“Naxçıvan klanı”nından 3 ayda qoparılacaq üçüncü nazirlik - təhsil naziri postu uğrunda ağır döyüşlər...

“Naxçıvan klanı”nından 3 ayda qoparılacaq üçüncü nazirlik - təhsil naziri postu uğrunda ağır döyüşlər...
Ötən ildən boş qalan Təhsil naziri postuna təyinat yubanır. Nə kəramətdirsə, hökumətin tərkibində bir yer vakant olaraq qalır.

Anaxeber.Az qeyd edir ki, amma təhsil də idarə olunur, nazirlik də, məktəblər də...
Misir Mərdanovun gedişi toy-bayrama səbəb olmuşdu. Mikayıl Cabbarovun gəlişi ümidlər oyatmışdı.

Birinci köhnə qvardiya üzvü olaraq təhsili rüşvət bataqlığında boğurdusa, ikinci yeni klanın kadrı olaraq reformist kimi təqdim olunurdu.
Hərgah, Cabbarov Mərdanovdan heç nə ilə fərqlənmədi - sistemin tələblərindən irəli gələrək fiqur dəyişikliyi kosmetik səciyyə daşıdı.
Buyurun, Cabbarova daha bir nazirlik həvalə olunub ki, "düzəltsin", təhsil naziri kreslosu isə sahibini gözləməkdədir.
Və diqqət çəkən nüans: Təhsil Nazirliyi rəhbərliyində hər iki klanın nümayəndəsi eksperimentdən keçirilib.
Yəni, hərəsi bir ömür yaşayıb keçib. İndi üçüncü nazirin hansı qruplaşmanın adamı olacağı ictimaiyyəti düşündürür - başqa heç nə...
Söhbət nə təhsildə yeniliklər gözləntisi, nə də hansısa islahatlara ümid etməkdən gedir. Artıq cəmiyyət bu tale ilə barışıb ki, ölkənin təhsil sektorunun xilası nazir dəyişikliyində deyil.

Odur ki, Yusif Məmmədəliyevin nazir təyin olunması da heç bir müsbət tendensiya yaratmayacaqdı.
I vitse-prezidentin köməkçisi də şəxsi planda yaxşı bilirdi ki, M.Cabbarov dəyişə bilmədisə, o da inqilabı yeniliklərə nail olmayacaq.
Beləliklə, təhsil monopoliyasının, milyonluq gəlirlərin bu dəfə hansı siyasi-iqtisadi gücün nəzarətinə keçəcəyi istiqamətində ağır döyüşlər gedir.
Analitiklərin fikrincə, Bakı qruplaşması Təhsil Nazirliyini də öz siyasi qanadının altına almağa müvəffəq olarsa, bu, bir neçə ay ərzində üçüncü nazirliyin Naxçıvan qruplaşmasından qoparılmasının legitimləşdirilməsi kimi qiymətləndiriləcək.
İlin sonunda köhnə qvardiya ilk həmlənin qarşısını ala bildi, Y.Məmmədəliyev xəbəri ilə ictimai rəydə manipulyasiyalar edildi.
O da istisna deyil ki, Yusif Məmmədəliyevin təyinatı ilə bağlı xəbər Təhsil Nazirliyi uğrunda hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin bir təzahürü kimi meydana çıxıb və hansısa konkret məqsədə xidmət edib.Amma təhsil naziri postu uğrunda döyüşlər səngiməyib.

Anaxeber.Az yazır ki, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, onlara yeni birləşdirilən iki agentlik, Vergilər Nazirliyi son aylarda alınan qalalardır.
Hazırda Dövlət Gömrük Komitəsinin nazirliyə birləşdirilməsi üçün islahatçı güclər çırmanıblar. Eyni zamanda paralel Təhsil Nazirliyinin tamamilə ələ keçirilməsinə yaxınlaşırlar.
Azərbaycan siyasi və biznes elitasında 10 il öncə Naxçıvan və Qərbi Azərbaycan qruplaşmaları üstün mövqeyə sahib olub.
Ancaq 2003-cü ilin prezident seçkisindən sonra Qərbi Azərbaycan qruplaşmasının hakimiyyətdə mövqeyi tədricən azalmağa başladı.
Mərhum prezident Heydər Əliyevin dövründəki rəsmi hökumət komandasının 20-yə yaxın üzvü dəyişdirilib.
Yeni simalar da əsasən fərqli bölgələrdən olub. İndi hakim elitada Bakı-Şirvan qruplaşmasının çəkisi artmaqdadır. Qərbi Azərbaycan klanı son 10 ildə əsas mövqelərini demək olar ki, itirib.

Əli İnsanovun həbsindən, Əvəz Ələkbərov və Heydər Babayevin işdən çıxarılmasından sonra bu klanın lideri demək olar ki, yoxdur. Misir Mərdanov son illər ancaq öz postunu qorumaq üçün mübarizə aparırdı.
Nəhayət, regional klanlar arasında ölkənin maddi resurslarının yenidən bölüşdürülməsinin əsas mübarizəsi ölkənin təbii resurslarının yarıdan çoxuna nəzarət edən Naxçıvan klanı (aparıcı simaları Kəmaləddin Heydərov və Bəylər Əyyubovdur) ilə Bakı-Şirvan klanı arasındadır.
Bakı-Şirvan klanı kəmiyyət baxımından siyasi elitada üstünlük əldə etsə də, resurslara nəzarət paketi hələ də Naxçıvan klanın əlindədir.
Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir.

Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir.
Təhsil naziri vəzifəsinə yaxın iki-üç gün ərzində təyinat olacağı inandırıcı deyil. Bunun iki səbəbi var.
Birincisi, Mikayıl Cabbarovla bağlı o qədər ani qərar verildi ki, təhsil naziri kimi strateji posta təyinat üçün hazırlıq görülməyib.
İkincisi, bu posta bir neçə qruplaşmanın iddialı olması seçimin uzanmasına və daha dəqiq qərar verilməsinə ehtiyac yaradıb.
Nəhayət, hələlik təhsil naziri vəzifəsini icra edən birinci müavin Ceyhun Bayramovun əvvəldən Mikayıl Cabbarovla işləməsi, yarımçıq qalan layihələrin davam etdiriləcəyinə inamsızlıq yaratmır.
Ona görə də, hələ bir müddət onunla “yola davam” edə bilərlər. Mümkündür ki, ölkənin ciddi qruplarından birinə bağlı olan Ceyhun Bayramovun nazir təyinatına da cəhdlər olsun.
Onun təhsil nazir təyin edilməsinə dostu, yeni vergilər naziri Mikayıl Cabbarovla yanaşı, maliyyə naziri Samir Şərifov da cəhd edir, bu istiqamətdə iş aparırlar.
Böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. Belə deyənlər də var.
Onu da nəzərə almaq lazımdır ki, yeni nazir bu il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır...

Anaxeber.Az
Tarix: 23-01-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti