Hacı Əbdülə Sumqayıt və Coratdan da dəstək gəldi - FOTOLAR

”Mehriban xanım İlham Əliyevlə birgə stabilliyin, əmin-amanlığın qarantıdır”” Hacı Əbdülə Sumqayıt və Coratdan da dəstək gəldi - FOTOLAR
Yanvarın 20-də - 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə Sumqayıt şəhərində Vətən Naminə Xalq Birliyi(VNXB) hərəkatının təşkilatçılığı ilə şəhidlərin xatirəsinə ehsan verilib, dualar oxunub.

Bu haqda Moderator.az-a hərəkatın mətbuat xidmətindən məlumat verilib.

Məclisdə Sumqayıt və Corat ağsaqqalları da iştirak ediblər. Mərasimdə çıxış edən hərəkat lideri Hacı Əbdül 20 Yanvar və bütün Qarabağ şəhidlərinin ruhuna dualar etdikdən sonra bu azadlıq mübarizlərinin xalqımızın, dövlətçiliyimizin taleyində oynadığı roldan danışıb. O, nəinki Azərbaycanın, hətta keçmiş SSRİ və sosialist sisteminə daxil olan digər ölkə və xalqların müstəqillik qazanmasında da 20 Yanvar qətliamı zamanı xalqımızın göstərdiyi mətanət və şücaətin müstəsna təsirini vurğulayıb.
20 Yanvar faciəsinin baş vermə səbəblərinə toxunan Hacı Əbdül burada həm xarici düşmənlərimizin, həm də daxildəki satqın və təxribatçıların rolunun olduğunu qeyd edib: ”Həmin düşmənlər indi də var, fürsət tapan kimi hər an xaincəsinə arxadan zərbə vurmağa hazırdırlar! Bir atalar məsəli var:”Oğru evin içindən olarsa, öküzü bacadan apararlar.”Bu xainlər indi də ölkə daxilində fəaliyyətdədirlər. Lakin ölkə rəhbərliyinin- cənab Prezident İlham Əliyevin və onun xanımı, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın düşünülmüş, olduqca gərgin idarəçiliyi sayəsində onların niyyəti baş tutmur. Başqa cür ola da bilməz, çünki onlar dünya şöhrətli siyasətçi, ümumimilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçılarıdır...”

Hərəkat lideri gözlənilən Prezident seçkilərinə hazırlıq haqda da fikirlərini məclis iştirakçılarına çatdırıb: ”Qarşıdan prezident seçkiləri gəlir. Hər dəfə seçki ərəfəsində bəzi xarici mərkəzlər və onların ölkə daxilindəki muzdurları öz çirkin niyyətlərini həyata keçirmək üçün aktivləşirlər. Biz həmişə demişik, indi də deyirik, Azərbaycanda dövlətçiliyin, stabilliyin, əmin-amanlığın qarantı Cənab İlham Əliyev və onun xanımı birinci vitse-prezident Mehriban xanımdır. Bu baxımdan İlham Əliyev cənabları prezidentliyə öz namizədliyini irəli sürəcəyi təqdirdə onun dünya azərbaycanlıları arasında yeganə layiqli alternativi yalnız Mehriban xanım Əliyeva ola bilər. 20 Yanvar qətliamı kimi faciələrin, ölkəmizin Suriya, İraq, Yəmən, Ukrayna və digər ölkələrin aqibətini yaşamaması üçün bu iki görkəmli siyasətçidən biri Azərbaycana rəhbərlik etməlidir. Hələ uzun müddət Azərbaycanda onlara bərabər bir şəxs olmayacaqdır...”

Hacı Əbdül rəhbərlik etdiyi hərəkatın Prezident seçkiləriylə bağlı heç bir siyasi ambisiya güdmədiyini vurğulayaraq nitqini yekunlaşdırıb: “Bizim hərəkat heç bir siyasi ambisiya güdmür. Məqsədimiz yalnız Prezidentin və birinci Vitse-prezidentin ətrafında xalqı daha da sıx birləşdirməkdir. Qoy vətənimizə qarşı xain planlar quran bədxahlar bilsin ki, xalqımızın ağsaqqalları və onların ardınca gedən sağlam gənclik son nəfəsinə qədər dövlətimizin, onun rəhbəri Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındadır. Bu, bizim Vətən, xalq qarşısında vətəndaşlıq borcumuzdur...”
Tədbirdə çıxış edənlərdən VNXB hərəkatının idarə heyətinin üzvi Çərkəz Nəbiyev, Coratdan olan din xadimi Hacı Mirbarat Fəttayev, ziyalilardan Heydərov Heydər Ənvər oğlu Hacı Əbdülün fikirləri ilə həmrəy olduqlarını bildiriblər. Yekun nitqində hərəkatın Sumqayıt və Corat üzrə nümayəndəsi Zavrulla İsmayılov səhidlərimizi bir daha ehtiramla yad etdikdən sonra Prezident seçkiləri ilə bağlı ictimaiyyətə ünvanlanmış müraciəti oxuyub.

Sultan Laçın



Tarix: 22-01-2018, 23:46
Xəbəri paylaş





Xəbər lenti