Xalqı ayağa qaldıran adamlar

Xalqı ayağa qaldıran adamlar
“Həqiqət üçün ən ağır zamanlar, hər şeyin həqiqətə oxşadığı zamanlardır”

(Stanislav Yeji Lets)


Nemət müəllim vaxtilə uca millətimizi başına yığıb meydan hərəkatı qayırmışdı və nəticədə Topxanadakı armud ağacı cəhənnəm, Vəzirovun əkdiyi qozları da itirdik. İndi isə adam elmi kəşflər istiqamətində çalışır. Misal üçün, deyir bir dənə istilik sobası kəşf eləmişəm. Mən bunun videosuna baxdım. Demək, evin içində vedrədə suyu qaynadırsan, qalxan buxar da eşşək boyda bir müşəmbə (klyonka - qədim türk dilimizdə yazsam) içərisində yığılır. Təxminən evin içində parnik açmaq kimi bir zaddır. Bunu görəndə yadıma çoxdan oxuduğum ingilis yumoru düşdü: “Qışda dayımın evi yandı. Çox sevindim, çünki ilk dəfə idi o ev isti idi”. Yəni indi Nemət müəllim də evin içinə su buxarı dolu nəhəng şar buraxmaqdansa bəlkə ocaq qalasa daha mükəmməl nəticə əldə edərdi. Əslində yaxşı edir, o boyda hoqqalara dözmüş millətin başında hansı ixtiranı sınaqdan çıxartsan halaldır. Turp əkirlər başımızda nə olur ki? Evimizdə parnik açsalar nə olacaq?

Ancaq insafən millət üçün çalışan, vuruşan ziyalılarımız da çoxdur. Gərək insan yaxşı cəhətləri də görsün, yazsın. Həyat ağ-qara rənglərdən ibarət deyil, boz da var. (Ermənistan boşalır, bunu özünüz məndən yaxşı bilirsiniz, yazmağa heç ehtiyac yoxdur. Ona görə yazmıram). Həmin millət fədailərindən xüsusi qeyd edə bilərik Xaləddin müəllimi. Binəqədi vilayətinin icra başçısını. O qədər xalq üçün çalışır, hətta mənə elə gəlir Xaləddin müəllimin ismi-şərifini başburutuna yanlış həkk ediblər, yəqin onun adı Xalqəddin olmalıdır. Lakin buna qiymət verən varmı? Əksinə, paxıllıq edirlər. Ayağının altını qazırlar. Getdiyi yolda kanalizasiya lyukunun qapağını oğurlayırlar ki, icra başçısı çalaya düşsün, bunlar (ya da rəhmətlik Nazim Nağıyev demişkən, “bınnar”) isə çirkin məqsədlərinə çatsınlar.

Haşiyə çıxaraq qeyd edim ki, son aylarda Binəqədi ərazisində kanalizasiya qapaqlarının oğurlanması kütləvi hal almışdır. Sanki bununla məşğul olan mütəşəkkil cinəyətkar dəstə vardır. O boyda inkişaf gedib, pensiyaların baza hissəsi 3 manat, elektriklərin pulunun faza hissəsi 3 manat əlli qəpik, maaşların qoza hissəsi 4 manat, narkomanların doza hissəsi 5 manat artmışdır! Buna görə biz partiya və hökumətə minnətdarıq! Bəs bu tiplər lyuk qapaqlarını niyə oğurlayır? Məqsəd yalnız yuxarıda yazdığım kimi, Xaləddin müəllimə sui-qəsddir.

Özü də bu qapaqların yerinə camaat taxtadan dairəvi qapaqlar kəsib qoyur. Bəzi yerlərdə çalaya ağac əkirlər. Bəzi küçələrdə isə çaladan müasir işıq dirəyi çıxır, çalanın dibində də ora yıxılan gənclərin, ağsaqqal və ağbirçəklərin istirahəti məqsədiylə müasir skameykalar qoyulmuşdur.

Mövzumuz bu deyildi, haşiyə bir az geniş alındı, üzürlü sayın. Xaləddin müəllimin möhtəşəm fəaliyyətindən bəhs etməliydim. Son vaxtlar, xüsusən vergilər naziri dəyişəndən bəri camaatın Xaləddin müəllimdən şikayətləri artmışdır. Misal üçün, görürsən saytda başlıq atıblar: “Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı”. Bəyəm bu pisdirmi? Qalxın, oturun. “Oturmayan ermənidir” - yuxarıda adını çəkdiyimiz məlum personaj demişkən. İcra başçısı istəyir biz qalxaq, hərəkət edək, xolesterolumuz azalsın.

Ümumiyyətlə, Xaləddin müəllimin sayəsində Binəqədi zonasında idman növləri çox inkişaf edibdir. O, nəinki xalqı ayağa qaldırır, həmçinin qışda xalqı sürüşdürür, payızda xalqı üzdürür, yayda qaçdırır (avtobus dalıyca) və sairə. Təpələr də düzəldib - alpinizmi öyrənəsiniz deyə. Ancaq heç görün “Xaləddin İsgəndərov xalqı təpəyə dırmaşdırdı” başlığı qoyan varmı? Paxıllıq bizim evimizi yıxacaq.

Yenə xüsusi qeyd edirəm, hər başlığa çıxarılan sözə aldanıb təxribata uymaq olmaz. Bizim Qarabağ dərdimiz var. Elə vaxtilə Xaləddin müəllim “Təmiz Binəqədi” projesini elan edəndə camaat bunu səhv başa düşmüşdü, zənn edirdilər zibil maşını gəlib küçələri təmizləyəcəkdir. Halbuki burada millətin cibini təmizləmək nəzərdə tutulurdu. Proqram uğurla aparıldı, bu saat regionda ən təmiz ciblər Binəqədi sakinlərindədir.

Zamin HACI
Tarix: 25-01-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti