AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına sədrlik edən Sülhəddin Əkbər "Sherg.az" saytına Azərbaycanda "KQB" arxivlərinin açılmasına dair iddialar, arxivin açılmasının faydası və zərərləri, Qərbin Azərbaycanda "KQB" arxivinin açılmasında maraqları, "5-ci kolon"un ölkəmizdəki fəaliyyəti, son dönəmlər Azərbaycanda rus dilinə olan marağın artması və s. məsələlər ətrafında maraqlı müsahibə verib.Siam.az həmin müsahibəni oxucularına təqdim edir: – Son zamanlar Azərbaycanda 1918-ci ildən 1991-ci ilə qədər olan dövr üçün "KQB" arxivlərinin açılması məsələsi gündəmə gəlib. Sizcə, hazırda buna ehtiyac duyulurmu?– Bu məsələ bizim hakimiyyətdə olduğumuz dövrdə də çox aktiv və intensiv müzakirə olunurdu. Həmin dövrdə mənim yanaşmam ondan ibarət idi ki, birincisi, dövlət, hərbi və xidməti sirlər haqqında qanun qəbul olunmalıdır. O qanunda həmin sirlərin saxlanma müddəti göstərilməlidir. Ondan sonra arxivlərin açılması qaydası haqqında parlament qanun qəbul etməlidir və bu qanunda arxivlərin hansı hissəsinin, hansı qaydada açılması müəyyən edilməlidir. Bu qanunlar qəbul olunduqdan sonra müəyyən olunmuş qaydada parlamentin yaratdığı müstəqil komissiya tərəfindən açılmalıdır. Həmin fikrimdə yenə də qalıram.
– Arxivin açılmasının zərərləri və müsbət tərəfləri barədə nə deyə bilərsiz?– Artıq 1991-ci ildən etibarən Azərbaycan öz müstəqilliyini əldə edib. Müstəqilliyimizdən uzun müddət keçməkdədir. Azərbaycan müstəqilliyi dövründə öz məxfi əməkdaşlar sistemini qura bilibsə, bu arxivlərin açılması dediyim o qanun və qaydalar əsasında, dövlət, milli, hərbi və kəşfiyyat təhlükəsizliyinə, eyni zamanda təhlükəsizlik xidmətinin maraqlarına ziyan verməyəcəksə, təbii ki, arxivlər açıla bilər. Məxsusi olaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal dövründən söhbət gedirsə, mənə elə gəlir ki, işğal dövründə olan bütün agentura məlumatları və işğalçıya xidmət edən bütün agentlər ifşa olunmalıdır.
– Burada həssas və maraqlı bir məqam ondan ibarətdir ki, millət vəkili Zahid Orucun qeyd etdiyi kimi, bunu Qərb ölkələri də istəyir. Qərbin marağı nədən ibarət ola bilər? Qərb nədən birdən-birə durub 1918 və 1991-ci illər ərzinin arxivinin açılmasını istəyib?– Burada anlaşılmayan nə var ki? Söhbət Azərbaycanın işğal dövründən gedir. Görünür, bu məsələ Qərbi ona görə narahat edir ki, Azərbaycanın istiqlalçı və demokratik qüvvələrinin maraqları ilə Qərbin maraqları həmin məqamda üst-üstə düşür. Biz də, Qərb də, şəxsən mən də ona görə narahatam ki, bu gün Azərbaycanda Rusiyanın güclü "5-ci kolon"u mövcuddur. Problem budur. Azərbaycanın müstəqil və suveren bir dövlət olması, demokratik inkişaf yoluna çıxması və demokratik dünyaya inteqrasiya olmasının qarşısını alır.
– Son dönəmlər Azərbaycanın müstəqilliyi, istiqlalı və ya hürriyyəti üçün misilsiz xidmətləri olan tarixi və ədəbi şəxslərin ləkələnməsi istiqamətində ciddi-cəhdlər müşahidə edirik. Ola bilərmi ki, daim milli ruhu, milli düşüncə və ya məfkurəni təbliğ edən ziyalılarımıza qarşı "qara piar" kampaniyasının arxasında həmin "5-ci kolon" dayansın?– 2004-cü ilin əvvəlindən başlayaraq Rusiyanın kəşfiyyat xidməti Azərbaycanda çox sistemli, aktiv və hətta deyərdim ki, aqressiv iş aparır. Onun nəticəsidir ki, "5-ci kolon"un çox böyük imkanları var. Bu, əksər strukturlara və 4-cü hakimiyyət deyilən mətbuata da aiddir. Hazırda Rusiya kəşfiyyat xidməti Azərbaycanda sovet dövründən də aktiv və aqressiv iş aparır. Bu fikrimin altını cızaraq qeyd edirəm. Bu iş sovet dövründəkindən də güclüdür, baxmayaraq ki, onda total kommunist nəzarəti var idi. Amma söhbət xüsusi xidmətin fəaliyyəti və nəzarətindən gedir.
– Bu planı "5-ci kolon" hansı formada həyata keçirir?– Rusiya kəşfiyyatı Azərbaycanda strateji fəaliyyət göstərir. Yəni onun uzunmüddətli planları var, geniş, hərtərəfli və dərin fəaliyyət göstərir. Ədəbiyyat, incəsənət sahəsindən tutmuş, Azərbaycanın tarixi, mədəniyyəti, dili, iqtisadiyyatı, ordusu, dini, sosial, psixoloji, ideoloji və informasiya məkanı və s. sahələrdə dərin fəaliyyət göstərir. Tarixi dərinliyi nəzərə almaq lazımdır. Bu plan Azərbaycanın parçalanmasına, 1813 və 1828-ci illər – Gülüstan və Türkmənçay müqavilələrinə, həmçinin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalına qədər gedib çıxır. Bir daha qeyd edirəm ki, Rusiya kəşfiyyatı strateji fəaliyyət göstərir ki, hazırda Bakının mərkəzi küçələrində türk dilindən daha çox rus dilində danışanları görürsən.
– Rus dilinə maraq nədən irəli gəlir? Doğrudan da son illər əksəriyyət övladının rus dilində təhsil almasını istəyir. Bunu da rus dilinin prestijli dil olması ilə izah etməyə çalışırlar. Sizcə, bu da "5-ci kolon"un təbliğatının nəticəsidir?– Təsəvvür edin, Azərbaycanda təhsilin 16 faizi rus dilindədir. Azərbaycanın dövlət dili türk (Azərbaycan) dilidirsə, bu rusdilli kadrlar nə üçün və kim üçün hazırlanır? Jurnalistlər bu sualları qaldırmalıdırlar. Sağ olsun, arada xalq şairi Sabir Rüstəmxanlı bir ziyalı kimi məsələni qaldırdı və ona da çoxsaylı hücumlar oldu ki, o da çox zaman təklənir. Dil ən strateji məsələdir. Bir millət hətta dövlətini itirə bilər. Amma dil başda olmaqla milli kimliyini qoruyub saxlayarsa, o millət öz dövlət müstəqilliyini yenidən bərpa edə bilər. Dilini və milli kimliyini itirən milllət heç zaman öz dövlət müstəqilliyini bərpa edə bilməz və yox olub gedər. Dilsiz heç zaman milli dövlət ola bilməz. Dil bu qədər önəmlidir.
Ayyət ƏHMƏD
Tarix: 19-01-2018, 16:34