Bu il prezident seçkilərində iştirak edəcək partiyaların əksəriyyəti prezidentliyə namizədlərini elan ediblər.
Müsavat İsa Qəmbərin, AĞ Tural Abbaslının, VİP Əli Əliyevin namizədliyini açıqlayıb. Hətta MMP də Hafiz Hacıyevin seçkilərdə iştirakını təsdiqləyib.
AnaXeber.Az hakim partiyaya diqqət çəkərək Yeni Azərbaycan Partiyasının namizədinin rəsmi olaraq elan etmədiyini yada salır.
YAP funksionerləri ayır-ayrılıqda çıxışlarında partiya sədri İlham Əliyevin növbəti dəfə namizədliyini irəli sürəcəklərini bəyan etsələr də, rəsmi qərar yoxdur. Hakim partiya yetkililərindən Mehriban Əliyevanın namizədliyini istisna etməyənlər də olub.
Amma YAP-ın M.Əliyeva barəsində də rəsmi açıqlaması yoxdur. Yəni, hakim partiya siyasətdən və seçkilərdən təcrid olunub.
Nə vaxtsa mərkəzi aparatdan sifariş gələrsə, o zaman partiya prezidentliyə namizədliyini elan edəcək.
Amma nəzərə almaq lazımdır ki, 2013 seçkilərində iqtidar partiyasının namizədi konkretləşmişdi.
2018 seçkilərinə isə aylar qalır və hələ də qeyri-müəyyənlik hökm sürür. Bu da iqtidar daxilində yeknəsəq mövqe olmadığına dəlalət edir.
Hakimiyyət heç vaxt olmadığı qədər qeyri-yekdilliklə qarşılaşıb. Köhnə qvardiyadan qopan iri bir klan islahatçı qanadın yanında yer almaqla vəziyyəti mürəkkəbləşdirib.
Yeniçəri qruplaşma isə I vitse-prezidentin namizədliyinin tərəfdarı olanlardır. Buna baxmayaraq, reformistlər İ.Əliyevin də namizədliyinə qarşı çıxmırlar.
Bir şərtlə - köhnə komanda üzvləri yola salınsın. Bu da iqtidarın veteranlarının ürəyincə deyil. Odur ki, YAP hələ də prezident seçkilərindəki namizədini açıqlaya bilmir.
Vahid mövqenin nə zaman olacağı yaxın aylarda bilinəcək. Buna qədərsə iqtidar kulislərində ən güclü qanad tamamilə möhkəmlənib partiyaya təlimat verəcək.
Eyni zamanda bu qərar Qərb və Rusiya ilə razılaşdırılmalıdır. Ona görə də 8 ay seçkilərə qalmasına rəğmən, hakim partiyanın qəti mövqeyi bəyan olunmayıb və gərginlik hiss olunur.
AnaXeber.Az yazır ki, YAP təmsilçiləri 2018-ci il prezident seçkilərində hakim partiyanın mümkün namizədi ilə bağlı açıqlamalarında fərqli fikirlər yürüdürlər.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın prezidentliyə namizədinin qurultayda müəyyən olunacağını deyib.
İqtidarın 2018-ci il hazırlıqlarını müşahidə və təhlil edən müxalifət təmsilçiləri hakim siyasi qüvvənin gələnilki seçkilərə başqa namizədlə qatılacağı qənaətindədir.
Onların fikrincə, aparılan ciddi struktur dəyişiklikləri I vitse-prezident Mehriban Əliyevanın hakimiyyətin prezidentliyə namizədi olacağı qənaətini gücləndirir.
Əslində, YAP-da, hakimiyyətin daxilində də müəyyən gərginlik məhz Mehriban Əliyevanın bu təyinatından sonra yaranıb.
Eyni zamanda, böyük dövlətlərin də onun bu vəzifəyə təyinat almasına müəyyən reaksiyalar verilib.
Məsələn, Rusiya bu təyinatdan narazı qalıb və bunu gizlətmir də. YAP-da və hakimiyyətin içində müşahidə olunan gərginlik isə əlbəttə ki səbəbsiz deyil.
Çünki hakimiyyətin də olmasa, 1-ci şəxsin dəyişməsi YAP-da və hakim komandada ciddi kadr əvəzləmələri ilə nəticələnəcək.
Ona görə də bu gedişata indidən müəyyən müqavimət göstərilməkdədir. İ.Əliyevin prezidentlikdən getməsi üçün əsaslar olmaya da bilər, ola da bilər. Bu əsaslar ötən illərdə də olub. Amma seçkilərdən qalib çıxıb.
Bu ilki prezident seçkilər isə başqalarından çox fərqlənir: geopolitik gedişat, regiondakı vəziyyət, ölkədaxili proseslər, iqtisadi siyasətdə ciddi dəyişikliklər 2018 seçkilərini ötən seçkilərdən ayırır.
Üstəgəl, İ.Əliyev “Sputnik”ə müsahibəsində namizədliyi ilə bağlı konkret qərarı olmadığını açıqlamışdı.
Bütün bu təhlillər və mülahizələrdən çıxan nəticə belədir ki, YAP M.Əliyevanın adını açıqlayana qədər Naxçıvan qruplaşması gizli şəkildə təzyiqləri artıracaq.
Yəni, nə edəcəksə buna qədər edəcək, alınmasa artıq hakim partiyanın rəsmi ad açıqlamasından sonra atacağı addımlar mümkün deyil.
Ona görə də indidən köhnə qvardiya islahatçı qanada qarşı müqavimət göstərməkdədir. Amma hətta vitse-prezident postlarından birinə də öz namizədini yerləşdirməyə müvəffəq olmur...
AnaXeber.Az
Turan
Tarix: 19-01-2018, 09:16