Mirmahmud Mirəlioğlu: “Heydər Əliyev Gülhanəyə zəng edib mənə başsağlığı verdi” Ölkə müxalifəti bu il də 20 Yanvar şəhidlərini ənənəvi qaydada, pərakəndə şəkildə ziyarət etdi. Hesab olunur ki, əslində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə hazırlaşdığımız ərəfədə nəinki Azərbaycan müxalifətinin, ümumilikdə iqtidarlı-müxalifətli bütün düşərgələrin bir araya gəlməsi arzuolunandır.KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”ın bununla bağlı suallarını cavablandırdı:
- Mirmahmud bəy, bu günlərdə müsbət qarşılanan bir məsələ oldu. Belə ki, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin xəstəxanada yatdığı zaman onun yaxınlarına “keçmiş olsun” dedi. Həmçinin müalicə üçün dövlətin gərəkən addımı atmağa hazır olduğunu açıqladı. Bu isə qardaş Türkiyə nümunəsini xatırlatdı və təqdir olundu. Siz bu faktı necə qarşıladınız? Necə bilirsiniz, iqtidar və müxalifət arasında təmaslara ehtiyac varmı?
- Çox böyük ehtiyac var. Ancaq onu da hakimiyyət görə bilər. Siz soruşmasaydınız - yəni mən konkret olaraq sizi, “Yeni Müsavat”ı yox, Azərbaycan mediasını nəzərdə tuturam - Siyavuş Novruzov bununla bağlı özündən cavab verməzdi ki. Odur ki, sizin gördüyünüz işlər kifayət qədərdir. Bu, təkcə Türkiyə nümunəsi deyil, həm də Azərbaycan nümunəsidir. Xatırladım ki, zamanında rəhmətlik Nəcəf bəyin müalicəsi üçün Azərbaycan hakimiyyəti kifayət qədər və külli miqdarda para xərclədi. Yəni onun müalicəsinin maddi tərəfini təmin etdi, bu işin içində varam, bilirəm. Allah bütün xəstələrə, İsa bəyə də şəfa versin. Siyavuş Novruzovun da məsələyə münasibəti təbii ki, şəxsən özünün münasibəti deyildi. Çox təqdirəlayiqdir, sırf insani münasibətdir, siyasi münasibətdir və çox normaldır. Yəni insan belə olmalıdır. Mən də onu oxuyanda nəyin necə olmasından asılı olmayaraq, Heydər Əliyevin Gülhanəyə zəng edib, Elçibəylə bağlı mənə başsağlığı verməsini xatırladım. Yəni burada sırf insani məsələlərdir və qeyri-adi bir şey yoxdur. Əslində kim olursa-olsun belə də olmalıdır.
- Bəs “Cümhuriyyət ili”ndə iqtidar və müxalifət arasında Qarabağla bağlı, yaxud digər məsələlər ətrafında birgə müzakirələr keçirmək mümkündürmü?- Bəli. Bu il Cümhuriyyətin 100 illiyi olduğuna görə Azərbaycan hakimiyyətinin o qədər geniş imkanları var ki, indiyəcən sərgilənən münasibətlər, siyasət istiqamətindən bütün məsələlərin hamısının üstündən xətt çəkə bilər, qorxulu bir yuxu kimi bunu unuda bilər və bu işləri görə bilər. İstiqlalçı millət vəkillərinə münasibətdən tutmuş, siyasi məhbuslara qədər... Yəni Cümhuriyyətin 100 illiyinə layiq işlər görməyə qərar verə bilər. Hətta mən deyərdim ki, Azərbaycan hakimiyyəti bir az da irəli gedə bilər, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində Azərbaycan Xalq Cümhuriyyətinin bərpasını tamamlaya bilər.
- Nəyi nəzərdə tutursunuz?- Biz bərpanı tam etməmişik. 1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bərpa olunanda, Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunanda - Konstitusiya Aktının müddəlarında bu, var, amma gerçəkləşməyib - təkcə atributlarımızı bərpa etmişik, mahiyyət isə qalıb. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. O, ayrı məsələdir ki, 25 nəfərlə o adamlar bu respublikanı necə idarə edib və s. Amma parlamentli respublikanı Azərbaycanda bərpa edə bilər. Azərbaycanda haqsızlığı aradan qaldıra bilər. Bakıdan bir neçə km-lik məsafədə qaz yoxdur, amma biz Avropanı, elə bu yaxınlarda bəlli oldu ki, Bolqarıstanın neçə faizinisə qazlaşdıracağıq. Mən inanmıram ki, Azərbaycan hökumətinin yüksək ranqında bu gün 7-8 partiyanın bir arada hərəkət etməsinə mane olmaq tapşırığı verilib ki, 20 Yanvar şəhidlərini birgə ziyarət etməyin, hökumət bundan narahatdır və s. Bu cür siyasətə son qoymaq və normal mühit, şərait yaratmaq üçün addımlar atmaq olar.
- Hakimiyyət sizi Cümhuriyyət tədbirlərinə dəvət etsə, qatılarsınızmı? Yaxud siz tərəfdən analoji dəvət olacaqmı iqtidar partiyasına?
- Biz Qarabağ Forumu keçirəcəyik və medianı, mütəxəssisləri, ziyalıları, siyasətçiləri dəvət edəcəyik. Azərbaycan hökuməti isə bundan böyük və bundan təsirli tədbir keçirə bilər. Çünki bütün rıçaqlar onun əlindədir. Bəli, Qarabağ probleminin həlli ilə də bağlı məsələyə münasibət bildirmək üçün bütün siyasi düşərgəni bir araya gətirə, parlamentdə normal müzakirə təşkil edə bilər. Amma bu müzakirələrin əvvəlkilərdən bir az fərqli cəhəti olmalıdır ki, real iş görülsün, Cümhuriyyətin 100 illiyində Qarabağ probleminin həlli istiqamətində konkret addım atılsın. Onunla da bağlı bizim 2008-ci ildə hakimiyyətə təqdim etdiyimiz paket var. Bu paket Qarabağ probleminin həlli ilə bağlıdır. Bunu daha da təkmilləşdirib hərbi doktrina səviyyəsində qəbul etmək mümkündür. Məncə, hakimiyyət istəsə, bundan yararlana bilər.
Məsələn, hakimiyyət elə 100 illikdə Məhəmməd Əmin Rəsulzadənin Bakıda bir böyük heykəlini qoysun, konkret adın əbədiləşdirilməsi istiqamətində işlər görsün, bu da təqdir olunsun. Tədbirlərə dəvəti əslində ilk olaraq hakimiyyətdən gəlməlidir ki, müxalifət də bunun fərqində olsun və bu addımları atsın.
Elşad PAŞASOY
Tarix: 26-01-2018, 08:42