Seçki Məcəlləsinə edilən son dəyişikliklər hansı zərurətdən irəli gəlir?

Seçki Məcəlləsinə edilən son dəyişikliklər hansı zərurətdən irəli gəlir?
Nəsimi Məmmədli

Seçki Məcəlləsinə edilən son dəyişiklikləri iki istiqamətdən dəyərləndirmək lazımdır. Birincisi, 26 sentyabr 2016-cı il tarixli referendum nəticəsində qəbul edilmiş dəyişikliklərdən irəli gələn, digəri isə seçki praktikası zamanı ortaya çıxan məsələlərlə bağlıdır.


Konstitusiya dəyişikliyi nəticəsində ortaya çıxan bəzi texniki və hüquqi məsələləri özündə etiva edən əsas məsələləri təxminən belə təsnifatlaşdırmaq olar. Prezidentin növbədənkənar Prezident seçkilərini 60 gün müddətində elan etməsi, 21 yaşı tamam olan şəxslərin Prezident seçkisində namizəd kimi iştirak etmək hüququ, habelə deputatların mandatdan məhrum edilməsi haqqında qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsidir.
Ölkəmizdə prezidentin qanunla müəyyən edilən səlahiyyətləri hüdudsuzdur. Hakimiyyətin məhkəmə və qanunvericilik qolları da tamamilə onun nəzarəti altındadır. Bu hal faktiki olaraq hakimiyyət bölgüsü prinsipinin kobud şəkildə pozulması idi. Milli Məclis üzvlərinin qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozması nəticəsində onların mandatdan məhrum edilməsi hüququnun bundan sonra Konstitusiya Məhkəməsində deyil, MSK-nın səlahiyyətində olması da bu istiqamətdə geriyə doğru atılmış addımdır. Həm də bu hal nəinki hakimiyyət bölgüsü prinsipinə daha bir zərbədir, eləcə də parlamentarizm ənənəsinə və fəlsəfəsinə ziddir.

İkinci amili isə qısaca, seçki saxtakarlığını asanlıqla icra etməyə əngəl törədən məsələlərin bir qisminin ortadan qaldırılması “əməliyyatı” adlandıra bilərik. Bəlkə də son dəyişikliyin müəllifləri elə cəmiyyətə bu real durumu və hakimiyyətin siyasi iradəsini anlatmağa çalışırlar. Bununla da seçki saxtakarlığı üçün daha əlverişli mühit yaradılır.

Praktik dəyişiklikləri qısaca belə ifadə edə bilərik.
Komissiya üzvlərinin saxta bülletenlər hazırlaması və topa-topa qutulara atması zamanı zərflərin möhürlənməsi, bülletenlərin zərflərə qoyulması xeyli vaxt alırdı. Ən uzaq məsafədə oturan müşahidəçilər də, məntəqələrdə quraşdırılan kameralar da, bu “əməliyyatın” uğurla başa çatmasına kölgə sala bilirdi. Həmçinin seçki qutularının “möhürləndiyi” sözünün “kilidləndiyi” sözü ilə əvəz edilməsi də bu qayğıdan irəli gəlir. İndi komissiya sədri və ya katibi fürsət düşən kimi dolan qutunu açaraq asanlıqla ona müdaxilə edə biləcək. Təcrübədə “möhürlənmə” bu müdaxiləyə müəyyən problem yaradırdı.

Seçicilərə “seçici vəsiqələri”nin paylanması sözünün Məcəllədən çıxarılması da təsadüfi deyil. Görünür ümumi siyasi iradə belədir ki, seçicinin səsvermə yerindən və günündən nə qədər az xəbəri olsa, bir o qədər proses sakit keçər. Bu amili digər dəyişiklikdə daha açıq ifadə edilir. Belə ki, əvvəllər məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlayırdı. Ancaq artıq bu norma da qanundan çıxarıldı. Deməli, bir dəstə təlimatlandırılmış şəxs istənilən məntəqədə ənənəvi “karusel” adlanan “əməliyyatı” daha təhlükəsiz yerinə yetirəcək.

Diqqət çəkən məsələlərdən biri də, qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək “məcburedici əsas olmadan namizədliyini geri götürərsə” müddəasının Məcəllədən çıxarılmasıdır. 2015-ci il seçki praktikasında ortaya çıxan ziddiyyətlər yəqin ki MSK-nın yeni Təlimatı ilə tənzimləyəcək və bu məsələyə yeni yanaşma gətiriləcək.

Son olaraq, seçki bir prosedur kimi elə hala salınıb ki, artıq onun hansısa incəlikləri ətrafında müzakirələr çox gülünc görünür. Səsvermənin yekun protokollarına baxanda aydın olur ki, seçki məntəqələrində bütün son rəqəmlər öncədən müvafiq qurumlar tərəfindən hazır göndərilir və ona uyğun yazılır. Yəni, hakimiyyətin seçkiyə münasibəti elə bir mühit yaradıb ki, SM ətrafında istənilən “əməliyyat” cəmiyyətin fəal kəsimini təəcübləndirmir.
Tarix: 13-01-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti