Şimali Koreya Vaşinqton və Seulun nüvə və raket proqramlarına qarşı hərbi təlimləri təxirə saldıqdan sonra Cənubi Koreya ilə rəsmi görüşə razılıq verib. Hər iki dövlətin rəsmi görüşü sonuncu dəfə 2015-ci ilin dekabrında baş tutmuşdu. Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, ABŞ-ın dövlət katibi Reks Tillerson yerli mediaya açıqlamasında bildirib ki, Koreya dövlətləri arasındakı görüşün ABŞ-la gələcək müzakirələrə yol açacağını demək hələ ki tezdir.
Lakin o qeyd edib ki, danışıqlar olacağı təqdirdə, Şimali Koreyanın nüvə silahlarının qarşısının alınması hədəflənməlidir. O, Şimali Koreya-ABŞ arasındakı böhranın diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu deyib. Bununla belə lazım olanda güclü hərbi dəstəyin təmin edildiyini də vurğulayıb.
Dövlət katibi Şimali Koreya və Cənubi Koreya görüşünün ABŞ ilə aparılacaq müzakirələrin müəyyən olunması üçün bir vasitə hesab edib: “Bu görüş mənalı, əhəmiyyətli ola bilər. Qış Olimpiyadası haqqında bir görüş ola bilər yaxud heç nə də olmaya bilər”.
Şimali Koreya lideri Kim Çen In gərginliyi azaltmaq və ölkənin Qış Olimpiadasında iştirak ehtimalı üçün Cənubi Koreya ilə görüşə razılıq versə də, nüvə silahları məsələsində sabit fikirdə qalıb.
Belə ki, o, ölkəsi təhdid edildiyi təqdirdə nüvə hücumu başladacağını bildirib.
ABŞ prezidenti Donald Tramp isə hər iki dövlətin görüşünü dəstəkləyib və illik genişmiqyaslı hərbi təlimlərin Qış Olimpiadasından sonra keçiriləcəyini deyib.
Tramp həmçinin öz “Twitter” hesabında "Əgər mən Şimali Koreyaya qarşı sağlam, güclü və mümkün potensialımızı göstərməyə istəkli olmasaydım, indi Şimal və Cənubi Koreya dialoqonun davam edəcəyinə kimsə inanardımı? “ deyə paylaşım edib.
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Geng Shuang, Şimali və Cənubi Koreya görüşünü, münasibətləri inkişaf etdirmək baxımından önəmli addım hesab edib. O, eyni zamanda hərbi təlimlərin təxirə salınmasının yaxşı hal olduğunu deyib.
Çinin Ticarət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) tətbiq etdiyi yeni sanksiyalara görə, Şimali Koreyaya xam neft, neft məhsulları, dəmir və digər metalların ixracını məhdudlaşdırdığını da bildirib.
Yaponiyanın müdafiə naziri İtsunori Onodera da təklif edilən danışıqlara fikir bildirib.
"Fikrimcə, möhkəm müdafiə mövqeyinin saxlanması vacibdir. Şimali Koreya bəlli dialoq və təxribat mərhələlərini keçsə də, nüvə və raket inkişafını davam etdirir. Bu baxımdan bizim xəbərdarlıq və nəzarətimizi zəiflətmək niyyətimiz yoxdur" - deyə jurnalistlərə açıqlama verib.
Günay RƏSULQIZI
Tarix: 6-01-2018, 16:07