İranda son bir həftədə baş verən hadisələr, mitinqlər bu ölkəni dünyanın diqqət mərkəzinə gətirib. İran hakimiyyəti ölkəni ABŞ və İsrailin qarışdırmağa çalışdığını bəyan edir. ABŞ-dan isə İranla bağlı qorxulu bəyanatlar gəlməkdədir.
Məsələn, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib ki, İranda Suriya ssenarisi təkrarlana bilər. Ardınca isə o bildirib ki, BMT Təhlükəsizlik Şurası buna yol verməməlidir: “İranda qanlı rejim xalqın dinc etiraz haqqını inkar edir. Biz buna yol verməməliyik”.Bu bəyanat səslənən gün ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. Nazirliyin bəyanatında bildirilir ki, İran üzrə sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilat daxil edilib. Daha əvvəl Dövlət Departamentindən bildirilib ki, ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünən ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib. Ərdoğan deyib ki, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub. Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.
Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və H.Ruhaninin həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb: “Artıq dünəndən İranda proseslər normallaşmağa başlayıb. Həsən Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”.
ABŞ-dan İrana qarşı hədələrin artması, İranda rejim dəyişikliyi istəyinin ortaya qoyulması bir sıra sualları aktuallaşdırır. ABŞ İranda niyə dəyişiklik istəyir? Vaşinqtonun əsl niyyəti nədir? İranı bölmək, onun karbohidrogen yataqlarını ələ keçirmək, yoxsa İranda demokratiya qurmaq?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Qərb və ABŞ İranda rejim dəyişikliyini istəmələrinin əsas səbəbi kimi İran hakimiyyətinin dünya dövlətlərinə təhlükəli olmasını göstərirlər. Eyni zamanda İranın nüvə silahı yaratmaqda israrlı olması, Qərb, ABŞ tərəfindən terror qruplaşması kimi tanınan təşkilatlara silah və maliyyə yardımı etməsi ittihamları da səbəblər içərisindədir: “Burada görünməyən səbəblər də var ki, onlardan biri də böyük dövlətlərin enerji daşıyıcısı olan dövlətləri nəzarətdə saxlamaq istəkləridir. Bunun da yolu özlərinə strateji müttəfiq hesab oluna biləcək hakimiyyətlərin yaranmasından keçir. Obrazlı desək, bu hakimiyyətlər demokratik, yarıdemokratik, hətta avtoritar da ola bilər. Lakin əvvəlki rejimin tam əksi olmalıdır ki, insanlar bu dəyişiklikləri dəstəkləsinlər və onu həyata keçirtsinlər”.
Politoloqa görə, son 100 ildə heç bir böyük dövlət İranın bölünməsini və ya parçalanmasını istəməyib: “Həm keçən əsrin əvvəlində həm də xüsusilə 40-cı illərdə bu bölünmə faktiki olaraq olmuşdu. Cənubda yaşayan Azərbaycan türkləri öz dövlətlərini qurmaq ərəfəsində idilər. Başda SSRİ olmaqla ABŞ və digər dövlətlər onları tanımadı, dəstək olmadılar, bir çox hallarda isə onlara maneçiliklər törətdilər. Sonradan həmin inqilabın amansızlıqla yatırılmasına da göz yumdular. Amma strateji məqsədlərə çatmaq üçün başqa yol qalmayanda dövlətlərin parçalanması variantına da üstünlük verilir. Hələ Azərbaycan türklərinin kompakt yaşadıqları əraziləri, onların arzularını bir kənara qoysaq, görürük ki, İranın İraqla çox böyük sərhədi var. Bu sərhədin hər iki tərəfində kompakt halda çoxlu sayda kürdlər yaşayır. İranda kürdlərin sayca 3-cü millət olduğunu, İraq kürdlərinin dövlət qurmaq istəklərini və buna doğru addım-adım getdiklərini nəzərə alsaq deyə bilərik ki, istənilən zaman bu kartdan istifadə oluna bilər. Ümumiyyətlə, uzunmüddətli müharibələr olmadan yeni dövlətlər yaranmayıb. Son olaraq yaranan dövlətlər Balkanlardakı vətəndaş müharibəsindən sonra Yuqoslaviyanın parçalanması ilə olmuşdu. Orada Rusiya-ABŞ qarşıdurmasında ABŞ qazanmışdı”.
Politoloq Şahin Cəfərli isə bildirdi ki, ilk baxışdan paradoks kimi görünsə də, İsrail və ABŞ-ın indiki rəhbərliyi İranda Həsən Ruhaninin deyil, mühafizəkarların və Seyid Əli Xamneinin xəttinin qalib olmasında maraqlıdır: “Çünki onlar hesab edir ki, bu halda İran yenidən öz içinə qapanaraq Şimali Koreyanın cizgisinə yaxınlaşacaq, bu isə həm daxili gərginliyin səngiməsinə imkan verməyəcək, həm də İranın xarici dəstəyini minimallaşdıracaq. Belə olan təqdirdə, ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasına Avropa Birliyi hazırda olduğu kimi ciddi müqavimət göstərə bilməyəcək. Qərblə dialoqa açıq olan Ruhaninin İranındansa, Xamneinin təcrid olunmuş İranını küncə sıxmaq və cəzalandırmaq ABŞ üçün daha asandır. Tramp gəldikdən sonra İran siyasətinin dəyişəcəyi aydın idi və dəyişdi. Tramp ötən ilin sentyabrında BMT-dəki çıxışında İranla bağlı bunları demişdi: "Bütün dünya bilir ki, İranın gözəl xalqı dəyişiklik istəyir və bu ölkənin liderləri ABŞ-ın hərbi qüdrətindən daha çox, məhz öz xalqından qorxur". Bu sözlər ABŞ-ın İranda rejim dəyişikliyi siyasətinə qayıtdığına işarə idi. Mərkəzi Kəşfiyyat İdarəsinin başındakı şəxs də (Mayk Pompeo) bu siyasətin fəal tərəfdarıdır və onun ötən 1 illik müddətdə təşkilatın gücünü yenidən bu istiqamətə yönəltdiyini təxmin etmək olar. Ötən həftə İsrail mediası xəbər yaydı ki, noyabrın əvvəllərində ABŞ və İsrail kəşfiyyat-təhlükəsizlik strukturları İrana qarşı birgə fəaliyyət barədə razılığa gələrək bu məqsədlə 4 xüsusi qrup yaradıblar. Bu qruplar İranın nüvə, raket proqramlarının inkişafına, Suriyada və İraqda möhkəmlənməsinə, “Hizbullah”a dəstəyinə qarşı tədbirlər planı hazırlamalıdır. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında da İran terrorçu dövlət elan olunaraq hədəf taxtasına qoyulub. Bir sözlə, İran üçün çətin günlər başlayıb".
Politoloq Natiq Miri isə bildirdi ki, İranda baş verən etiraz aksiyalarına ABŞ və İsrail səviyyəsində dəstək təsadüf deyil: “ABŞ İranda daxili çatışma yaratmaqla, ölkənin Suriya və İraqda mövcud olan inqilab mühafizə qüvvələrinin etirazları söndürmək üçün tədricən İrana çəkilməsini istəyir. Belə olan təqdirdə quru cəhətdən Rusiya və Suriya rejiminə dəstək olan İran qüvvələrinin geri çəkilməsi ABŞ və onun dəstəklədiyi terrorçu təşkilatların işini yüngülləşdirəcək. Əslində məqsəd elə budur. Hesab edirəm ki, İran daha operativ hərəkət edərək prosesin qarşısını ala bilər. Görünən odur ki, etiraz aksiyaları getdikcə sakitləşir. Əgər İranda etiraz aksiyalarının konkret hədəfi olan siyasi rejimdə dəyişiklik olarsa, regionda çox böyük fəsadlar yarana bilər. Çünki bu gün regionda pis və ya yaxşı müəyyən bir nizam var. İranda vəziyyət qarışarsa, Suriyada bu gün davam edən münaqişə və İraqın da hələlik özünə gəlməməsi kontekstində bütövlükdə Yaxın Şərqin nizamı tamamilə dəyişə, bölgədə ABŞ-ın istədiyi yeni terror dövlətləri yarana bilər. Təbii ki, bu, İran, Türkiyə və regionda olan bütün İslam dövlətləri üçün böyük təhlükə vəd edir. Fikrimcə, İran müsəlman dövləti olmaqla yanaşı, həm də region və Yaxın Şərqdə bir balanslaşdırıcı güc mərkəzi olaraq fəaliyyət göstərir. Ona görə də İrandakı prosesi gözardı etmək qətiyyən doğru deyil”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə sosial şəbəkədə qeyd edib ki, İranda baş verən hadisələr ciddi təhlükələrdən xəbər verir: “Qüdsü İsrailin paytaxtı elan edənlər bu gün İranı dağıtmaq, sabah Türkiyəni çökdürmək istəyirlər. Az sonra Pakistan növbəti qurban ola bilər. Çünki islam dünyasına olan basqıların qarşısında dayanan bu 3 ölkədir. Onların kifayət qədər gücü var ki, düşmənlərin planlarına mane olsunlar. Onları sıradan çıxardıqdan sonra bütün islam dünyasını asanlıqla diz çökdürəcəklər. Azərbaycan kimi kiçik ölkələr isə ayaq altında qalacaqlar. Kim düşünürsə ki, İranı dağıdıb, onun yerində Azərbaycan dövləti yaradacaqlar, çox böyük yanlışlığa yol verir. İranı dağıda bilsələr, orda Misir, İraq, Liviya və Suriyaya oxşar bir şey yaradacaqlar, əmin ola bilərsiniz. Ona görə də İranda kimlərinsə fitvası ilə küçələrə çıxanlar bunu fikirləşsinlər, başqalarının əlində oyuncağa çevrilməsinlər. Azərbaycan, İran, Türkiyə, Pakistan bir yerdə olmalı, hamı da bu birliyi təbliğ etməlidir. Suriya böhranı zamanı biz Türkiyə və İranın bir mövqedən çıxış etməsini təbliğ edirdik, hətta bir dəfə İstanbulda konfransda bu mövqedən çıxış etdim, az qaldılar məni düşmən elan edələr. Amma sonradan Türkiyə və İran bir movqedən çıxış edib, Suriyanı xilas etdilər. Suriya ayaq üstə qaldı, İran və Türkiyənin gücünü görən Rusiya onların yanında yer aldı, ABŞ da onların gücü ilə hesablaşmalı oldu. Eyni mənzərəni İraqla bağlı da gördük, kürdləri qaldırıb İraqı məhv etmək istəyirdilər, İranla Türkiyənin eyni mövqedən çıxış etməsi vəziyyəti tam dəyişdi”.
Etibar SEYİDAĞA,
Tarix: 6-01-2018, 11:22