Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun “Ölkə.Az” xəbər portalına müsahibəsi:
– Son vaxtlar Avropanın bir sıra təşkilatları tərəfindən Azərbaycana qarşı ittihamlar səsləndirilir. Avropa qurumları ilə işləyən deputat kimi bu məsələyə münasibətiniz necədir? – Dünyanın güc mərkəzləri 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə mane olmaq və bundan öncə də ölkəmizdə keçirilən azad, ədalətli, şəffaf və demokratik seçkilərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsini puç etmək istəyirlər. Son vaxtlar bir sıra xarici təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları da yalnız bu məqsədi daşıyır. Ona görə də həmin dairələr hər bir şərə, böhtana və çirkin işlərə əl atırlar. Onlar təkcə İlqar Məmmədovla bağlı deyil, digər bu kimi məsələləri də gündəmə gətirməyə çalışırlar. Həmin dairələr İlqar Məmmədovun da məsələsini şişirdirlər. Cənab Prezidentin də dediyi kimi, Avropa İnsan Haqqları Məhkəməsinin on minlərlə qərarını yerinə yetirməyən həmin dairələr nüfuzlu və Avropa İttifaqının qurucuları olan dövlətlərə heç bir söz deyə bilmirlər. Ancaq Azərbaycana gələndə İlqar Məmmədov kimi adamları əldə bayraq edirlər. Onlar Azərbaycana şər ataraq, ölkəmizdə guya demokratiya və insan haqqlarının qorunmadığını iddia edirlər. Təbii ki, bütün bunlar cəfəngiyyatdır. İlqar Məmmədov məsələsi də həmin təşkilatların əlində bir bəhanədir.
– Xarici təşkilatların yaydığı bir sıra bəyanatlarda sizin də adınız hallanır. Sizi avropalı deputatlara rüşvət təklif etməkdə ittiham edirlər. Bütün bunlara cavabınız necə olacaq? – Mən bu ittihamların heç birinə məhəl qoymuram və onların bu cür fikirlərini milçəyin vızıltısı belə saymıram. Çünki bunların hamısı yalan və iftiradır. Mənimlə xaricdə əməkdaşlıq edən Avropa qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti tam qanun çərçivəsindədir. Bu əməkdaşlıq mən hələ deputat olmamışdan öncə də QHT-lər vasitəsilə edilib. Hazırda da bu əməkdaşlığı davam etdirirəm və hər zaman da edəcəm. Avropada bir neçə adamlarla mənim adımı hallandırırlar. Bütün bunlar mənə qarşı qarayaxmadır. Həmin şəxslər Avropada QHT rəhbərləridir. Onlar siyasətdən öncə də QHT rəhbərləri olublar.
– Sizi daha çox adı rüşvət almaqda ittiham olunan İtaliyanın keçmiş deputatı Luka Volonten ilə əməkdaşlıq etməkdə hallandırırlar.
– Əlbəttə ki, onunla yalnız iş əməkdaşlığımız olub. Bu adam mənim siyasi fraksiyamın sədri olub. Bizim onunla əməkdaşlığımız isə QHT səviyyəsində idi. Çünki Luka Volontenin Avropada tanınmış QHT-si var. Biz də onunla əməkdaşlıq etmişik. Bu əməkdaşlıq isə onun Avropa Şurasını tərk etməsindən sonra baş verib. Hazırda da onunla əməkdaşlığımız davam edir.
– Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı da fikirlər səsləndirilir. Sizcə, Azərbaycan hansı addımı atmalıdır? – Son vaxtlar bəzi avropalı siyasətçilər Azərbaycanı Avropa Şurasından çıxartmaqla hədələyirlər. Ancaq mən hesab edirəm ki, Azərbaycan Qərbdəki iftira və şər-böhtan kampaniyalarına cavab olaraq, özü bəlkə Avropa Şurasından çıxdı. Çünki Avropa Şurasının maliyyəsinin 30 faizini təmin edən Rusiya kimi nəhəg dövlət artıq bunu etmir. Türkiyə də Avropa Şurasına maliyyə verməkdən imtina edib. Polşa da bundan imtina etmək fikrindədir və sairə. Beynəlxalq təşkilatlarda da belə bir praktika var ki, hansı ölkədə hakimiyyət güclüdürsə və xarici təzyiqlərə cavab vermək imkanı varsa, onlar həmin dövlətlərə güc nümayiş etdirirlər. Hazırda Rusiya, Türkiyə, Polşa və Azərbaycan da buna görə hədəfdədir. Bu dövlətlərin hər birinin güclü dövlət quruculuğu və hakimiyyəti var. Sadaladığım bu dövlətlər beynəlxalq təşkilatların qərəzli bəyanatlarına ədalətli cavab verə bilirlər. Bu da Avropanın xoşuna gəlmir.
– Azərbaycan Avropa Şurasını tərk edərsə, dünyada təklənmiş vəziyyətə düşə bilərmi? – Xeyr, axı biz nə üçün təklənməliyik? Biz bütün Avropa və dünya ölkələri ilə əməkdaşlıq edirik. Əvvəla biz Avropa Şurasından çıxmırıq və buna da səy göstərmirik. Ancaq onlar bizə qarşı ədalətsizlik etdikdə, öz məkrli və ədalətsiz əməllərini davam etdirdikdə və Azərbaycana qarşı qərəzli hücumlar etdiyi təqdirdə Azərbaycan bunu cavabsız qoya bilməz. Azərbaycan da Avropa Şurasından çıxmaqla buna adekvat cavab verə bilər.
Qeyd edək ki, bu dəqiqələrdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilməsi ilə bağlı xəbər yayılıb.
Məlumata görə, Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıblar.
Məsələ ilə bağlı Milli Məclis heç bir münasibət bildirməyib.
Vasif Həsənli
Tarix: 4-01-2018, 22:17