Sarkisyanın məkrli oyunu - təhlil


Yanvar ayının hələ bitməməsinə baxmayaraq, artıq indidən Ermənistanda “transformasiyaönü simptomlar” özünü biruzə verməyə başalyır–duyulan budur ki, yeni siyasi sistemin ərəfəsi ermənilər üçün çox çətin olacaq.

Etiraf edək ki, indiyədək bir çox yerli və əcnəbi təhlilçilər Sarkisyanın bu oyununa istisnasız olaraq hakim partiyanın maraqları prizmasından baxırdılar, çünki “Bütün bunlar kimə lazımdır?” sualını verərkən adamın ağlına bircə familiya gəlir: Sarkisyan...

Amma görünür ki, ondan başqa da “bulanıq suda balıq” tutmaq istəyənlər çoxdur və artıq hamıya aydındır ki, Sarkisyana hakimiyyətini uzatmaq elə də asan olmayacaq.
Qafqaz həmişə uzunömürlülərilə tanınsa da, siyasi uzunömürlü olmaq təkcə möcüzəli iqlim şəraiti və eləcə də digər təbii amillərlə bahəm həm də başqa faktorları da tələb edir və bu faktorların çoxu təbiətşünaslığın çərçivələrindən kənardadır.

Biznesdə belə deyim var ki, tələb həmişə təklif yaradır. İndi Ermənsitanda da gündəmə hakimiyyət məsələsi çıxarılıb, deməli yetərincə təklif də olmalıdır, çünki əksər sovet ölkələrində olduğu kimi, bu axmaq diyarda da xoşbəxtliyə, hətta “Yer üzərindəki cənnət”ə aparan yollar hakimiyyətdən keçir – “alnında lap on barmaq yerləşsə də” əgər hakimiyyətə çıxışın yoxdursa, heç nə edə bilməyəcəksən...

Ona görə də nəinki hakim rejim, eləcə də müxalifət düşərgəsində artıq bir tərpəniş duyulur. Amma hamıdan çox iki familiyanı eşidirik: Sarkisyan və Karapetyan. Serjik artıq dövlətdə yalnız simvolik bir fiqur olacaq növbəti prezident üçün namizəd tapıb və o, diplomat A.Sarkisyan olacaq. Qalır, ən əsas “yağlı tikə” – baş nazir postu...

Buna da əsasən iki adam can atır – inidiki prezident S.Sarkisyan və baş nazir K.Karapetyan.
Birinci hələki hakimiyyət piramidasının zirvəsindədir, üstəlik, özünü də “Qarabağ müharibəsinin qəhrəmanı” sayır. Ona görə də əmindir ki, yeni posta ondan layiqlisi yoxdur.

Siyasi teatrın başqa aktyoru, yeni sistemdə baş nazir postuna ən iddialılardan biri olan hazırki baş nazir Karen Karapetyansa düşünür ki, əgər yeni post ona qismət olmasa, bu, nəinki ədalətsizlik, hətta məntiqsiz hadisə olar, çünki Serjik hakimiyyətin ləzzətini çox çəkib, indisə artıq növbə onun – Karapetyanındır.

Ona görə də əksəriyyət əsasən bu iki adamın siyasi trayektoriyasını diqqətdə saxlayır. Bir neçə gün əvvəl bildirilmişdi ki, Sarkisyan yanvar ayının üçüncü dekadasında Fransaya, prezident F.Makronun hüzuruna gedəcək və həm də Avropa Şurasının növbəti sessiyasında çıxış edəcək.

Fransanın seçilməsi aydındır, çünki Qərb ölkələrindən Ermənistanla ən çox maraqlanan Fransadır ki, Ermənistana hətta özünün “kiçik bacısı” da deyir. Bunun özü də maraqlı məqamdır – bütün ölkələr Ermənistanı qadın qismində görür. Hətta Avropa Birliyilə saziş imzaladığına görə rus qardaşları bu ölkəni yüngül əxlaqlı qadına bənzədirdilər, halbuki hansısa neqativ kişi obrazı da seçə bilərdilər...
Fransa Sarkisyan üçün başqa aspektdən də maraqlıdır. Ermənistanda hakimiyyət məsələsi əsasən Rusiya müstəvisində həll olunur, çünki hamı üçün birinci məsələ Rusiyanın dəstəyidir.

Amma Qərbdəki erməni diasporunun da maraqlarını nəzərə almaq lazım gəlir, çünki onlar da ciddi siyasi, üsətlik, maliyyə amilidi. Əminik ki, elə ermənilər Avropa Birliyilə sazişi də buna görə imzaladılar– ölkənin daha çox Kremllə bağlı olması xaricdəki diaspora üçün problem yaradır, onlar “əzabkeş vətən”ləri üçün dilənərkən daim bunu onların gözünə soxurlar.

Moskvaya gəldikdə, Sarkisyanın onunla problemi yoxdur, çünki heç vaxt “qırmızı xətt”i keçməyə cəsarət etməyib. Amma bütün ağalar kimi Kremldəki ağaların da əbədi nökərləri olmur və bu səbəbdən də onların seçimi başqa bir fiqurun da üzərində dayana bilər.

Baş nazir K.Karapetyan isə yanvarın son dekadasını İsveçrədə, daha dəqiq desək, Davosda keçirəcək. D.Tamp da bu foruma qatımaq niyyətindədir. Diplomatik protokolun və etiketin incəlikləri bizə bəlli deyil, ona görə də bilmirik, belə forumlarda baş nazirləri prezidentlərə təqdim edirlərmi? Amma amerikalı diplomatlar da güman ki, “əzabkeş bacı”ları haqqında birinci şəxslərin dilindən məlumat almaq istəyərdilər.

Artıq deyilib ki, guya, Rusiya prezidenti Davos Forumuna qatılmayacaqdır. Ona görə də mümkündür ki, S.Sarkisyan da ora baş çəkməsin. Amma Trampın da xeyir-duasını almaq onun üçün faydasız olmazdı...

Müxalifətə gəldikdə, o, hələ gücünü göstərməyib və məlum deyil, hakimiyyətə iddiasını hansı formada reallaşdıracaqdır? Amma gəl, vaxt keçdikcə “müxalifət” sözü daha çox eşidilir və duyulur.
Həm də burada bir detal var, hələki Sarkisyanla Karapetyan eyni “siyasi qayığı” bölüşür və ölkədəki siyasətə, xüsusən də gündən-günə gərginləşən sosial-iqtisadi problemlərə görə hər ikisi məsuldur. Ona görə də qarşıdakı bir–iki ayda müxalifətin tamamilə passiv element olacağını düşünmək də bir az qeyri–korrekt olardı.
Ən əsası, ermənilər (daha doğrusu, Sarkisyan və komnadası) tamam uğursuz seçim etdilər. Prezident üsul-idarəsindən fərqli olaraq, parlament respublikası həmişə mürəkkəbliyi və dinamizmilə seçilibdir.

Bu cür ölkələrdə hökumətlərin qurulmasının hansı çətinliklərlə müşayiət olunduğunu yada salın! Xatırlayın ki, bu cür ölkələrdə mühüm qərarların qəbulu prosesi hansı prosedur çətinliklərilə üzləşir!

Siz hətta bir ədəd belə avtoritar rejim tapa bilməzsiniz ki, orada parlament idarəçiliyi olsun, çünki bu, müstəsna olaraq demokratik bir institutdur.
Bundan başqa, parlament respublikası ilk növbədə, yüksək elektoral mədəniyyət və siyasi konsensus sənətidir–bunlarınsa heç biri İrəvanda yoxdur, çünki nə indi, nə də əvvəllər erməni cəmiyyəti yüksək hüquq mədəniyyəti və ictimai şüuru ilə, siyasi savadı ilə fərqlənməyibdir. Onun hakimiyyətləri də həmişə korrupsiyalaşmış, asiyatipli, kriminal və klan xarakterli hakimiyyətlər olubdur.
Əhalinin savadlı və fəal hissəsi, necə deyərlər, keçmiş mərkəzi elita çoxdan ölkəni tərk edib, əvəzində isə “provinsiallar” - əyalət adamları siyasi və ictimai ierarxiyada əsas yerləri tutub. İndi bu əyalət adamları cəmi dünyaya yüksək demokratik mədəniyyət nümayiş etdirməyi düşünür. Alınacaqmı? Növbəti “erməni nömrəsi” keçəcəkmi? Bütün bu oyun siyasi maskarada çevrilməyəcəkmi?..

Hüseynbala Səlimov
Tarix: 26-01-2018, 07:04
Xəbəri paylaş





Xəbər lenti