Deputat Qüdrət Həsənquliyev:"Sərvətlər mənimsənir, əhalinin böyük qismi kasıb yaşayırsa, bunun işğalçılıqdan fərqi yoxdur" - MÜSAHİBƏ

Deputat Qüdrət Həsənquliyev:"Sərvətlər mənimsənir, əhalinin böyük qismi kasıb yaşayırsa, bunun işğalçılıqdan fərqi yoxdur" - MÜSAHİBƏ
Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev İranda baş verən son hadisələrlə bağlı Ovqat.com saytına maraqlı müsahibə verib.
Siam.az həmin müsahibəni öz oxucularına təqdim edir:



– Qüdrət bəy, partiyanızın adından da göründüyü kimi, qarşıya qoyduğunuz hədəflər arasında Cənub məsələsi də var. Son zamanlar İranda baş verən gərginliklər barədə nə deyə bilərsiniz? Perspektivdə bütöv Azərbaycan görünürmü?


– Son məlumatlara görə, orada vəziyyət artıq stabilləşib. Amma baş verənlər onu göstərdi ki, İranda ciddi islahatlar aparılmalıdır. Əks halda, növbəti aksiyalar daha kütləvi olacaq və ciddi siyasi nəticələr doğuracaq. Hətta ola bilər ki, İranda bəzi demokratik ənənələrin yoxluğu bu ölkəyə xarici müdaxilə ilə nəticələnsin, İranı Suriyanın və ya Liviyanın vəziyyətinə gətirib çıxarsın. Bu da qətiyyən bizi qane etmir, həm də o baxımdan ki, İranda bizim 30 milyona yaxın soydaşımız yaşayır və bu ölkə bizim yaxın qonşumuzdur. Buna görə də hər bir azərbaycanlı İranda baş verənləri diqqətlə izləyir.

Həm dövlət olaraq, həm də cəmiyyət olaraq çox arzu edirik ki, İran demokratik bir ölkəyə çevrilsin, qanunun aliliyi bu ölkədə təmin olunsun, bəşəri dəyərlər bərqərar olsun. Belə olacağı təqdirdə, İrandakı azərbaycanlılar da öz milli haqlarını ala, muxtar dövlətlərini qura bilərlər. Bütün bu proseslərdə, təbii ki, əsas sözü Cənubdakı azərbaycanlılar deyəcəklər. Bizim buradan onlara məsləhət verməyimiz düzgün deyil. Azərbaycanlıların 4/3-ü Cənubda yaşayır. Bizim sadəcə baş verənlərlə bağlı fikir bildirmək haqqımız var. Hesab edirəm ki, azərbaycanlılar orda təşkilatlanmalı, demokratikləşmə prosesində aktiv iştirak etməlidirlər. Yalnız demokratikləşmə nəticəsində Cənubi azərbaycanlılar qansız, dinc yolla öz milli hədəflərinə çata bilərlər.

Çox təəssüflə onu da vurğulamaq istəyirəm ki, İrandakı farslar azərbaycanlılardan sosial inkişaf səviyyəsinə görə daha üstün mövqedədirlər. Ona görə də azərbaycanlılar çalışmalıdırlar ki, farslarla birlikdə demokratikləşmə prosesinə qoşulsunlar.

– Mətbuatda İrandakı proseslər barədə müxtəlif şərhlər verilir. Proseslərin arxasında rejimdaxili qüvvələrin mövcudluğu da istisna edilmir. Elədirsə, azərbaycanlılar niyə öz davaları olmayan prosesdə yer alsınlar?

– Mətbuatda çox şərhlər verilir. Prosesin arxasında gah xarici qüvvələrin, gah fars millətçilərinin, gah separatçıların, gah da dini mühafizəkar qanadın dayandığı iddia olunur. Mənim fikrimcə isə, İran vətəndaşları dövlət strukturlarında çalışan məmurların korrupsiya əməllərinə, dövlət vəsaitini talamasına, xarici avantüralara milyardlar xərcləyib, öz əhalisinin sosial probleminə laqeyd qalmasına qarşı çıxırlar və bunu normal qəbul etmək lazımdır. Bu demokratik etirazlara hansısa adlar verib, etirazçıları repressiyaya məruz qoymağa ehtiyac yoxdur.

Cənubi azərbaycanlılara gəlincə, onlar da İran vətəndaşlarıdırlar və İranın demokratikləşməsi üçün digər xalqlarla bərabər mübarizə aparmalıdırlar. Unudulmamalıdır ki, siyasət mümkün olanı əldə etmək bacarığıdır. Mövcud reallığı nəzərə almadan isə onu dəyişdirmək mümkün deyil. Nəyi əldə etmək olarsa, onu reallaşdırmağa çalışmaq lazımdır. Tutaq ki, ilkin mərhələdə Azərbaycan diliylə bağlı müəyyən nəticələr əldə etmək mümkün ola bilər. Növbəti mərhələdə muxtar dövlətçilik uğrunda çalışmaq lazımdır.

Ümumiyyətlə, hər şeyi birdən əldə etmək çox zaman mümkün olmur. Real siyasət qarşısına maksimalist idayalardan daha çox, mərhələli hədəflər qoyur. Bir çox məsələləri, hədəfləri proseslərin gedişi müəyyənləşdirir. Mümkündür ki, İranda gedən bu proseslər müəyyən federativ və konfederativ dövlətçilik formalarının yaradılmasına gətirib çıxarsın. Amma nə əldə olunursa olunsun, dinc yolla həyata keçirilməlidir. Qanlı yolla, qiyamlarla nəticəyə doğru getmək bütün tərəflərə bədbəxtliklər gətirə bilər.

Onu da vurğulamaq yerinə düşər ki, hər bir xalqın birləşmək hüququ var. Azərbaycan türkləri də, mən əminəm ki, gec-tez birlikdə olacaqlar. Necə olacaq, nə zaman olacaq, bunu proseslərin gedişatı göstərəcək. Biz də çalışmalıyıq ki, dünya birliyi də, farslar da Azərbaycan xalqının bu haqqını tanısın. Bəlkə, İrandakı soydaşlarımız farslarla bir yerdə olmağa üstünlük verdilər? Bu, oradakı insanların verəcəkləri qərardan asılı olacaq. Gələcəkdə elə bir vəziyyət yarana bilər ki, Şimali Azərbaycan da elə həmin birliyə daxil olar. Deyək ki, konfederativ bir ittifaq yaranarsa, bu ehtimal da mümkündür.

Təbii ki, bu, gələcəyin işidir. Mən praktik siyasətlə məşğul olan bir insan kimi, deyirəm: bu gün əsas məsələ ondan ibarət olmalıdır ki, soydaşlarımız da, farslar da, İranın digər etnik topluluqları da bu prosesi mümkün olduğu qədər qan-qadasız başa vursunlar, birgə hərəkət etsinlər və zorakılıqlardan uzaq dayansınlar.

– Qüdrət bəy, İranda maraqlı hadisələr yaşandı. Bir tərəfdən, İran prezidenti insanların etiraz haqqının olduğunu bildirdi, digər tərəfdən isə ölkənin hüquq-mühafizə orqanları iğtişaş törədənləri ən ağır şəkildə cəzalandıracaqlarını açıqladılar. Sanki ölkə əhalisi bir tərəfdən etiraza təşviq edilir, bir tərəfdən isə sərt cəzalandırılır. Bu qeyri-adiliyi necə izah etmək olar?

– Bəli, proseslərdə yeganə ümidverici məqam ondan ibarətdir ki, İran prezidenti insanların etiraz etmək hüququnu tanıdı. Amma bu dinc aksiyaları həqiqətən də təxribatlarla başqa istiqamətlərə yönləndirmək istəyənlər də var. Əlbəttə, bu təxribatların kimlər tərəfindən törədildiyi ciddi araşdırılmalı və həmin qruplar cəzalandırılmalıdır. O başqa məsələdir ki, həmin iğtişaşlar etirazçıları repressiyaya məruz qoymaq bəhanəsi əldə etmək üçün dövlət orqanları tərəfindən də təşkil oluna bilər. Yaxud xarici qüvvələrin də bu iğtişaşda barmağı ola biləcəyini istisna etmək olmaz. Ümid etmək istərdik ki, bu kimi məsələlər obyektiv araşdırılacaq və sui-istifadəyə yol verilməyəcək.

-Vaxtilə Məmməd Əmin Rəsulzadə Cənubi Azərbaycanla bizi müqayisə edərək deyirdi ki, soydaşlarımızın bizdən fərqli olaraq, siyasi hüquqları var, amma mədəni hüquqları yoxdur və Cənubda başlanması gözlənilən islahatlarda Azərbaycan türkləri mədəni hüquqlarını alsalar, problemləri öz həllini tapa bilər. Açığı, sizin də düşüncələriniz bu fikirlərlə bənzərdir. Siz soydaşlarımızın hansı mədəni hüquqlar əldə etməsini arzulardınız?

– Bayaq öz fikirlərimdə bu məsələyə aydınlıq gətirdim. Başlıca tələblərdən biri Azərbaycan dilli məktəblərin, universitetlərin, öz dilimizdə kütləvi informasiya vasitələrinin yaradılmasıdır. Gələcəkdə Azərbaycan dili İranın ikinci dövlət dilinə çevrilə bilər. Farslar da mədəni millət kimi, soydaşlarımızın bu hüququnu tanımalıdırlar. Bu, həm də İran-Türkiyə-Azərbaycan arasında müttəfiqlik əlaqələrini möhkəmlədə və regional təhlükələri aradan qaldıra bilər. Farslar da başa düşməlidirlər ki, Azərbaycanın xalqının bu haqqı verilməsə, birgə yaşayış mümkünsüz olacaq.

Bunun ən gözəl örnəyi 19-cu əsrdə ruslar tərəfindən sərgiləndi. Rusların sosial inkişaf indeksi farslardan üstün olduğundan Avropa dəyərlərini daha çox mənimsəmiş millət kimi bizə öz dilimizdə məktəblər açmağa imkan verdilər. Hətta bu cür məktəbləri özləri yaratdılar. Öz müsiqimizi inkişaf etdirməyimizə, Avropa standartlarına uyğun mədəniyyət nümunələri yaratmağımıza mane olmadılar. Əksinə, buna şərait yaratdılar, əhalinin maariflənməsinə kömək etdilər. Baxmayaraq ki, milli-mənəvi ənənələr baxımından iki fərqli mədəniyyət sahələrinə aid xalqlar idik. Yaxud ingilislər ruslardan daha inkişaf etmiş millət olduğundan öz koloniyalarının milli dəyərlərinə daha hörmətlə yanaşdılar. Onların qısa müddətdə sürətli inkişafına təkan verdilər. Farslar sahib olduqları mədəniyyət və ortaq tarix, tale baxımından Azərbaycan türklərinə ruslardan, yaxud öz koloniyalarıyla müqayisədə ingilislərdən daha yaxındırlar. Eyni mədəniyyətin mənsubları kimi, onlar Azərbaycan türklərinin maddi-mənəvi irsinə və sosial inkişafına daha hörmətlə yanaşa bilərlər, bunu etməlidirlər də. Düşünürəm ki, əvvəl-axır belə də olacaq. Bir sözlə, İranın demokratikləşməsi labüddür. Bu prosesi yubatmaq olar, amma qarşısını kəsmək mümkün deyil.

– Sanki İranda iki qüvvə var: biri mühafizəkar, digəri isə mütərəqqi İranı təmsil edir. Mübarizə də bu iki İran arasında gedir. Amma hər iki qütbün də Azərbaycan məsələsinə baxışlarında ciddi fərq yoxdur. Ruhani hakimiyyətə gələndə seçicilərə milli məktəblərin açılması ilə əlaqədar verdiyi vədini yerinə yetirmədi. Bəlkə, azərbaycanlılar məhz bu səbəbə görə demokratikləşmə prosesinin onların həyatında ciddi dəyişikliklərə səbəb olmayacağını düşünür və prosesdə aktiv rol oynamırlar?

– İrandakı siyasi elita arasında haçalanma yaransa da, onların ortaq strateji hədəfləri var. Bu hədəfləri müəyyənləşdirən isə oturuşmuş siyasi ənənələrdir. Həm Ruhani hökuməti, həm də mövcud dini avtoritarizm eyni şineldən çıxıblar. Ruhani də İran İslam İnqilabının əsas fiqurlarından olub. Onların bir sıra məsələlərə eyni aspektdən baxması normaldır. Əgər indiki teokratik rejimə təhlükə yaranarsa, onlar, sözsüz ki, birləşəcəklər. Ölkənin bütün silahlı qüvvələri də teokratik rejimin əlindədir və onların insanlara zor tətbiq etməsi ehtimalı da yüksəkdir. Bütün bunlar ciddi şəkildə nəzərə alınmalıdır.

Digər tərəfdən, hakim elitanın mötədil, yaxud radikal qanada mənsubiyyətindən asılı olmayaraq, hamısı korrupsiyaya bulaşıb. Proseslərin nəzarətdən çıxması ehtimalında hər iki tərəfin təhlükə hiss etdiyi anda instinktual olaraq birləşməsi qaçılmazdır. Yəni siyasi elita arasında bu amil də birləşdirici rol oynayır. Hər iki tərəf fikirləşir ki, etiraz aksiyaları öz hədəfinə çatsa, ən azı həm hakimiyyətlərini, həm də var-dövlətlərini itirəcəklər.

Bununla belə, elə proseslər var ki, hadisələrin gedişindən asılı olmayaraq reallaşır. İran demokratikləşəcəksə, istər-istəməz, ölkə əhalisini formalaşdıran xalqların milli haqları gündəmə gələcək və qəbul ediləcək. Amma siyasi elita başa düşsə ki, dəyişikliklər qaçılmazdır və proseslər dinc yolla getsə, bu, siyasi elitanın da maraqlarına uyğundur, onlar özləri də prosesləri dəstəkləyə bilərlər.

– Bizim Şimali Azərbaycanın proseslərə laqeydliyini nə cür qiymətləndirirsiniz? Məlumdur ki, dünyanın bir çox ölkələri ən yüksək səviyyədə öz mövqelərini açıqladılar. Bizdə isə XİN-nin hansısa sözçüsü tərəfindən münasibət bildirildi…

– Düşünürəm ki, bu məsələdə Azərbaycan hakimiyyətinin yanaşması doğrudur. Bilirsiniz ki, bizim Qarabağ probelmimiz var və İran bu məsələdən bizim əleyhimizə zaman-zaman siyasi basqı kimi istifadə edir. Çünki yanlış olaraq bizi öz bütövlüyünə təhlükə kimi görür. Təsadüfi deyil ki, Laricani bu yaxınlarda hətta Ermənistanı sülhpərvər mövqeyinə görə tərifləmişdi də. Azərbaycan isə çalışır ki, Ermənistan istisna olmaqla, digər qonşularıyla maksimum dərəcədə mehriban münasibətlər qursun, o dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşsın, daxili işlərinə qarışmasın. Baxmayaraq ki, beynəlxalq hüquqa görə, insan haqları heç bir dövlətin daxili işi deyil; dövlətlər BMT-nin üzvü kimi öz üzərlərinə müəyyən öhdəliklər götürüblər və insan haqlarına hörmət də bu öhdəliklərdəndir. Digər dövlətlər başqa bir dövlətdə bu öhdəliklərin pozulması hallarıyla qarşılaşanda, təbii ki, buna münasibət bildirə bilərlər və hətta borcludurlar. Amma Azərbaycan öz qonşusunda baş verən bu cür təhlükəli proseslərə ehtiyatla yanaşır və təmkinli siyasət yürüdür. Azərbaycan Xarici İşlər Nazirliyi də İrandakı proseslərlə bağlı açıqlama verdi və proseslərin dinc yolla tənzimlənməsini tövsiyyə etdi. Məncə, bu, yetərli münasibət idi. Ona görə ki, İran Azərbaycana qarşı öz dostluq çərçivəsinə sığmayan siyasətini pərdələmək üçün onsuz da bəhanə axtarır. Məsələn, bizə mütəmadi olaraq deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz isə başa sala bilmirik (daha doğrusu, onlar başa düşmək istəmirlər) ki, bizim torpaqlarımız işğal altındadır və İsraillə əməkdaşlıq edərək, ona neftimizi satır, silah alır, məhkum olunduğumuz müharibədə ərazi bütövlüyümüzü bərpa etməyə çalışırıq. Amma İran bizim torpaqları işğal edən Ermənistanı niyə dəstəkləyir? İranın ki, Ermənistandan heç bir asılacağı yoxdur. Onunla hərbi, iqtisadi əməkdaşlıq hansı zərurətdən qaynaqlanır?

– Niyə bu əməkdaşlığı edir, sizcə?

– Sırf Azərbaycanı qıcıqlandırmaq, Ermənistanın ayaq üstündə durmasına yardım göstərməklə münaqişənin davamlığını təmin etmək, bizi uzunmüddətli problemlərlə üz-üzə qoymaq üçün – yeganə məqsədi budur. Fikirləşir ki, belə olarsa, hər iki münaqişə tərəfi İrandan asılı vəziyyətdə qalar və problemlər içərisində çırpınan Azərbaycan cənublu soydaşları üçün cəlbediciliyini itirər. Halbuki, azərbaycanlıların sevgisini qazanmaqla İran Azərbaycan və Türkiyə ilə daha ciddi əməkdaşlıq etmək fürsəti qazana bilər və bütövlüyünu qoruyar.

Bu yaxınlarda İran səfiri məni bir tədbirə dəvət etmişdi, mən də bu fikirlərimi orda iştirak edən İran diplomatlarına çatdırdım. Dedim ki, siz Qarabağ probleminin həllinə öz töhfənizi verməklə azərbaycanlıların könlünü fəth edə bilərsiniz. Əks halda, Ermənistana dəstək verməklə, azərbaycanlılar bunu üzünüzə deməsələr də, sizi düşmən dövlətin müttəfiqi kimi görəcəklər və heç vaxt burda nüfuz sahibi olmayacaqsınız.

İranın Qarabağ siyasəti təkcə Şimali Azərbaycana yox, həm də Cənubi Azərbaycana hörmətsizlikdir. Çünki Qarabağ həm də İran ərazisində yaşayan cənublu soydaşlarımızın torpağıdır. Belə davam edəcəyi təqdirdə azərbaycanlılarla farsların birgə yaşayışı mümkün deyil.

– Bayaq dediniz ki, Azərbaycan İsraillə əməkdaşlığa, mehriban münasibətlər qurmağa məhkumdur. Amma bu yaxınlarda Qüds məsələsində Azərbaycan hakimiyyəti Təl-Əvivin acığına səbəb olacaq mövqe sərgilədi. Söhbət Trampın məlum qərarına həm BMT-də, həm də İslam Əməkdaşlıq Təşkilatında qarşı çıxmaqdan gedir. Sizcə, bu addımlar yaxın münasibərlərə kölgə sala bilərmi?

– Biz dünya birliyinin mövqeyindən fərqli bir yanaşma ortaya qoymadıq ki. Trampın bu qərarını, demək olar ki, dünyanın bütün ölkələri qınadı. Elə fundamental məsələlər var ki, iqtisadi əməkdaşlığa qurban verilə bilməz. Məsələn, biz Rusiya ilə yaxın münasibətlərdəyik. Amma bu o demək deyil ki, Rusiyanın Ukraynanın və Gürcüstanın bəzi torpaqlarını ilhaqını dəstəkləyə bilərik. Azərbaycanın Dağlıq Qarabağ problemi var və istənilən ilhaq hadisəsinə qarşı çıxmalıdır və çıxır da. Hesab edirəm ki, İsrail də bunun fərqindədir. Başa düşür ki, Azərbaycan bu mövqeyi tutmalıdır. Biz BMT TŞ-nın Qarabağla bağlı çıxardığı qətnamələrin şərtlərinin yerinə yetirilməsini tələb etdiyimiz və bütün dünyadan bu istiqamətdə konkret mövqe gözlədiyimiz halda, Qüdsün ilhaqına müsbət yanaşa bilməzdik.

Üstəlik, Azərbaycan islam dünyasının bir hissəsidir. Biz İsraillə müəyyən məsələlərdə əməkdaşlıq edirik deyə, onun bütün yanlış qərarlarını dəstəkləməli deyilik.

Amma yenə də deyirəm, bu etirazlar elə səviyyədə olmalıdır ki, münasibətləri zədələməsin. İsrail dünyada sözü eşidilən bir dövlətdir, dünyanın bir çox yerlərində yəhudi diaspoarasının güclü siyasi dayaqları var və Azərbaycan bu qüvvəylə əməkdaşlıqdan çəkinməməlidir. Hətta bəzən atdığımız addımlar qonşu müsəlman dövlətləri qıcıqlandırsa belə, doğru bildiyimiz istiqamətdə hərəkət etməliyik.

– Qüdrət bəy, bayaq dediniz ki, İran Qarabağ probleminin uzadılmasında ona görə maraqlıdır ki, Şimali Azərbaycan cənublu soydaşları üçün cəlbediciliyini itirsin. Necə hesab edirsiniz; biz güneylilər üçün model-dövlət olacaq xarakterdəyikmi? Yəni güneylilər bizim kimi müstəqil olmağı arzulayarlarmı?

– Çətin sual verirsiniz. Bəlkə, model-dövlət cənubda qurulacaq, biz də gedib onlara birləşəcəyik? Hər halda bu suallara zaman cavab verəcək. Nəyin xətrinə olursa olsun, müstəqil dövlət qurmaq ideyasını qəbul etmirəm. Gənclik illərində düşünürdük ki, təki dövlətimiz müstəqil olsun, bizi öz dövlətimiz həbs etsin, döysün. Sonradan gördük ki, bizim öz dəyənəklərimiz adamı daha çox incidir. Ona görə ki, işğalçıdan hər şey gözləyirsən, özününkündən isə yox.

İkincisi, bayaq dediyim mədəni səviyyə ilə bağlıdır. Adətən, mədəni səviyyəsi daha yüksək olan toplumlar daha az inkişaf etmiş müstəmləkə xalqlarına münasibətdə yerli və milli qolçomaqlardan daha mülayim olurlar. Məsələn, bir anlıq düşünün ki, bəzi Şimali Qafqaz xalqları rus müstəmləkəçiliyindən qurtulub öz yerli despotlarının əsarətinə düşüblər. Onların hansı haqsızlıqlarla üzləşəcəyini təsəvvür etmək belə çətindir. İndi heç olmasa ordakı insanlar haqsızlıqla üzləşəndə Moskvaya şikayət edə bilirlər. Ruslar yerli despotlardan daha mədəni olduqlarına görə, problemlərin müsbət həllinə çalışırlar. Sabah isə yerli xalqların bu imkanları da qalmaya bilər. Elə vəziyyət yaranar ki, insanları fərqli düşüncələrinə və kiçik etirazlarına görə elektrik dirəklərindən asa bilərlər. Ona görə də daha mədəni xalqların əsarətində qalmaq bir çox hallarda müstəlillikdən daha effektlidir. Bir anlığa Türkmənistanı göz önünə gətirin. Məncə, qurulacaq bütün dövlətlərin ideya mərkəzində, hədəflərində “öncə müstəqillik” düşüncəsindən çox, “öncə insan” prinsipi dayanmalıdır.

Üçüncüsü, elə rejimlər yaradılmalıdır ki, xalqların sərvətləri, milli gəlirləri maksimum səviyyədə ədalətli bölünsün. Necə deyərlər, bir şəxs qanunsuz həbs edilirsə, hüquqları pozulursa, yaxud uşaq evdə acdırsa, onu rusun, farsın, yaxud azərbaycanlının həbs etməsinin və ya ac saxlamasının heç bir fərqi yoxdur.

Buna görə deyirəm ki, nə olursa olsun, hadisələr təkamül prosesindən keçsin, insanların mədəni səviyyəsi artsın. Cəmiyyətlər demokratikləşsin və insanlar öz mədəni hüquqlarını alsınlar. Yalnız bundan sonra öz müstəqilliklərini qazanan xalqlar xoşbəxt ola bilərlər. Ümumiyyətlə, millətlər tarix boyu ona görə müstəqilliyə can atıblar ki, özlərinin istismar olunduğunu görüblər. Müstəqilləşəndən sonra sərvətlərinin özlərinə qalacağını, uşaqlarının daha xoşbəxt yaşayacaqlarını, başqaları tərəfindən aşağılanmayacaqlarını arzulayıblar. Bunun üçün ölümü göz önünə alıblar. Əgər müstəqilləşib daha pis vəziyyətə düşəcəklərini bilsələr, bu mübarizəyə girişməzlər. Ona görə də biz partiya olaraq rəsmi açıqlamamızda qeyd etmişdik ki, əgər İrandakı proseslər daha qəddar rejimlərin ortaya çıxmasına səbəb olacaqsa, belə mübarizəni arzulamırıq. Milli dövlətlər ona görə mövcuddur ki, vətəndaşlarını istismardan qorusun. Yox, yenə kimlərsə milli sərvətləri mənimsəyəcəksə, əhalinin böyük qismi kasib yaşayayacaqsa, bunun işğalçılıqdan heç bir fərqi olmayacaq. Yadelli istismar yerli istismarla əvəz olunacaqsa, daha amansız rejimlər qurulacaqsa, belə müstəqillik heç kimə lazım deyil.



Söhbətləşdi: Heydər Oğuz
Tarix: 10-01-2018, 14:31
Xəbəri paylaş





Xəbər lenti