Moskvadan ümidverici Qarabağ bəyanatı
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı ümidverici fikirlər səsləndirib. Diplomat 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil edildi. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu. Hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".
Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını söyləyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".
Politoloq Arzu Nağıyevin sözlərinə görə, qeyd edilən bəyanatların həm Q.Karasin səviyyəsində, həm də rusiyalı siyasi ekspertlər və məmurlar tərəfindən səslənməsi gözləniləndir. Bu isə ilk növbədə, 2018-ci ildə Rusiya prezident seçkilərinin keçirilməsi ilə bağlıdır:“Prezident seçkiləri öncəsi Rusiya belə kəskin bəyanatlarla nüfuzunu artırmağa çalışacaq. Bu Rusiyanın xarici siyasətində əsas prioritet istiqamətlərdən birini təşkil edəcək. Yəni Qərbin də, beynəlxalq qurumların da mövqeyi bundan ibarətdir ki, Rusiya SSRİ-nin siyasi varisi kimi Dağlıq Qarabağ problıeminin həllində əsas rol oynamalıdır. Ona görə də bu cür bəyanatlar tez-tez səsləndirilir. Eyni zamanda, məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya açar fiqurdur. 2018-ci ilin yanvar ayında cənab Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçiriləcək. Azərbaycan artıq öz təkliflərini masa üzərinə qoyub. Buraya işğalçı qoşunların Dağlıq Qarabağın ərazisindən çıxarılmasından tutmuş ən yüksək statsusun verilməsinə qədər təkliflər daxildir. Həmin sənədlər “Madrid prinsipləri”, Kazan formulu, Vyana protokolları və Sankt-Peterburq danışıqlarının nəticələri əsasında hazırlanıb. Azərbaycan substantiv danışıqlara getməyə hazır olduğunu bildirib. Ancaq bütün bu proseslər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası məsləsi də qalır və bu məsələ gündəmdədir. Yəni bu istiqamətdə hər hansı irəliləyiş baş versə, dövlət başçılarının görüşü keçiriləcək. Məlum olduğu kimi, 2018-ci ildə Ermənistanda da seçki ilidir. Aprel ayında Ermənistanda həm prezident, həm də baş nazir seçkiləri keçiriləcək. Ona görrə də Dağlıq Qarabağ klanının müstəqillik iddiasından imtina edəcəyi inandırıcı görünmür.
Ermənistanda Rusiyanın dəstəklədiyi və ölkə iqtyisadiyyatına nəzarət edən biznes qrupu var. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli inandırıcı görünmür. 2018-ci il həm də Azərbaycanda prezident seçkiləri gözlənilir. Rəsmi Bakı öz prinsiplərindən əl çəkən deyil və Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qeyri-mümkündür. Yəni qarşıdan problemli bir il gəlir. Azərbaycan münaqişənin hərbi yolla həlli variantını da əlində saxlayır. Ermənistanın danışıqlar masasına gətirilməsi də müsbət haldır. Son görüşlərdə Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və Ermənistan Şərq Tərəfdaşlığı Proqramının qeyd edilən prinsipi əks olunmuş sənədə imza atdı. Bu baxımdan, Rusiya maraqlı oyunçuya çevrilir və Korosin səviyyəsində belə bəyanatlar verilir”.
Müşfiq Abdulla
Cebhe.info
Tarix: 29-12-2017, 21:19