Müxalifət neftin bahalaşmasına sevinir, yoxsa...

Müxalifət neftin bahalaşmasına sevinir, yoxsa...
İqbal Ağazadə: “Hesab etmirəm ki, neft bahalaşanda demokratiya olmayacaq, ucuzlaşanda olacaq”
Mirmahmud Mirəlioğlu: “Neftlə demokratiyanı müqayisə etmək də bir qədər təzadlı görünür”
Sərdar Cəlaloğlu: “Neft ucuzlaşanda xalqın həyat səviyyəsi aşağı düşür”


Neftin dünya bazarındakı qiyməti artmaqda davam edir. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 69,28 dollara yüksəlib. 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara qalxıb.

Bu artım iqtisadiyyatı neftdən asılı olan ölkələri, o cümlədən Azərbaycanı sevindirir. Lakin ölkəmizdə müəyyən bir kəsim də var ki, neftin bahalaşmasından narahatlıq keçirir. Müxalif düşərgədən olan bu insanların düşüncəsi belədir ki, neft gəlirlərinin çox olduğu dövrdə ölkədə demokratiya zəifləyir, hakimiyyətin mövqeyi güclənir, müxalifətin hakimiyyətə gəlmək imkanları zəifləyir və islahatlar prosesi dayanır. Lakin son 3 ildə neftin ucuzlaşması onu göstərdi ki, ölkənin gəlirlərini azalması nəinki demokratiya apardı, əksinə əhalinin dolanışıq səviyyəsinə olduqca mənfi təsir etdi. Böhranın əsas ağırlığı xalqın üzərinə düşdü. Bəs görəsən bu dəfə neftin qiymətinin artmasını müxalifət liderləri necə dəyərləndirirlər?



Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, demokratiya məsələsində neft amilinin rolu heç də həlledici deyil: “Mən iqtisadi amillərin dövlətlərarası maraqlara və dövlətlərin konkret mövqe sərgiləməsinə təsirini heç də inkar etmirəm. Bu amil var. Lakin demokratiya təkcə hər hansı iqtisadi amillə bağlı deyil, başqa amillərdən də asılıdır. Regional amillərin, dünyada gedən proseslərin, dövlətin yerləşdiyi coğrafiyanın da rolu var. Məsələn, bizim neftimiz olmasaydı, ancaq Avropa məkanında və ya Şimali Amerikada yaşamış olsaydıq, coğrafiyamız uğurlu olsaydı, demokratikləşmədə heç bir problem olmazdı. Ancaq biz elə bir bölgədəyik ki, demokratikləşmə prosesi tədricən gedir, addım-addım irəliləyir. Ona görə hesab etmirəm ki, neft bahalaşanda demokratiya olmayacaq, ucuzlaşanda olacaq. Bu tipli amillər yetərli deyil və hesab etmirəm ki, demokratiyanın olub-olmamasına aidiyyatı var. Əgər dünyada yeni düzən formalaşsa, ölkə varlı olsa da, olmasa da demokratiya olacaq. Yox, əgər hadisələr bugünkü kimi ləng inkişaf etsə, Rusiyanın postsovet ölkələrinə təhdidlərinin qarşısını almağın yolları tapılmasa demokratikləşmə prosesi də zəif gedəcək. Məsələn, Ukraynanın nefti yoxdur, demokratikləşmə prosesi, Qərbə inteqrasiya prosesi yeni fazaya keçən anda Rusiya müdaxilə etdi, Krım parçalandı, ölkədə qarşıdurma yarandı, Şərqi Ukrayna problemi ortaya çıxdı. Bunu Rusiya etdi, bu ölkə olmasaydı Ukrayna çox rahat şəkildə Qərbə inteqrasiya edərdi. Deməli bu regionda gedən hadisələrə Rusiyanın müdaxiləsinin nəticəsidir. Neftin olub-olmaması heç nəyi dəyişmir, Norveçin də nefti var , ancaq demokratiya ən yüksək səviyyədədir. Bu heç nəyi dəyişmir. Ona görə də, bu arqumentləri ciddi hesab etmirəm.

Azərbaycanda hökumətin təksektorlu iqtisadiyyat qurması göz önündədir. Bunu heç kim inkar edə bilməz. İxracatın 95 faizi neft və neft məhsullarının payına düşür. Ölkə iqtisadiyyatının 70-80 faizi neftin üzərində qurulub. Bu hökumətin səhv siyasətinin nəticəsidir və ayrı bir mövzudur”.



KXCP sədri Mirmahmud Mirəlioğlu da qeyd etdi ki, neftin bahalaşması Azərbaycana gəlir gətirirsə, bunun əleyhinə olmaq doğru yanaşma deyil: “Mən qeyd olunan fikirlərlə tanış deyiləm, istənilən şəxs bu və ya digər arqumenti əsas gətirərək analoji təhlil apara bilər. Neftlə demokratiyanı müqayisə etmək də bir qədər təzadlı görünür, ancaq hər kəsin haqqıdır. Bütün hallarda o şey ki, Azərbaycana xeyirdir, o bizi sevindirməlidir. Təbii ki, burada korrupsiya hallarının artması və sair , bu başqa məsələdir. Normal insanlar neftin bahalaşmasını müsbət qəbul etməlidir. Mən hesab edirəm ki, neftin bahalaşmasının Azərbaycana ziyanı yoxdur.

Ancaq əksini düşünənlərə də irad tutmuram, bu cür düşünmək onların haqqıdır”.



ADP sədri Sərdar Cəlaloğlu isə Azərbaycan iqtisadiyyatının qeyri-mütərəqqi şəkildə inkişaf etdiyini vurğuladı: “ İqtisadiyyatda mütərəqqi və qeyri-mütərəqqi inkişaf anlayışı var. Xammallardan asılı olan iqtisadiyyatda baş verən dəyişikliklər qeyri-mütərəqqi inkişaf etmiş sayılır. Ancaq istehsaldan, ağlın istifadəsindən meydana çıxan iqtisadi inkişaf rasional tərəqqi sayılır.

Azərbaycanda qeyri-rasional tərəqqi siyasəti aparılır. Xammalın dünya bazarındakı qiymətindən asılı olaraq iqtisadi siyasət yürüdülür. Bu siyasət artıq dünyanın heç bir ölkəsində aparılmır və çox aşağı səviyyəli bir siyasətdir. Ona görə də, neftin qiymətinin qalxması, enməsinə hökumətin intellektuallığına, idarəetməyə aidiyyatı yoxdur. Lap tutaq ki, müxalifət hakimiyyətə gəlib, hər şey qanunauyğun aparılır. Ancaq neftdən asılı iqtisadiyyat yaratmışıqsa, bu qeyri-mütərəqqi, qeyri-rasional inkişaf sayılır. Digər tərəfdən korrupsiyanın olması neft gəlirləri ilə bağlı deyil. Neft gəlirləri çox olanda milyardlar oğurlayırlar, az olanda milyonlar oğurlayırlar. Ciddi bir fərq yoxdur. Sadəcə neft ucuzlaşdıqca xalqın həyat səviyyəsi aşağı düşür. Çünki iqtisadi böhranın bütün ağırlığı xalqın üzərindədir. Cərimələr artırılır, fiskal təzyiqlər artır. Bunlar hamısı vətəndaşların pulunu dövlət büdcəsinə yığmaqdır. Burada neftin qiymətinin artmasının Azərbaycan xalqın heç bir aidiyyatı yoxdur”.

Nərgiz LİFTİYEVA
Tarix: 12-01-2018, 23:58
Xəbəri paylaş





Xəbər lenti