“SSRİ-ni bərpa eləmək istəyən Putini zəiflətməliyik”; Amerikanın Kremlə qarşı sanksiyaları Bakıya seçimlə yanaşı fürsət yaradır; Vaşinqton bölgəyə xüsusi qrup göndərir; amerikalı analitiklər: “Azərbaycan sürprizlə üzləşə bilər”, “Qarabağ məsələsi çözülməyincə Ermənistan blokadada qalacaq...”
2017-ci il bitər-bitməz, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya yarımməxfi səfər elədi. Rusiyanın hərbi sənaye kompleksini kurasiya edən və prezident Vladimir Putinin yaxın adamı kimi tanınan Roqozinin Bakı ziyarəti ilə bağlı paylaşdığı fotodan (prezident İlham Əliyevlə görüş əks olunub) belə qənaət hasil oldu ki, səfər, hər halda, uğurlu olub və Moskva hədəfinə çatıb.
Yəni bununla Rusiya rəsmisi anons elədi ki, 2018-ci ildə də tərəflər arasında silah ticarəti davam edəcək - hansı ki, işğalçı tərəfdə növbəti dəfə və haqlı təlaş yaratdı. “Yeni Müsavat” bildirir ki, erməni KİV-ləri Roqozinin son səfərinə xüsusi diqqət ayıraraq, “müttəfiq Rusiya”nın hərəkətlərini növbəti dəfə pislədilər.*****
Azərbaycan sözsüz ki, bu il də özünün müdafiə və hücum qabiliyyətini artırmaq üçün gərəkənləri edəcək. Hərbi büdcəmizin artırılması ən əvvəl bu hədəfə hesablanıb. Silahlanma məsələsində isə Rusiya 2018-ci ildə də yəqin ki, bizim əsas satıcılarımızdan biri olacaq. Hərçənd fevraldan ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin də düşməsi gözlənilir. Bu da, vurğulandığı kimi, Bakı üçün müəyyən suallar, hətta risklər yarada bilər. İşğalçı Ermənistanın isə daha ciddi maneələrlə üzləşəcəyi mümkündür. Çünki Rusiya onun şəriksiz silah tədarükçüsüdür.
Azərbaycan isə Ermənistandan fərqli olaraq, özünün silah tədarükünü çoxdan şaxələndirib. Başqa sözlə, biz maliyyə resurslarımız hesabına modern döyüş sistemlərini başqa ölkələrdən (İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya) da ala bilərik və yəqin ki, elə də olacaq. Demək, Rusiyadan silah asılılığımız azala bilər ki, bu da az önəm daşımır. Ermənistan isə yalnız Rusiyanın əlinə və cibinə baxır, kreditlərinə bel bağlayır. Bu mənada ABŞ-ın yeni sanksiyaları Azərbaycana seçim riski yaratmaqla yanaşı, əslində fürsət də aça bilər.
Əcnəbi ekspertlərin bu xüsusda 2018-ci illə bağlı təxminləri və gözləntiləri maraq doğurur.
*****
“ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Xarici Siyasət Şurasının tanınmış analitiki Stiven Blank söyləyib. “Pis olmazdı əgər bu yolla rus silahlarının Cənubi Qafqaza girişi dayansaydı. O halda, münaqişə tərəflərinin sülhə gəlməsi bəlkə də asanlaşardı”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, baxmayaraq ki, bəzi istisnalar ediləcək, Azərbaycan və Ermənistan kimi Rusiya silahlarının iri alıcıları, hər halda, sürprizlərlə üzləşə bilərlər: “Sanksiyalar hökumətlərə qarşı da tətbiq oluna bilər”.
Analitik Şuranın eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alıcılarına qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzərə almalıdırlar: “Sanksiyalar altında olan şirkətlərlə işbirliyinə girənlər müəyyən nəticələrə də hazır olmalıdırlar”.
Herbstə görə, Kremlin SSRİ-ni bərpa eləmək səyləri də nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyalar qaçılmazdır: “Əgər Putin keçmişi qaytarmaq istəyirsə, o zaman biz də onu zəiflətməli və onun situasiyaya təsir resurslarını məhdudlaşdırmalıylıq”.
Amerikalı analitiklərin qənaətincə, sanksiyalar artıq Rusiya elitasına təsir göstərməkdədir. “Sadə dildə desək, sanksiyalar onları məhv edir” - Stiven Blank hesab edir. Onun sözlərinə görə, Ermənistanın maraqları tələb edir ki, tezliklə Moskvanın pressinqindən çıxsın və hamı ilə bərabər münasibətlər qursun. “Lakin Dağlıq Qarabağ konflikti nizamlanmayınca, bu, baş verməyəcək. Türkiyə də blokadanı götürməyəcək”.
*****
Maraqlıdır ki, bu arada ABŞ-dan Gürcüstana xüsusi qrupun gələcəyi anons edilib. İnformasiyanı “Kviris Palitra” qəzeti yayıb (axar.az). Qəzet xüsusi qrupun ölkədəki təhlükəsizliyin vəziyyəti və onun gücləndirilməsi imkanlarını öyrənəcəyini bildirib. Nəşrə açıqlama verən gürcü hərbi ekspert Mamuka Areşidze ölkənin əsas probleminin hazırda sərhəd məsələsi olduğunu söyləyib.
“Gürcüstanın sərhədinin müdafiə olunmaması əsas problemdir. Bundan əlavə, Gürcüstanda çoxlu təhsil müəssisəsi var ki, burada gürcü təhsil sistemi yayılmayıb. Heç kim bilmir ki, gənclər burada nə təhsili alırlar. Belə situasiya terrorçu qruplar üçün münbit şərait yaradır. Son dövrlər sosial şəbəkələrdən də təhdid yaranıb. Terrorçu ideologiyalar burada aktiv şəkildə yayılırlar. Gürcüstan xüsusi xidmət orqanları bunların hamısı ilə bacarmaq gücündə deyil. Xüsusi qrup təkcə Gürcüstan yox, bütün regionun təhlükəsizliyinin tədqiqatı üçün gələcəyini bildirib”, - o sonda vurğulayıb.
Söhbət şübhəsiz, həm də regionun aparıcı dövləti kimi Azərbaycanın və strateji əhəmiyyətli neft-qaz xətlərinin təhlükəsizliyindən gedir. Yeri gəlmişkən, bu il Azərbaycan (“Şahdəniz-2") qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin mühüm bir hissəsi olan TANAP işə düşəcək. Daha sonra TAP-a birləşəcək bu kəmər qitənin Rusiyadan enerji asılılığının azalmasında mühüm önəm kəsb edən meqa-layihə hesab olunur.
Bunu da əlavə edək ki, ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və koordinatoru səlahiyyətlərini icra edən Syu Saarniyo gələn ay Bakıya səfər edəcək. “Yeni Müsavat”ın məlumatına görə, Departament rəsmisinin bildirib ki, xüsusi elçi Cənub Qaz Dəhlizi Məsləhət Şurasının 4-cü iclasında iştirak edəcək.
Rusiya və NATO generallarının planlaşdırılan görüşü də daxil, bu il Azərbaycanın episentrdə olduğu bir sıra digər mühüm hadisələr də gözlənilir.
Analitik xidmət
Tarix: 10-01-2018, 09:41