Torpaqlarımızı qaytarmağa hazır olan şəxs PREZİDENT OLUR: Ter-Petrosyanın sağ əlinin QARABAĞ SİRRİ
Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi məlum olub.
Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan yeni namizədin Böyük Britaniyadakı səfir Armen Sarkisyanın olacağını açıqlayıb.A.Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyada səfiri vəzifəsində işləyir. O, 1996-97-ci illərdə Ermənistanın baş naziri olub.
Ermənistanda hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır. Yeni prezidenti parlament 7 il müddətində seçəcək.
Aprel ayından etibarən Ermənistan parlament üsul-idarəsinə keçir. Yeni sistemdə ölkədə əsas söz sahibi baş nazir olacaq. Baş nazir postu uğrunda Serj Sarkisyan və Karen Karapetyan arasında mübarizə gedir. Birincinin şanslarının yüksək olduğu deyilsə də, Karapetyanın son anda oyunu poza biləcəyi ehtimalları da var. Bütün bunların fonunda İrəvanda ciddi siyasi qarşıdurma müşahidə olunur.
Armen Sarkisyan haqqında birmənalı informasiya yoxdur. Xüsusilə onun beynəlxalq əlaqələrə malik sirli adam olduğu deyilir. Diqqət çəkən digər məqam isə A.Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin ərazilərin azad olunması variantı ilə həllini istəyən keçmiş prezident Levon Ter-Petrosyanın dövründə başı nazir postunu daşımasıdır. Ter-Petrosyan da A.Sarkisyanı beynəlxalq əlaqələrinə görə bu postda təyin etmişdi. Lakin Ermənistan mediası A.Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır. Doğrudur, yeni sistemdə prezidentin səlahiyyətləri məhdud olacaq, amma A.Sarkisyanın Britaniyada şahzadə ailəsi və digər yüksək rəsmilərlə yaxşı əlaqələrə malik olması onun ciddi fiqur ola biləcəyi haqda fikirləri gücləndirir. Hətta Ermənistanda bir sıra ekspertlər A.Sarkisyanın ölkənin inkişafı üçün münaqişənin sürətli həllinə çalışmasından məmnundurlar. Serj Sarkisyanın belə bir namizədi irəli sürməsi isə hələ ki, sirli olaraq qalır.
Asif
Tarix: 19-01-2018, 13:33