Kremlin “Qərb Krımı Rusiya ərazisi kimi tanıya bilər” blefi
Politoloq: “Rusiyaya qarşı sanksiyaların səbəblərinin əsasını Krımın ilhaqı təşkil edir”
“Krımın nəinki Qərb dövlətləri, hətta Rusiyanın nüfuz dairəsinə daxil olan bəzi MDB respublikaları tərəfindən tanınması real deyil”. Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.
Xəbər verildiyi kimi, Qərbin bəzi dairələri Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması ssenarisini nəzərdən keçirməyə başlayıblar. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Krımdakı rəsmi nümayəndəsi Georgi Muradov söyləyib. Onun sözlərinə görə, bu qruplar Rusiya üzərində sanksiyaların götürülməsi məsələsini də diqqətdə saxlayırlar. Ukrayna ərazisi olan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfində ilhaq olunub.
E.Mirzəbəyli isə hesab edir ki, G.Muradovun “Krımın tanına biləcəyi” ilə bağlı fikirləri Rusiyanın və Krımda yaşayan əhalinin ictimai rəyinə hesablanmış təbliğat və təsəlli xarakterli mülahizələrdir: “Məsələ burasındadır ki, BMT Baş Assambleyası 2014-cü ildə Krımın Rusiyaya birləşməsi ilə bağlı referendumun qərarını qeyri-qanuni elan edib. Baş Assambleyanın qərarının əleyhinə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Sudan, Zimbabve, Venesuela və Nikaraqua səs verib. Göründüyü kimi, təqdim etdiyim siyahıda nəinki Qərb dövlətlərinin, hətta normal, sivil bir ölkənin belə adı yoxdur. Ermənistan və Belarus BMT Baş Assambleyasında Rusiyanın mövqeyini dəstəkləsələr də, Krımı Rusiyanın subyekti kimi qəbul etmirlər. Yəni Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər”. Digər tərəfdən, E.Mirzəbəyli xatırlatdı ki, Rusiyaya qarşı sanksiyaların səbəblərinin əsasını Krımın ilhaqı təşkil edir: “Bu sanksiyalar isə getdikcə artır.
Yəni səbəb aradan qalxmayana qədər bu sanksiyalar davam edəcək. Məsələ burasındadır ki, Rusiya Krımı ilham etməklə BMT nizamnaməsinin müvafiq müddəaları ilə yanaşı, 1994-cü ildə imzalanmış və Ukraynanın ərazi bütövlüyünə təminat verən Budapeşt Bəyannaməsini, Ukrayna ilə Rusiya arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişi və digər ikitərəfli müqavilələrin tələblərini pozub. BMT Baş Assambleyasının qətnaməsində və Rusiyaya qarşı Krımın ilhaqı ilə bağlı tətbiq olunan sanksiyalar siyahısının preambulasında, eləcə də digər beynəlxalq təşkilatların qərarlarında sadaladığım sənədlərə istinad olunur. Bu isə o anlama gəlir ki, Krım hüquqi baxımdan heç vaxt Rusiyanın ərazisi hesab olunmayacaq”.
Bu mənada politoloq qeyd etdi ki, Qərbin Krım məsələsinə münasibətinin dəyişməyəcəyinə əmin olduğu üçün bu məsələnin Qarabağ məsələsi üçün presedent ola biləcəyini də güman etmir.
ELŞAD
Tarix: 12-01-2018, 09:22