Amerika səfirliyi müxalifəti “arxa plana” atıb – YAP da reaksiya verdi

Amerika səfirliyi müxalifəti “arxa plana” atıb – YAP da reaksiya verdi
Adətən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi siyasi partiyalarla mütəmadi olaraq görüşlər keçirirdi. Lakin son zamanlar bu görüşlərin səngidiyi müşahidə edilir. Yalnız Amerika səfirliyi deyil, digər ölkələrin Azərbaycandakı nümayəndəlikləri də bu istiqamətdə aktiv deyil.

Maraqlıdır, görüşlər nə üçün səngiyib?

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, bu məsələ bir qədər həssaslıq tələb edir:

“Siyasi partiya hakimiyyətə real iddia edən yeganə ictimai təşkilatdır. Əgər siyasi təşkilat qarşısına qoyduğu məsələlərin həlli ilə bağlı cəmiyyətlə deyil, hansısa xarici ölkənin səfirliyi ilə məsləhətləşmələr keçirirsə, artıq həmin təşkilatın müstəqilliyinə, onun doğurdan da Azərbaycanın milli maraqlarını müdafiə edəcəyinə bir qədər şübhə yaranır. Bu baxımdan biz siyasi partiyaların fəaliyyətini cəmiyyətin maraqları üçün və cəmiyyətlə münasibətlər üzərində qurmasının tərəfdarıyıq. Bu, Yeni Azərbaycan Partiyasının düşüncəsidir. Düzdür, xarici ölkə səfirliyi YAP rəhbərliyi ilə görüşmək istəyərsə, biz onu ancaq partiyanın iqamətgahında keçirə bilərik. Ölkə daxili məsələləri deyil, ancaq beynəlxalq aləmdə gedən prosesləri müzakirə edərik”.

Deputat qeyd edib ki, ölkə daxili məsələlər ancaq Azərbaycan cəmiyyəti ilə müzakirə edilə, vətəndaşlarımızın mövqeyi əsas götürülə bilər:

“Hansısa siyasi partiyanın vaxtaşırı ölkə daxili məsələləri xarici ölkə səfirlikləri ilə müzakirə etməsini təqdir etmirik. Bu, narahatlıq doğuran məsələdir. Səfirliklərlə görüş ancaq iki ölkə arasındakı münasibətin yaxşılaşması, yaxud hansısa beynəlxalq məsələ ilə bağlı müzakirə keçirməyi məqsədəuyğun hesab edirəm. Hər bir siyasi partiya özfəaliyyətini müstəqil şəkildə qurmalı və Azərbaycan qanunlarını əsas götürməlidir”.

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli bildirib ki, partiyalar Amerika səfirliyinin müxtəlif tədbirlərinə mütəmadi olaraq dəvətlər alır:

“Sadəcə dekabrın ortalarında bütün dünyada iş rejimi bir az fərqli olur. Bayramla əlaqədar olaraq səfirliyin əksər işçiləri öz ölkələrinə qayıdırlar. Bu nöqteyi-nəzərdən dekabrın ortalarından bu məsələdə müəyyən susqunluq var. Amma bundan əvvəl Amerika səfirliyi ilə mütəmadi görüşlərimiz olub. Lakin biz digər siyasi təşkilatlardan fərqli olaraq səfirliklə görüşlər haqqında saytımız vasitəsilə məlumat verməyi lüzum görmürük. Çünki bu, siyasi təşkilatların rutin işidir. Bununla bağlı ard-arda məlumatların verilməsi də doğru deyil. Sonuncu dəfə dekabrın ortaların da Amerika səfirliyinin iqamətgahında səfirlə görüşümüz oldu. Ölkədəki iqtisadi vəziyyət, 2017-nin yekunları, 2018-ci il gözləntiləri ilə bağlı ümumi fikir mübadiləsi apardıq. Görüş haqqında sosial şəbəkələrdə də informasiya vermişdim. Yəni ümumilikdə Amerika səfirliyi ilə siyasi partiyaların görüşü ötən illərə nisbətən kəskin səngiyib demək olmaz”.

N.Cəfərli digər ölkə səfirliklərinin siyasi partiyalarla görüşündən də söz açıb:

“Əsasən Amerika səfirliyi iqtisadi, siyasi məsələlərlə bağlı siyasi partiyalarla görüşdə maraqlıdır. Eyni zamanda İngiltərə, Fransa, Hollandiya səfirliyi, Avropa Birliyi nümayəndəliyi də bu istiqamətdə daha aktivdirlər və müzakirələrə daha maraqlıdırlar. REAL da açıq siyasi təşkilatdır. Təşkilat olaraq ölkənin durumu ilə bağlı ictimai fikirlərimizi həmin görüşlərdə də səsləndiririk. Bununla bağlı heç bir kompleksimiz yoxdur. Çox təəssüf ki, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu tip görüşlərə maraq göstərsələr də, müxalif düşüncəli insanların fikirlərini öyrənməyə cəhd göstərsə də, bunu hökumət haqqında demək mümkün deyil. Azərbaycan hökuməti müxalif düşüncəli insanların baxışını öyrənmək istəmir. Bu da hökumətin mənfi cəhətlərindən biridir. 2018 seçki ili olduğu üçün təmasların görüş intensivliyinin artma ehtimalı da yüksəkdir”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı düşünür ki, siyasi partiyaların Amerika səfirliyi ilə görüşləri səngiməyib:

“Amerika səfirliyi həmişə siyasi partiyalarla, eyni zamanda Müsavat Partiyasının rəhbəri ilə görüşür, tədbirlərinə dəvət edir. Bu səbəbdən xüsusi olaraq səngimə müşahidə etmirəm. Bu günlərdə Amerika səfirliyində Müsavat Partiyasının başqanı və başqa müavininin görüşü müəyyənləşdirilib. Bəzən bir ayda iki-üç dəfə, bəzən isə iki aydan bir görüş olur. 2018- ci il seçki ilidir. Düzdür, seçkilərə hələ bir müddət var. Amma ola bilər ki, bununla bağlı da səfirliklə müəyyən görüşlər baş tutsun. Lakin bu hələ zamanın işidir”.

G.Aslanlı deyib ki, digər ölkələrin səfirliyi siyasi partiyalarla görüşdə həmişə olduğu kimi müəyyən qədər passivdirlər:

“Amma yenə də Fransa, İngiltərə, Hollandiya və Azərbaycanda fəaliyyət göstərən digər Avropa ölkələrinin səfirliklərinin nümayəndələri ilə Müsavat Partiyasının görüşləri olub, olur və yenə də olacaq. Sadəcə dinamiklik nöqteyi-nəzərdən həmin səfirliklər Amerika səfirliyindən bir qədər geri qalır”.
Tarix: 11-01-2018, 09:52
Xəbəri paylaş





Xəbər lenti