Kreml və İrəvan “baharı” - yaz seçkiləri Bakıya nə vəd edir? - Pərdarxası...

Kreml və İrəvan “baharı” - yaz seçkiləri Bakıya nə vəd edir? - Pərdarxası...
Bu ilin mart və aprelində iki ölkədə prezident seçkiləri keçiriləcək. AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Ermənistan parlamenti yeni prezident seçəcək.
Rusiya xalqı isə böyük ehtimalla Vladimir Putinin təzədən prezidentliyini dəstəkləyəcək. Hazırda rus cəmiyyəti Putinə alternativ görmür.
Bu seçkilərdən cəmi 7 ay sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hərçənd seçki ilinin ilk günlərində hər hansı canlanma müşahidə olunmur.

Lakin Ermənistanda və Rusiyad seçkilərin nəticələrinin Azərbaycanın siyasi həyatına ciddi təsiri gözləniləndir. Erməni parlamentinin yeni prezident seçəcəyi ehtimalı var.
Serj Sərkisyan iqtidarından ciddi narazılıq var və hər gün ölkədə mitinqlər keçirilir. Amma İrəvanda seçkinin taleyini parlament yox, Kreml müəyyən edir.
Moskvanın indiki halda Sərkisyanın yerinə alternativi də var. Baş nazir Karen Karapetyanın komandası ilə prezident Serj Sərkisyanın komandası arasında mübarizə gedir.
Hətta baş nazir Karapetyan son açıqlamasında Ermənistandakı qeyri-müəyyən vəziyyətin biznesə mənfi təsir göstərdiyini demişdi.
Seçkilərdən sonra parlamentin Sərkisyanı Karapetyanla əvəzləməsi gözləniləndir. Bu halda Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həllində yeni mərhələ başlaya bilər.
Bu yaxınlarda rus mətbuatında belə bir informasiya yayıldı ki, Putin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidentindən 1 illik möhlət istəyib.
Bu informasiyanın nə dərəcədə doğru olub-olmadığını demək çətindir, amma gələn ilki prezident seçkilərini yola verəndən sonra Qarabağ münaqişəsi ilə bağlı hansısa ciddi addımlar atılacağı istisna olunmur.
2018-ci ildə həm Rusiyada, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
O da məlumdur ki, 2018-ci il, aprelin 2-dən sonra Ermənistanda əsas hakimiyyət baş nazirə keçəcək və prezident Sarkisyan bir çox səlahiyyətlərindən məhrum olacaq.
Adətən Azərbaycan və ya Ermənistanda parlament və ya prezident seçkiləri gözlənilirsə, həmin dövrdə artıq Dağlıq Qarabağla bağlı danışıqlara müəyyən fasilə verilir.
Ona görə ki, Qarabağ məsələsi təkcə bizim üçün deyil, eyni zamanda qonşu ölkə üçün də çox həssas bir mövzudur.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Ermənistanda hansısa güzəştə əsaslanan razılaşmanı həyata keçirmək üçün çox ciddi siyasi imtahanlardan və siyasi gərginliklərdən keçmək lazım olur.
Bu baxımdan seçki prosesi dövründə Qarabağla bağlı hansısa razılaşmanın əldə olunması məsələsi adətən bir-birinə zidd qütbdə dayanır. Ermənistan, Azərbaycan və Rusiyada ciddi seçki prosesləri olacaq.
Rusiyada prezident seçkiləri, Ermənistanda isə siyasi islahat adlanan bir proses başa çatacaq və keçiriləcək parlament seçkilərindən sonra prezidentin səlahiyyətlərinin əksəriyyəti baş nazirə veriləcək.

Sonrakı dönəmlər də isə danışıqlarda Ermənistanı baş nazir təmsil edəcək. Bu isə prezident seçkilərinə bərabər ciddi bir prosesdir.
Eyni zamanda Azərbaycanda da prezident seçkiləri keçiriləcək.Yəni ki, hər üç dövlətdə ciddi proseslər baş verəcək.
“Milli və beynəlxalq Strateji Araşdırmalar Mərkəzi”nin direktoru, siyasi şərhçi Manvel Sarkisianın fikrincə, Yerevandakı seçkilər az da olsa, proseslərə təsir edə bilər.
Sitat: “Bilinmir ki, bundan sonra danışıqları baş nazir, yoxsa, prezident aparacaq. Bilinmir ki, Azərbaycanda prezident dəyişəcək, yoxsa yox. Yeni situasiya yaranır. Bütün bunlar əlbəttə münaqişəyə təsirsiz ötüşməyəcək.
Amma münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin razılaşmasının daha böyük önəmi var. Çünki bu qərarı tərəfdaş ölkələr, maraqlı tərəflər qarşı gedə bilmirlər. Odur ki, Minsk qrupu hansısa razılaşmaya nail olmalıdır”.

Azərbaycan üçün ən pozitiv məqam odur ki, Türkiyə Qarabağ məsələsində aktivləşməyə başlayıb.
Ərdoğan Rusiya prezidenti ilə müzakirələr edib. Həmsədrlər Türkiyədə olub. Türkiyənin - nüfuzlu region ölkənin bu məsələyə qoşulması çox müsbət haldır.
Türkiyənin təsiri ilə Rusiyanın da mövqeyində dəyişiklik ola biləcəyi ehtimalı var., Rusiya hakimiyyətində komanda dəyişə və bu da münaqişənin həllinə Azərbaycanın mövqeyi baxımından müsbət təsir edə bilər.
Ermənistanda yeni idarəetmə sistemi üzrə, ölkə prezidenti, əslində, baş ali komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir.
Silahlı Qüvvələri Hökumətə tabedir və Hökumətin qərarı ilə hərəkətə gətirilir. Təxirəsalınmaz hallarda isə, baş nazir müdafiə nazirinin təklifi ilə qərar qəbul edir və dərhal Hökumət üzvlərinə məlumat verir.
AnaXeber.Az
Tarix: 10-01-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti