Azərbaycan müxalifətinin Yavlinski və Sobçak seçimi
Putinin iki əsas rəqibindən hansına Bakıdan dəstək var?
Rusiyada mart ayında keçiriləcək prezident seçkisində prezident Vladimir Putinin rəqibləri sırasında nisbətən aktivliyi və reytinqi ilə fərqlənən namizədlər Qriqori Yavlinski və Ksenya Sobçakdır. Rusiya Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski artıq onların hər ikisinin Krım məsələsində mövqelərinə görə cinayət məsuliyyətinə cəlb olunmasının lazım olduğunu açıqlayıb: “Onları Rusiyanın ərazi bütövlüyünü pozduğuna görə məsuliyyətə cəlb etmək olar. Rusiya prezidentliyinə namizəd Qriqori Yavlinski və Kseniya Sobçak həbs edilməlidir”.
Azərbaycan cəmiyyətinin və müxalifətinin Rusiyadakı siyasi prosesləri, o cümlədən seçkini izlədiyi məlumdur. Bəs müxalifətin Qriqori Yavlinski və Ksenya Sobçaka münasibəti necədir?KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, Rusiyada keçiriləcək seçkilər bu dövlətin indiyə qədər keçirdikləri seçkidən fərqlənməyəcək: “İndi dünyada seçki texnologiyası və kampaniyası rəngarəngliyinə görə fərqlənən budur ki, favorit namizədlərdən biri qadın olur. Lakin Ksenya Sobçak zəif siyasətçidir, top modeldir, məhdud çevrəsi var.
Bu namizəddən fərqli olaraq Yavlinski daha üstün ola bilər. Ölkələrində iqtisadi reformalar təkliflər paketini irəli sürüb. Amma Putin hakimiyyətini qoruyacaq”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə dedi ki, Putin konkret olaraq, heç bir əziyyət çəkmədən növbəti dəfə prezident kürsüsünə oturacaq: “Putinə ən ciddi rəqib olacaq namizəd Aleksey Navalnı məhkumluğu üzərindən götürülmədiyi üçün seçkidən kənarda qaldı. Daimi namizəd Jirinovski haqda bir fikir söyləməyə dəyməz. Digər namizədlərin içində isə nisbətən fərqlənən iki namizəd var. Bunlardan ”Yabloko" Partiyasının lideri Qriqori Yavlinski və teleaparıcı Kseniya Sobçakdır. Nə Yavlinski, nə də Sobçak Putinə ciddi rəqib sayıla bilməz. Hətta Sobçak haqda Kremlin öz layihəsi olması ilə bağlı fikirlər də səslənib. Rusiyada prezident seçkilərinin şəffaf, demokratik keçirilməsini istərdik. Bu hadisənin regiona çox ciddi təsiri ola bilərdi. Amma gedişata nəzər salarkən təəssüflə qeyd edim ki, yaxın 5 il ərzində regiondakı siyasət dəyişməz olaraq qalacaq".
VHP İcra Aparatının rəhbəri Samir Əsədli qeyd etdi ki, Aleksey Navalnının namizədliyi qeydə alınsaydı, hakimiyyətə əsas rəqib o olacaqdı və Azərbaycanın demokratik qüvvələri onun qələbəsində maraqlı idi: “Yavlinski və Sobçak haqqında isə birmənalı fikir yoxdur. Biz Rusiyada demokratik seçki keçirilməsini, demokratik hakimiyyət formalaşmasını arzu edirik. Çünki Rusiyada demokratik seçkinin keçirilməsi Azərbaycanın da xeyrinə olar”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, onların xüsusi müdafiə etdiyi namizəd yoxdur: “Bu seçkilərin favoritinin hazırkı dövlət başçısı Putunun olmasına heç kəs şübhə etmir. Digər namizədlərin uğur qazanacağı inandırıcı deyil. Müxalifət düşərgəsinin digər keçmiş sovet respublikalarına münasibəti Rusiya ilə müqayisədə fərqlidir. Konkret olaraq hansı namizədin dəstəklənməsi haqqında fikirlərə rast gəlinməyib. Bizim üçün vacib olan fərdlərin deyil, ümumilikdə demokratiyanın qalib gəlməsidir. Rusiyada demokratiya qalib gələrsə, bu o deməkdir ki, Azərbaycanın da bu yolda qarşısında ciddi maneə qalmır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Tarix: 26-01-2018, 09:01