Azərbaycan parlamentinin sabiq rəhbəri, SDM -in başqanı İsa Qəmbər tarixi məqalə ilə çıxış edib.
Musavat.com xəbər verir ki, özünün Facebook səhifəsində Azərbaycan tarixinin mühüm bir detalı haqqında məqalə yazan İsa Qəmbər 28 il öncə, 6 yanvar tarixinə təsadüf edən mühüm bir hadisənin detallarını təsvir edib. Azərbaycan Xalq Cəbhəsinin III Konfransının ilk günü haqda yazan İsa Qəmbər 20 yanvardan iki həftə öncə 20 yanvar təhlükəsi haqda xəbərdarlıq çıxışə edibmiş. Onun səs gətirəcək və müzakirələrə səbəb olacaq məqaləsini olduğu kimi təqdim edirik:***
6 yanvar 1990...
AXC-nin lll konfransının 1-ci günü...
AXC-nin l (təsis) konfransı 1989-un 16 iyulunda keçirilmişdi.
1989-un dekabrın 10-da isə ümumi qərar olmasa da , AXC İdarə Heyətinin bir neçə üzvünün təşəbbüsü ilə konfrans keçrilmişdi, biz də təşkilatın və hərəkatın birliyini qorumaq naminə həmin konfransda təşkilatı məsələlərə baxılmaması şərti ilə tədbiri AXC-nin ll konfransı adlandırmağa razılaşmışdıq.
Beləliklə 6 yanvar 1990-da dəhşətli dərəcədə soyuq və qarlı bir havada AXC-nin lll konfransı Azərbaycan Elmlər Akademiyasının əsas zalında işə başladı. Ölkəmiz dərin böhran, nəhəng problemlər və nəhəng imkanlar dönəminin ən həlledidci məqamına daxil olmuşdu. Qarabağ problemi dərinləşmiş, xalq hərəkatı sadəcə ərazi bütövlüyü uğrunda mübarizə mərhələsindən müstəqillik mərhələsinə keçməyə başlamışdı. 1990-ın mart ayında bütün sovet respublikaları kimi Azərbaycanda da parlament (Ali Sovet) seçkiləri keçirilməli idi.
AXC-nin ilk və əbədi sədri Əbülfəz Elçibəy və AXC-nin 15 üzvü olan İH-nin böyük əksəriyyəti xalqımızın tarix boyu yaranmış və yaradılmış problemlərini həll etmək, iki əsrə yaxın davam edən müstəmləkə durumundan qurtulmaq üçün yaranmış ikinci pəncərədən maksimum fayda və minimum itki ilə yararlanmaq üçün mümkün olan hər şeyi edirdi. Amma çətin idi, bu gün çox sadə görünsə də çox çətin...
Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə heyətində fikir ayrılıqları artırdı.
İH-nin üç üzvü: Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət qrup şərti olaraq “radikallar” adlandırılırdı. Digər üç üzv: Zərdüşt Əlizadə, Leyla Yunus və Ələkrəm Hümbətov “solçular” hesab edilirdi. İH-nin əksəriyyəti – yeddi üzv şərti olaraq “liberallar” adlandırılırdı: Sabit Bağırov, Pənah Hüseyn, Hikmət Hacızadə, Tofiq Qasımov, Yusif Səmədoğlu, Canbaxış Umudov və bəndəniz İsa Qəmbər (o zaman Qəmbərov).
Nəcəf Nəcəfov və Sülhəddin Əkbər bu qruplara daxil deyildilər və tək hərəkət edirdilər. Hətta Nəcəf bəyin dekabrın sonlarında səmimi bir şəkildə mənə dediklərini unutmağım mümkün deyil: “İsa, sənə qulaq asıram, sənin mövqeyin, arqumentlərin mənə inandırıcı gəlir, Etibara qulaq asıram, onun sözləri mənə inandırıcı gəlir.” Bu sözləri təsadüfi qeyd etmədim, əgər Nəcəf Nəcəfov kimi prinsipial, yüksək intellektə malik bir insan mövqeyini müəyyənləşdirməyə çətinlik çəkirdisə, görün bütövlükdə ictimai fikir necə böyük sarsıntıdan keçrdi. Yəni məsələ sadəcə “yaxşı-pis”, “ağıılı-axmaq”, “vətənpərvər-xain” fərqləri müstəvisində deyildi.
lll Konfrans dövrün çağırışlarını dəyərləndirməli, hədəfləri dəqiqləşdirməli, bütövlükdə cəbhənin, eyni zamanda İH-nin fəaliiyətini qiymətləndirməli və yeni rəhbərliyi seçməli idi.
Reqlamentə görə hər bir İH üzvü 10 dəqiqəlik çıxış edə bilərdi. Ömrümdə ilk və son dəfə israrlı şəkildə bir neçə dəfə əlavə vaxt istədim, İH üzvü olan bir neçə həmkarım da sağ olusn, öz 10 dəqiqələrini mənə güzəştə getdiklərini bildirdilər. Nəticədə nə az-nə çox düz bir saat danışdım! Hərəkatın yaranma səbəbləri, AXC yaranandan o günə qədər fəaliyyəti, uğurları və yanlışları, 1990-cı ildə əsas hədəflərimiz, yaxınlaşan parlament seçkilərinin önəmi, orda qalib gələrək əsas hədəflərimizə çatmağın mümkünlüyü, yaxın aylarda yersiz radikallığın ziyanlı ola biləcəyi, Moskvanın bundan bəhanə kimi istifadə edərək Azərbaycana yenidən hərbi qüvvə ilə hücüm edib, xalqa zərbə vuracağı, AXC-nin seçkilərdə legitim qüvvəyə çevrilərək müstəqillik qərarlarının qarşısını alacağı təhlükəsindən və s. və s. danışdım, üstəlik 7 nəfərlik qrupumuzun hazırladığı məncə mükəmməl analitik yazının da əksər hissəsini oxudum.
Sonradan çıxışımın mətnini oxuyan bir sıra insanlar deyirdilər ki, 20 yanvardan iki həftə öncə 20 yanvar faciəsi təhlükəsindən danışmısan...
Cəbhəçilər doğrudan də mənim xətrimi çox istəyirmişlər: konfransın o gərgin mühitində, o cür vaxt qıtlığında, hamı çıxış etmək istərkən 1 saat mənim çıxışıma dözdülər.
Tarix: 6-01-2018, 21:29