“Nemətdən Lex Valensa düzəltmək istədim, alınmadı” – İsa Qəmbər
"Nemət Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı".
Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin 8 yanvar 1990-cı ildə keçirilmiş Məclis sessiyası barədə feysbukda paylaşdığı statusunda bildirib.
O bildirib ki, AXC-nin fəaliyyəti barədə daha öncə etdiyi paylaşımlara AXC İdarə Heyətinin o zamankı üzvlərindən də şərh edənlər olub: "Sağ olsunlar, Hikmət Hacızadə və Nemət Pənahlı da rəy bildiriblər və faktiki olaraq dediklərimi təsdiq ediblər. Xüsusən Nemət Pənahlıya təşəkkür edirəm. Mən yazarkən hər bir ifadəmi diqqətlə seçirəm, həqiqəti yazmaq azdır, həm də başqa mövqelərdə olanların mənliyinə, heysiyyətinə toxunmamağa çalışıram. Nemət Pənahlı isə özünəməxsus səmimiyyətlə “radikalların” mövqeyini tam açıb ortaya qoyub. Təbii, hər zaman olduğu kimi yalan-palan danışmaqdan da özünü saxlamayıb. Məsələn deyir ki, “AXC-nin Təşəbbüs Qrupuna adım Əbülfəz bəy tərəfindən salınmışdı.” Belə deyil, etiraf edim ki, N.Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı".
AXC Məsclisinin 8 yanvar 1990-cı ildə keçirilən sessiyası barədə yazan İ.Qəmbər qeyd edib ki, AXC İdarə Heyətinə namizədliyini vermədiyi üçün Məclisdə də iştirak etməyibAmma Məclisdə o da İdarə Heyətinə üzv seçilib. İ.Qəmbərlə yanaşı Arif Paşa, Vurğun Əyyub, Dilarə Əliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, Yusif Səmədoğlu, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov və Hikmət Hacızadə də İdarə Heyətinə üzv seçiliblər. Nemət Pənahlı və digərləri isə kənarda qalmışdılar.İ.Qəmbər daha sonra yazır: "Axşam hardasa saat 11-də ev telfonuma zəng gəldi. Zəng edən Fəzail Ağamalı idi. O da məclisin üzvü idi və sessiyada iştirak etmişdi. Fəzail müəllim məni təbrik etdi, dedi ki, ən yüksək səslə İH-nə seçilmişəm. Doğrusu təəccübləndim, dedim ki, necə yəni seçiblər, axı mən namizədliyimi irəli sürməmişəm və heç kimə belə bir səlahiyyət verməmişəm. Dedi ki, Məclisin qərarı belə oldu. Sonra da Ə.Tahirzadənin qeydlərində adı çəkilən hər kəsin neçə səslə seçildiyini, seçilməyənlərin də neçə səslə İH-dən kənarda qaldığını bir-bir diktə etdi, mən də kağız-qələm götürüb qeydiyyat apardım. F.Ağamalı özünün də namizəd olduğunu, amma seçilmədiyini qeyd etdi. Bu zəngdən 30-40 dəqiqə sonra Pənah Hüseyn və Arif Hacılı bizə evə gəldilər. Məclisin nəticələrindən xəbərdar olduğumu bilib bu dəfə onlar təəccübləndi. Fəzail Ağamalının zəngini deyəndə güldülər və onun Məclisə rəhbərlik etmək cəhdinin qarşısının necə alındığını danışdılar. Ətraflı söhbət etdik. Pənah bəy və Arif bəy konfrans iştirakçılarının əksəriyyətinin bölgələrə geri döndüyünü, “radikallar” və qaragüruhun yenə toplantıda qarışıqlıq yaradıb məqsədlərinə nail olmağa çalışdıqlarını, aparıcı məclis üzvlərinin böyük səyləri və iki saatlıq mübarizədən sonra zalda yalnız məclis üzvlərinin qalmasına nail olduqlarını, Məclis sədrliyinə Tamerlan Qarayevin seçilməsini və onun toplantını Nizamnaməyə və demokaritik prosedurlara uyğun aparmağa çalışdığını, keyfiyyətli gizli səsvermə keçirildiyini, AXC-dən ayrıldıqlarını bəyan etmiş solların (Z.Əlizadə, L.Yunus, Ə.Hümbətov) ümumi konsensusla namizəd siyahısına daxil edilmədiyini, “liberalların” və ”radikalların” namizəd siyahısına daxil edildiyini, bizdən Canbaxış Umudovun, onlardan Nemət Pənahlının seçilmədiyini və bir çox başqa təfərrüatı danışdılar. Yaxın gələcəklə bağlı əsas mövzuları da müzakirə etdik. Bu heyət 1991-in yayına – AXC-nin l qurultayına qədər fəaliyyət göstərəcək, əlindən gələni edəcəkdi. “Radikallar”ın iki nümayəndəsi isə lll Konfransdan və Məclisin sessiyasından sonra əslində yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar…"
Tarix: 8-01-2018, 23:40