Müxalifətin vahid namizəd problemi - bu dəfə hansı taktika seçiləcək...
Tanınmış partiya sədrindən xəbərdarlıq; “2018-ci il prezident seçkisində də yeni bir ”Milli Şura ssenarisi"nin və növbəti bir “İbrahimbəyov”un meydana çıxarılacağı ehtimalı var"2018-ci ilin oktyabrında Azərbaycanda prezident seçkisi keçirilməlidir. Bu isə o deməkdir ki, seçkiyə 9 aydan da az vaxt qalıb. Təcrübə göstərir ki, hakimiyyət müxalifətlə müqayisədə namizəd məsələsində problem yaşamır. Hakimiyyətin seçkidə vahid namizədi olur. Vahid namizəd məsələsində ciddi problemlər məhz müxalifət düşərgəsində yaşanır. Son prezident seçkisində-2013-cü ildə bu problem daha ciddi formada yaşanmışdı. Sonrakı illərdə siyasilərin açıqlamalarından belə məlum olmuşdu ki, 2013-cü ildə Müsavat Partiyasının o zamankı başqanı İsa Qəmbərin vahid namizəd olmasının qarşısı Milli Şura adlı qurumun yaradılması və kinorejissor Rüstəm İbrahimbəyovun vahid namizəd kimi meydana çıxarılması ilə alınıb. Rüstəm İbrahimbəyov-Milli Şura Rusiya proyekti olub. Nəticə isə məlumdur.
2018-ci il prezident seçkisində müxalifət düşərgəsinin vahid namizədinin öz daxillərindən, yoxsa yenə də kənardan olub-olmayacağı məsələsi yenə sual olaraq aktuallaşır. 2013-cü ildə Milli Şura proyektində iştirak etməyən və özünün namizədliyi ilə seçkidə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, hakimiyyətin namizəd dəyişikliyi real olaraq gündəmə gələcəyi halda 2018-ci il prezident seçkilərində də yeni bir “Milli Şura ssenarisi”nin və növbəti bir “İbrahimbəyov”un meydana çıxarılacağı ehtimalı var. Lakin bu dəfəki ssenari bir qədər fərqli şəkildə ola bilər.
Bu ssenaridə müxalifət düşərgəsindən də iştirak edənlərin olacağı istisna deyil. Lakin bəri başdan bilmək lazımdır ki, bu baş verəcəyi halda onların kənardan və öz içlərindən irəli sürəcəyi namizəd müxalifətin vahid namizədi deyil və ola bilməz: “Əslində 2013-cü ildə Rüstəm İbrahimbəyov bütün müxalifətin vahid namizədi deyildi. Sadəcə, bir müddət onu, sonra isə Cəmil Həsənlini bu cür təqdim edirdilər. Halbuki 2013-cü ildə seçkidə müxalifətdən 2-dən yuxarı sayda namizəd iştirak edirdi.
2013-cü ildə Milli Şuranın yaranması zamanı Azərbaycandakı rusiyapərəst qüvvələr o proyektdə, Milli Şuranın təşkilatlanmasında bilavasitə iştirak eləmirdi. Bu işdə Azərbaycandan kənardakı qüvvələr, məsələn, Abbas Abbasov, bir qrup azərbaycanlı milyarder iştirak edirdi və Rüstəm İbrahimbəyov qabağa verilmişdi. Rüstəm İbrahimbəyovun vasitəsilə də əslində rusiyapərəst olmayan bir neçə ənənəvi tanınmış müxalifət partiyası prosesə cəlb edilmişdi. Bu dəfə isə ssenari bir qədər fərqli ola bilər. Moskva Azərbaycan daxilindəki rusiyapərəst qüvvələrin iştirakı ilə bir format yarada və bu format-təşkilat 2013-cü ildə yaradılmış Milli Şuradan güclü ola bilər. Çünki bu dəfə yaradılacaq təşkilatın Azərbaycan hakimiyyəti daxilində çox ciddi dəstəyi olacaq. 2013-cü ildə Rusiyada yaşayan ruspərəst qüvvələr vasitəsilə bir neçə müxalifət partiyasını prosesə Rüstəm İbrahimbəyovun vasitəsilə cəlb etməklə Milli Şura formatı yaradılmışdı. Bu dəfə Rusiyanın hakimiyyət daxilindəki ruspərəstlər və onların uzantıları ilə apardığı işin nəticəsi olaraq meydana hansısa adda güc çıxa bilər.
Mən nəzəriyyəçiyəm, başqa siyasətçilərdən fərqli olaraq hadisələrin həm də nəzəri modellərini özüm üçün hazırlayıram. Tutaq ki, qarşıdan prezident seçkiləri gəlir və iki variant var; ya status-kvonun dəyişməsi, ya dəyişilməməsi. Birinci variantda Rusiya heç bir problem yaratmaz. İkinci variant seçilsə isə ciddi maneələr, təzyiqlər yaradacaq".
S.Cəlaloğlu hesab edir ki, budəfəki seçkidə Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm də özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir: “Əbülfəz Elçibəy indi olmadığına görə mən hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər. Hansısa kənar proyektlər ortaya çıxarılsa, o proyektlərə qarşı da müxalifətin namizədi kimi İsa Qəmbər uyğun namizəddir”.
Etibar SEYİDAĞA
Tarix: 23-01-2018, 08:30