Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”
Sabiq vergilər naziri rəhbərlik etdiyi strukturda eynilə “MTN çetesi” sistemini qurubmuş...

Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən qovulandan sonra üzə çıxan faktlar onun digər vurulmuş odioz nazir - Eldar Mahmudovun yolu ilə getdiyi, eyni taktikalı nazir olduğu bilindi. Aydın oldu ki, Fazil Məmmədovun da “vurulma” səbəbi Eldar Mahmudovun işdən çıxarılmasından fərqli deyil. Eldar Mahmudov da, Fazil Məmmədov da vəzifələrinin onlara verdiyi imkanlardan dövlətin, iş adamlarının, vəzifə sahiblərinin var-dövlətlərini talamaq üçün istifadə ediblər. Əldə etdikləri sərvətləri xarici ölkələrə daşıyıb orada özlərinə geniş biznes şəbəkəsi yaradıblar. Azərbaycanda iqtisadiyyatın məhv edilməsi, iş yerlərinin bağlanması hesabına xarici ölkələrdə geniş imkanlar əldə ediblər. Eldar Mahmudovun ölkədən çıxardığı var-dövlət rəqəmlərlə ifadə olunarsa, 8-10 milyard, Fazil Məmmədovun 4.5 milyard manat civarındadır.

Hər 2 şəxs son illərdə talançılıq planlarını bir-birindən dəstək almaqla gerçəkləşdiriblər. Bir çox hallarda Eldar Mahmudovun talançılığın daha asan gerçəkləşdirilməsi üçün düzüb-qoşduğu iş prinsipləri Fazil Məmmədov tərəfindən vergi sistemində gerçəkləşdirilib.

Ötən saylarımızdan birində Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifələrə çəkdiyi yaxınları, qohumları haqda məlumat vermişdik. Bunlar arasında təzə qohum olduğu müavini Namiq Əliyev, qrup yoldaşları, həmçinin bacısının əri olan Namiq Quliyev də olub. F.Məmmədov bir qayda olaraq yaxın çevrəsində olan şəxsləri nəinki Vergilər Nazirliyində işə götürməklə kifayətlənib, həmçinin onlara yüksək vəzifələr, bəzən vəzifəni aşan səlahiyyətlər verib. Belələrindən biri də yeznəsi Namiq Quliyevdir.

Kimdir Namiq Quliyev?


Namiq Quliyev sovet dövründə milis rəisi işləmiş, öz işini bilən, peşəkarlığı haqda hələ də söhbətlər dolaşan Məhi Quliyevin oğludur. Elə onun qaynı Fazil Məmmədov da milis rəisinin oğludur. Əsəd Məmmədov uzun illər müxtəlif rayonların rəisi vəzifəsində çalışıb. Məhi Quliyevin son iş yeri Yevlaxın milis rəisi olub. Barəsində danışanlar “ atası çox bacarıqlı adam idi, oğlu Namiq haqda isə bunu deyə bilmərik” söyləyirlər. Namiq Quliyev daxili işlər orqanlarına da atasının dəstəyi hesabına işə götürülüb. N.Quliyev daxili işlər orqanlarında çalışarkən özünü güclü kadr, seçilən zabit kimi tanıda bilməyib. Xüsusi bir savadı ilə də fərqlənməyib. Fazil Məmmədovun bacısı ilə ailə həyatı qurandan az sonra daxili işlər orqanlarından uzaqlaşıb. Bundan sonra Fazil Məmmədov onu Vergilər Nazirliyinə işə götürüb və Azərbaycan tarixində analoqu olmayan hadisələr baş verməyə başlayıb.

Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gedən kimi ətrafına təqaüdə göndərilmiş, orqandan qovulmuş şəxsləri yığdığı kimi, eyni qayda Vergilər Nazirliyində də təkrarlanıb. Namiq Quliyevin təqdimatı ilə təqaüddə olan polis işçilərini Fazil Məmmədov işə götürməyə başlayıb. Nərimanov Rayon Polis İdarəsinin sabiq rəisi Mahir Hümbətovu, Nizami Rayon Polis İdarəsində rəis müavini postundan təqaüdə göndərilmiş Ənvər Yusifovu Namiq Quliyev Vergilər Nazirliyinə transfer etdirib.

Mahir Hümbətov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini, Ənvər Yusifov isə Departamentin əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunublar. Eynən Eldar Mahmudovun kadr məsələlərindəki absurd qərarlarını təkrar ediblər. Yada salaq ki, Eldar Mahmudov təqaüddə olan, yarıtmaz fəaliyyətə görə qovulan sabiq polisləri MTN-ə aparıəb onlara yüksək vəzifə, hətta bəzilərinə general rütbəsi verib. Bir güc strukturundan işdən çıxan şəxsi təzədən aparıb başqa bir güc strukturunda işə götürüb general rütbəsi vermək dünya tarixində görünməmiş bir təyinat idi. Eldar Mahmudov 30-a yaxın təqaüddə olan polisi MTN-ə aparıb əksəriyyətinə də general verdirmişdi. Və həmin kadrların əli ilə istədikləri talançılığı gerçəkləşdirə bilirdilər.



Bunu Eldar Mahmudov da, sonradan Fazil Məmmədov da ona görə edirdilər ki, işə götürdükləri şəxslər sözsüz onların verdikləri əmrləri yerinə yetirsinlər. Onlar “sahibkarın pulunu al, əmlakını tar-mar elə” əmrini də sözsüz icra edirdilər. Bunu Eldar Mahmudov MTN-də etmişdi, hər kəs nəticəsini görmüşdü. Fazil Məmmədov son illərdə bu qaydaları prioritet seçmişdi.

Sahibkarları vergi adı ilə “dinməver” adını almış pul qoparma əməliyyatlarına cəlb edirdilər. Dinən, danışan, haqqını tələb edən sahibkar Fazil Məmmədovun vergilər nazirliyində təqaüdçü-polis-vergi işçilərinin formalaşdırdığı dəstənin caynağına keçirdi. Danışmağının bədəlini sahibkara müflis edilənə qədər ödətdirirdilər. Digər sahibkarlar isə müflisləşməmək üçün dinmirdi, danışmırdı. Bir çoxları da soyğunçu vergi məmurlarının caynağına keçməmək üçün Azərbaycandakı bizneslərini xaricə daşıyıb işlərini orada davam etdirmək məcburiyyətində qalırdılar.

Fazil Məmmədov təkcə “Caspel” şirkətinin satdığı kassa aparatlarından qohum-qardaşına 100 milyon manata yaxın vəsait qazandırıb. Bu vəsaiti isə ödəyənlər sahibkarlar olub. Aldığımız məlumata görə “Caspel”in hüquqi təmsilçisi Namiq Quliyevin qardaşı Ceyhun Quliyevdir. Soyğunçu şirkətin idarəçisi isə Namiq Quliyevin oğlu olub. Yada salaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyev ötən ay vəzifəsindən kənarlaşdırılıb. N.Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində birinci müavin vəzifəsində işləyib. Daha sonra Fazil Məmmədov onu özünə vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir təyin etmişdi.

2011-ci ildən Namiq Quliyevin oğlunun idarə etdiyi “Caspel” şirkətinin satdığı nəzarət-kassa aparatları və POS terminallar sahibkarlara məcburən sırınıb. “Yeni Müsavat”ın həmin vaxt əldə edərək ictimailəşdirdiyi sənədlərdən aydın olur ki, 15 noyabr 2011-ci il tarixdə Vergilər Nazirliyində nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclası keçirilib. İclasın 48 nömrəli protokoluna görə, komissiyaya vergilər naziri Fazil Məmmədov sədrlik edib. İclasın gündəliyində dayanan məsələ nəzarət-kassa aparatlarının yeni modellərinin dövlət reyestrinə daxil edilməsi olub. Sadə dillə desək, komissiya vergilər naziri Fazil Məmmədovun bacısı oğlu - yəni N.Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “Caspel” şirkətinin ölkəyə gətirdiyi kassa aparatlarının satışını təşkil etmək üçün qərar verib.

Qərarı əks etdirən protokolda göstərilir ki, “4613-XXX” tipli İBM POS terminalının və “Mini-T 400 ME” markalı nəzarət-kassa aparatları qüvvədə olan texniki tələblərə cavab verdiyi üçün “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd hesablaşmaların aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki Tələblər”in 2-ci bəndində nəzərdə tutulmuş 3-cü qrup kompüter uçot sistemli aktiv nəzarət-kassa aparatları qrupuna aid edilib. İclasda Fazil Məmmədovun özü də çıxış edib. Bundan sonra sahibkarların qara günləri başlayıb. Onlar Fazil Məmmədovun bacısı oğlunun satdığı kassa aparatlarını almağa məcbur ediliblər. Bacıoğlunun şirkəti ölkəyə kassa aparatları gətirən 20-dək iş adamını da müflis edib. Vergilər Nazirliyinin elan etdiyi tenderlərin böyük əksəriyyətinin qalibi də məhz “Caspel” olub. Fazil Məmmədovun və başının dəstəsinin formalaşdırdığı korrupsiya ocağından itirən dövlət, sahibkarlar, qazanan isə əlbəttə ki, sabiq vergilər nazirliyi, onun qohum-əqrəbası olub.

E.MƏMMƏDƏLİYEV
Tarix: 22-01-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti