Türkiyənin sabiq prezidenti Abdullah Güllə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası arasında yaranmış narazılığın 3 əsas səbəbi var.
Siam.az bildirir ki,bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy bildirib.Onun sözlərinə görə birincisi A.Gülün əleyhdarları, R.T.Ərdoğana yaxın çevrə düşünür ki, keçmiş prezident bu mesajları ilə 2019-cu ildə keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədliyinə oynayır. Yəni, A.Gül müxalifətin vahid namizədi olmaq üçün bu narazılıqları dilə gətirir.
N.Cəfərsoy qeyd edib ki, ikincisi, A.Gülün tərəfdarları qrupudur:
“Abdulla Gülün yaxın çevrəsi iddia edir ki, keçmiş prezident həm ölkənin inkişafından, həm də partiyanın gələcəyindən narahatlıq duyur və bu narahatlığı təbii haqqı kimi ifadə edir. Gül özü də zaman-zaman narahatlıq duyduğu məsələləri gündəmə gətirir. Son olaraq mübahisələrə səbəb olan hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamə məsələsində də etiraz bildirməyi vacib sayıb. İki qrupun yanaşmalarına qarşı çıxan qruplar da var. Onlar Abdullah Gülün heç bir siyasi qazanc güdmədiyini ifadə edirlər. Bu qruplar çox azlıq təşkil edirlər. Daha çox iki qrup aktivlik nümayiş etdirir. Hər iki qrup iddia edir ki, Abdullah Gül siyasi arenada qalmaq istəyir və bunun üçün də Ərdoğana zaman-zaman müxalif yanaşma sərgiləyir”.
N.Cəfərsoy bildirib ki, daha bir yanaşma da var:
“Bu yanaşma tərəfdarları isə Gülün Ərdoğanla açıq-aşkar qarşı-qarşıya gəlməyəcəyini iddia edirlər”.
Müsahibimiz proseslərin gələcək inkişafını da dəyərləndirib:
“Proseslərin gələcəyi Türkiyədəki siyasi hadislərin gələcək inkişafından çox asılı olacaq. Önümüzdəki dövrdə Gülün fəallaşması ilə yanaşı, ona yönəlik tənqidlərin artması da mümkündür. Hətta Əhməd Davudoğlunun siyasi karyerasına oxşar hadisələr də baş verə bilər. Xatırlayırsınızsa, Davudoğlu da baş nazir olarkən müəyyən məsələlərdə Ərdoğanla tərs düşdü. Onların arasında müəyyən anlaşılmazlıqlar var idi, bunun nəticəsi olaraq Davudoğlu haqqında əvvəlcə AKP-yə, Ərdoğana qarşı çıxmasına, bəzi mənfi işlərin səbəbkarı olmasına dair dosye yayımladı. Daha sonra isə seçkinin qalibi olsa da, onun vəzifədən çıxarılması məsələsi gündəmə gəldi və çıxarıldı. Bu proses önümüzdəki dönəmdə Gül və komandası üçün də keçərli ola bilər. Bu da müəyyən qədər ciddi bir ehtimaldır. Yəni Abdullah Gül fəallaşdıqca onun əleyhinə müəyyən dosyelər, müəyyən fayllar gündəmə gələ bilər”.
N.Cəfərsoy artıq bunun işartılarının gündəmə gəldiyini vurğulayıb:“Tviterdə Ərdoğana yaxın çevrədən Güllə bağlı müəyyən xırda mesajlar gəlir. Amma proseslərin inkişafını Gülün aktivliyi müəyyənləşdirəcək. Gül gərəyindən çox aktivlik göstərməyə, ən azı Ərdoğan üçün ciddi təhdid təşkil etməyə başladığı andan etibarən iki siyasətçi arasında sərt mübahisələrin şahidi ola bilərik. Amma Abdullah Gül daha zəif mesajlar versə, yaxud mesajların sayını və sürəkliliyini azaltsa, ona yönəlik tənqidlər də azalacaq. Düşünürəm ki, qarşıdakı aylarda Gülün fəallığı daha da arta bilər. Çünki gələn il Türkiyədə prezident seçkisi keçiriləcək. Əslində, Türkiyədə prezident seçkisi başlayıb və açıq şəkildə rəqabətə start verilib. Ərdoğanın zaman-zaman verdiyi mesajlar, Dövlət Baxçalının Ərdoğana dəstək bəyanatı, Abdullah Gülün vəziyyətdən narahatlığını ifadə etməsi, Səadət Partiyası liderinin CHP-ni, Böyük Birlik Partiyasını ziyarət etməsi, İyi Partiyanın sədri Maral Akşənərin seçkilərlə bağlı mesajları əslində seçki yarışının başladığını göstərir. Abdullah Güllə Ərdoğan arasında müəyyən mənada gündəmə gələn narahatlığı da prezident seçkilərinə hesablanmış mübahisələrin bir nümunəsi kimi görmək olar”.
Siam.az
Tarix: 10-01-2018, 09:07