“Xarici barmaq” – reallıq və mif

“Xarici barmaq” – reallıq və mif
İstibdad rejimli, qeyri-demokratik ölkələrdə hər hansı bir ictimai-siyasi təlatüm, kütləvi xalq narazılığı, sosial partlayış olan zaman idarə edənlərin ilk dəyərləndirməsi, eləcə də son təsbiti bu şəkildə olur: “Bu, məkrli xarici qüvvələrin işidir”.

Bir çox hallarda bu iddia həqiqəti əks etdirir. Doğrudan da bəzən qüdrətli dövlətlərdən hansısa biri barmaq uzadıb zəif ölkənin içini qarışdırır, xaos yaradır, öz mənafeyinə uyğun dəyişikliklər, çevrilişlər edir.


Belə hallar tarixdə çox olub. Son yüz ildə bu işə əsasən ABŞ, SSRİ (Rusiya), İngiltərə, Fransa kimi ölkələr baxırdı. Üçüncü dünya ölkələrində baş verən inqilabların, hərbi qiyamların, saray çevrilişlərinin arxasından mütləq bu dövlətlərdən biri çıxırdı.

Ancaq iş ondadır ki, qeyri-demokratik dövlətləri idarə edən iqtidar komandaları bütün bənzər hallarda bu iddialarla çıxış edirlər. Onlar hətta ölkənin hər hansı bir şəhərində baş verən sosial narazılığın arxasında da “xarici barmaq” axtarırlar və “tapırlar”, adını çəkməyə cürət etməsələr də, anonim şəkildə “müəyyən xarici qüvvələr” deyə təbliğat xarakterli şoular təşkil edirlər.

Görünür, bu, ölkədə işlərin yolunda getmədiyini, həll edilməmiş problemlər olduğunu etiraf etməməyin ən etibarlı yoludur. Yəni verilən mesaj budur: gül kimi ölkəmiz var, heç bir problemimiz yoxdur, xalqın narazılığı, ayağa qalxması əsassızdır, bu, xarici qüvvələrin işidir, məqsədləri hakimiyyətə təzyiq göstərmək, öz maraqlarını təmin etməkdir.

Problemlər isə, əlbəttə ki, var – etiraf edilsə də, edilməsə də.

Həll olunmamış problemlər, haqsızlıq, zülm olmasa heç bir xarici qüvvə insanları kütləvi şəkildə küçəyə çıxara, yüz min nəfərlik aksiyalar təşkil edə bilməz.

Prinsipcə, bu, qətiyyən mümkün deyil. Qızışdırma, manipulyasiya bir yerə qədərdir. Ən qüdrətli dövlətin başqa bir zəif ölkədəki 5-ci kolonunun (tərəfdarlar, təəssübkeşlər, qrantyeyənlər ordusunun) sırası məhduddur, toplamda ən çoxu 2-3 min nəfəri keçər, ya keçməz. Onların hamısını hərəkətə gətirməklə 100 minlik, 1 milyonluq aksiyalar təşkil etmək qeyri-mümkündür.

Biz belə təşəbbüsləri öz ölkəmizdə görmüşük. Beş-altı il öncə İranla aramız soyuyanda o qədər də əsası olmayan, həyati əhəmiyyət daşımayan bir səbəbdən kütləvi aksiyalar təşkil etməyə cəhd edənlər oldu. Onlar meydana 3-4 yüz adam çıxardılar və tezliklə zərərsizləşdirildilər. Çünki xalq kütlələri onlara qoşulmamışdı, o havada deyildi.

Əksinə, adi rayon rəhbərinin harınlığı, özbaşınalığı, təhqiramiz ifadələri iki rayonda minlərlə adamın etiraz aksiyasına çıxmasına səbəb oldu. Sonradan bu aksiyaların təşkilini hansısa başqa bir yüksək mənsəbli məmurun üstünə yıxmağa çalışdılar, amma bundan da bir şey çıxmadı. Çünki ortadakı fakt ondan ibarət idi ki, ayağa qalxmış rayonları idarə edən şəxslər camaatın problemlərini həll etməmişdilər, onları daha artırmışdılar, üstəlik, insanlarla təhqiramiz dildə danışmışdılar.

“Xaricdən təşkil olunan” üsyan, qiyam, çevrilişlərin mühüm bir özəlliyi var: onlar çox zaman öz məqsədinə çatır. Təbii ki, istisnalar da olur. Məsələn, 2016-cı ilin iyulunda Türkiyədə başladılan hərbi çevriliş xaricdən təşkil olunmuşdu, amma baş tutmadı. Çünki təşkilatçılar köhnə stereotiplərlə hesablamalar aparmışdılar, hər şeyin əski zamanlarda olduğu kimi baş verəcəyini düşünmüş, xarizmatik liderin gücünü nəzərə almamışdılar.

İrandakı son hadisələrdə isə nə qədər “xarici əl” axtarılsa da, ortada elə bir uzun barmaq görünmürdü. Ona görə ki, bu dövlət xarici kəşfiyyatların casuslarına qarşı həssas və qəddardır, varlıqlarına dözmür, tutduğunu asır. Birdən-birə İranda o boyda 5-ci kolon ortaya çıxa bilməzdi.

Sadəcə, yəqin ki, bəzi maraqlı dövlətlərin başbilənləri kənarda durub bu kütləvi aksiyalardan, iğtişaşlardan yararlanmağı düşünür, müxaliflərə bu və ya digər şəkildə azarkeşlik edirdilər.

Ancaq bu, İran rəhbərliyinə, eləcə də çoxsaylı siyasi, iqtisadi problemləri olan ölkələrə bir siqnaldır. Bu, o deməkdir ki, xalqı cana-boğaza yığmaq olmaz, onun rifahını təmin etmək, ona azadlıqlar vermək lazımdır. Əks təqdirdə bir gün klassik inqilabçıların sözü olmasın, qığılcımdan alov doğa bilər.

Xalid KAZIMLI
Tarix: 6-01-2018, 15:31
Xəbəri paylaş





Xəbər lenti