-ci il Rusiyada prezident seçkilərinə hazırlıq oldu. Fikir verdinizsə, Rusiya Mərkəzi Seçki Komissiyası Putinin əsas rəqibi olan Navalnini qeydə almadı. Onun əvəzinə liberalların təmsilçisi kimi Sobçak qeydə alındı. Hətta rəsmi Duma müxalifəti kimi 10 illərdir dünyaya təqdim edilən kommunistlər və “Spravedlivaya Rossiya”nın seçkilərlə bağlı fərqli siyasət apardığı ortaya çıxdı. Kommunistlər əsas namizəd olan Züqanovun namizədliyini irəli sürmür. “Spravedlivaya Rossiya” isə indiki prezident Putinin namizədliyini dəstəkləyib. Fikrimcə, bütün bunlar Rusiya hakimiyyətinin vəziyyətdən nə dərəcədə ehtiyat etdiyinin göstəricisidir.

İkincisi, Rusiyanın Suriyadakı qələbəsinə, hərbi hissələr açmasına baxmayaraq, bu ölkədə ehtiyatların tükənməsi, cəmiyyətin iqtisadi baxımdan çökməsi, pulun yenə də ölkədən qaçırılması kimi proseslər davam edir. Bu, faktiki olaraq ölkə iqtisadiyyatına təsir edir. 2017-ci il Rusiyanın zəifləməsi kimi yadda qalır. Rusiyanın bir sıra uğurları, Suriyada qələbəsi olmasına rəğmən, qiymətləndirmədə Rusiya geriləyib. 2017-ci il Rusiyanın ehtiyatlarının tükənməsi kimi yadda qalır. Rusiyanın daxili durumu heç də göründüyü kimi deyil. Prezident seçkiləri ilə bağlı sadaladığım faktlar ölkənin daxili durumunun nə qədər gərgin olduğunun göstəricisidir.

Üçüncüsü, nəzərə alın ki, 2018-ci ilin fevralından Rusiyaya qarşı yeni sanksiya dalğasının tətbiqi baş verəcək. Bu sanksiyalar zəifləyən Rusiya maliyyə blokuna bir qədər də zərbə vuracaq. Üstəlik, Putinin silahdaşlarına qarşı sanksiyalar dalğası başlayıb. Çeçenistan prezidenti Kadırovun sanksiya siyahısına salınması göstərir ki, gələcəkdə Putinin digər yaxın silahdaşlarının adı da bu siyahıya daxil ediləcək. Bu baxımdan düşünürəm ki, 2017-ci ildə Rusiyada vəziyyət gərgin olub və 2018-ci ildə də bu gərginlik davam edəcək.
Tarix: 28-12-2017, 10:33
Xəbəri paylaş





Xəbər lenti