Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT
Zərdab rayonundan olan bir qrup sakin Siam.az-ın redaksiyasına şikayət məktubu göndərib. Məktub müəllifləri rayonda təhsilin bərbad durumda olmasından giley edirlər.
Qeyd etdikləri bir neçə fakta əsaslanan sakinlər təcili müdaxilə olunmasa vəziyyətin daha da pisləşəcəyini bildirirlər: “Zərdab rayon orta məktəblərində açıq-aşkar alver gedir. Zərdab şəhər ümumi orta məktəb 2010-cu ildə Kür çayının daşması nəticəsində su basdığndan şagirdlər təhsillərini davam etmək üçün 2 nömrəli orta məktəbə köçürüldülər. Sel basdığından yararsız vəziyyətə düşüb işləməyən həmin məktəbdə adı işdə gedən müəllimlərin maaşlarının yarsı və texniki işçilərin maaşlarının isə hamısı rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonun orta məktəblərində müəllimlərin əmək haqqından 30-40 manat pul tutulur, texniki işçilərdən isə 20 manat pul tutulur ki, bu da külli miqdarda vəsait edir. Süpürgəçilərin maaşları 118 manat etsə də, 99 manat pul alırlar.
Lalə Əmirəliyevanın isə fikri ancaq nəyin bahasına olur-olsun pul qazanmaqdır. Zərdab şəhər 1 nömrəli tam orta məktəbi 3 ildir ki, təmir adı ilə bağlanıb. Həmin məktəbin də işçilərinin əmək haqqısının yarısı Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonda təhsilin səviyyəsi çox-çox aşağıdır, davamiyyət yoxdur. Elə şagirdlər var ki, valideyinləri ilə Rusiyada yaşayırlar, lakin adları burada dərsdə gedir. Rayon ərazisində məktəblərin əksəriyyəti uçuq-sökük bərbad vəziyyətdədir. Qazı olmayan odunla isidilən məktəblərdə şagirdlərdən odun pulu yığılır. Odunçu ştatı üçün aylıq maaş 160 manat olsa da, 110 manat verilir, 50 manatı solyarka yanacağı adı ilə Lalə Əmirəliyevaya çatır. Müəlimlərin qəbul imtahanından keçid balını topalaya bilməyənləri daxili müqavilə ilə qanunsuz olaraq əmək haqqısının yarsını götürmək şərti ilə işlədirlər. Bu isə şagirdlərin savadsızlığına gətirib çıxarır. İmtahandan keçməyə savadı olmayan müəllim hansı mükəımməl təhsili verə bilər?”
Əhmədov Cəmayə Tahir qızı, Əliyeva Cəmilə Kamil qızı, Məmmədov Qənimət Tehran oğlu, Salahov Rahim Çingiz oğlu və Vəliyev Hidayət Ramiz oğlunun imzaları qeyd edilən məktubda şikayətçilər üzlərini ölkə rəhbərliyinə tutaraq təhsilin rayondakı durumuna bir çarı qılınmasını xahiş edirlər.
Zərdab rayon Təhsil Şöbəsinə etdiyimiz zənglərə cavab verilmədiyi üçün müdir Lalə Əmrəliyevanın mövqeyini verə bilmədik. Qarşı tərəfi dinləməyə hazırıq.
Tarix: 23-01-2018, 10:13