Gürcüstanda “narıncı inqilab” baş verəndə Mixail Saakaşvili Eduard Şverdnadzeyə belə də demişdi: “Müəllim bizi bağışlayın, amma siz hakimiyyətdən getməlisiniz”.
AnaXeber.Az xatırladır ki, Şverdnadze liberal tələbələrinin əli ilə devrildi. Çünki Saakaşvili və tərəfdarları gürcü prezidentin yetirmələri olmazdan bir addım irəli Qərbin tələbələriydilər.
Cənubi Qafqazda isə Gürcüstanın düyməsi basılmışdı və Şeva getməliydi... Azərbaycanda da 2003-2005, sonra 2013-də buna bənzər eksperimentlər olub və nəbz yoxlaması xarakteri daşıyıb.
Lakin nə Qərbin, nə Rusiyanın Azərbaycanda iqtidar çevrilişi planı olub. 2018-ci ildə nələr olacağını proqnozlaşdırmaq çətindir. Sadəcə, bəzi simptomlar müşahidə edilir.
Hələ ötən ilin ortalarında yəhudi əsilli deputat Yevda Abramov çıxışında mesaj verirdi ki, Rusiya Azərbaycanda seçkilərə öz namizədinin axtarışına çıxıb. Və bu şəxsin kim olacağını müəyyən etmək bəzi təhlillərə zərurət yaradıb.
Əvvəla, konkret olaraq ruspərəstlərdən kimsə namizədliyini elan etməyib. Amma edəcəyi istisna olunmur.
AnaXeber.Az-ın Analitik Mərkəzinin müşahidələrinə görə, onlardan biri Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan Hüquq elmləri doktoru, professor İlham Rəhimovdur. İ.Rəhimov Azərbaycan siyasətində süni nəfəs verilərək tirajlanan, əlindəki media rıçaqları hesabına ictimaiyyətə tanıdılan mübhəm personajdır. O, hər zaman özünü məhz Putinin tələbə yoldaşı, rus prezidentin dostu kimi təqdim edib.
Yəni, İ.Rəhimov personasının təqdimatında adının yanında Putin ismi çəkilməlidir. Bu bir mesajdır ki, arxasını məhz Rusiya dövlətinin birinci şəxsinə söykəyib.
İkincisi, İ.Rəhimov 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunan yeganə azərbaycanlıdır.
Bəli, bəli, Pyotr ordenini nə Vahid Ələkbərova, nə Araz Ağalarova, nə də “Milyarderlər ittifaqı” lideri olmuş Abbas Abbasova veriblər, yalnız İlham Rəhimov təltif olunub.
İ.Rəhimovun müsahibələrində, çıxışlarında əsas tezislər Rusiya-Azərbaycan münasibətləri, Putinlə əlaqələri, onunla söhbətləridir.
Son vaxtlar da tez-tez müsahibələr verən və ötən ilin sonunda Putinlə görüşdüyünü deyən İ.Rəhimovun açıqlamaları heç də obıvatelə hesablanmayıb.
Böyük biznes imkanlarına malik olan oliqarx-professor müsahibələrində siyasi hakimiyyətin nəzərinə ismarıclar ünvanlayır, iqtidar kulislərində müzakirələrə səbəb olacaq mesajlar verir.
AnaXeber.Az yazır ki, seçki ilinin ilk ayında KİV-ə müsahibələr verən və fəallaşan İ.Rəhimovun Putinlə yenicə görüşdüyünü söyləməsi də iqtidara media üzərindən replikadır.
Yəni, onun Azərbaycan hakimiyyəti ilə bağları o qədər zərif və incədir ki, hər an qopmağa meyllidir.
Hətta bir vaxtlar deputat Rəbiyyət Aslanova iə nikah diplomatiyası quran İlham Rəhimovun bu evliliyi o qədər az çəkdi ki, siyasi proje baş tutmadı.
Ona görə də iqtidara sədaqət tərəzisində ağır gəlməyən, Putintəmayüllü professor məhz Y.Abramovun söylədiyi kimi, seçkidə Kremlin namizədi kimi meydana çıxa,
“Mişa”sayağı Şverdnadzeni təəccübləndirə bilər.İ.Rəhimovun seçki ilinin ilk ayından aktivləşməsi, mediaya çıxması, bəzi KİV-ə sponsorluğu, geniş maliyyə resurslarına malik olması və özünü siyasətdən uzaq bir elm adamı kimi təqdim edərək sağı göstərib solu vurmayacağına heç bir qarantiya yoxdur.
AnaXeber.Az yazır ki, İ.Rəhimovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə münasibətlərinin ürəkaçan olmadığı iddia edilir.
Putinin dostu siyasi hakimiyyətin kluarlarında heç kəsə sirrini açmayan, məmurları özünə yaxın buraxmayan personajdır.
O baxımdan hökumət daxilində İ.Rəhimova münasibət soyuqdur. Bunun da R.Mehdiyev amilindən qaynaqlandığı söylənir.
Diqqət çəkiləsi məsələ budur ki, 2012-ci ildə “Bizə milli ideologiya lazımdırmı?” başlıqlı geniş məqaləsində hökümətin ideoloji əsaslarını hədəfə alan İ.Rəhimov R.Mehdiyevin 2007-ci ildə yazdığı məqaləsinə cavab vermişdi.
“Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir” fikrinə sanki cavab üslübunda İ.Rəhimov yazırdı ki, “əgər söhbət demokratik və hüquqi dövlətdən gedirsə, onda biz hər hansı milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməliyik”.
O dövrdə R.Mehdiyev kifayət qədər güclü bir klanın lideriydi. Amma 2018-ci ildə İ.Rəhimov üçün şəxsi planda geniş imkanlar açılıb.
Əlbəttə, oliqarx-professorun prezident İlham Əliyevə alternativ namizəd kimi irəli sürülməsi 2-ci üçün heç bir təhlükə yaratmır.
Amma İ.Rəhimov adı xalq və siyasət üçün yenidir. Eyni zamanda onun adı heç vaxt xoşagəlməz hadisələrdə, korrupsiyada, məmurlarla işbirliyində hallanmayıb.
Əksinə, reputasiyası Putinin dostu olması faktoru ilə müsbət xarakterizə olunur. Beləliklə, Azərbaycanda seçkiqabağı yeni milyarder siyasi dövriyyəyə buraxıla bilər.
AnaXeber.Az
Turan
Tarix: 16-01-2018, 12:15