Siam.az Publika.az-a istinadən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.
– Mirmahmud bəy, siz əslən iranlısınız?
– Mən türk oğlu türkəm. Babam 600 il bundan qabaq Ərdəbildən gəlib. İran isə 1937-ci ilin söhbətidir. İndiyəcən İran adlı yer və məkan olmayıb. Mən güneyliyəm.
– Partiyanızın adı Klassik Xalq Cəbhəsidir. Özünüz də bildiyimizə görə, dəyərlərə sadiq klassik bir kişisiniz. Çoxları isə sizə “Ağa” deyə müraciət eləyir. Bu adla, bu imiclə getdikcə müasirləşən bir cəmiyyətdə tərəfdar toplamaq çətin deyilmi?
– Ola bilər, siz düşünürsünüz ki, cəmiyyət qloballaşma adı altında öz keçmişindən imtina eləməlidir. Bəli, bu cür düşünən adamlar var və belə şeylər hər zaman olub. Klassik Xalq Cəbhəsi Partiyasının adındakı “klassik” sözünü isə bizə cəmiyyət, media verib. İslahatçılar və klassiklər, islahatçılar və mühafizəkarlar və s. 2006-cı ilin mart ayında bizim qurultayda iki ad müzakirə olundu: Klassik və Milli Cəbhə Partiyası. “Klassik Xalq Cəbhəsi” adı səsvermədə üstünlük qazandı və bu cür də qəbul olundu. İkincisi, guya klassik olmaq geridəqalmışlıq hesab olunur? Millətini, dövlətini sevən və millət, dövlət yolunda fəaliyyət göstərən üçün adın önəmi yoxdur, əməlin önəmi var.
O ki qaldı konkret kimlərinsə mənə necə müraciət eləməyinə, siz “Mirmahmud bəy” də, “Mirmahmud” da, “müəllim” də deyə bilərsiniz... Amma çoxu mənə “Ağa” deyir. Bunu isə lağa qoyurlar, bilirəm. Bu da mənim üçün problem yaratmır.
– Qarşıdan gələn prezident seçkilərində namizədliyinizi yəqin ki, verəcəksiniz...– Bu barədə partiyanın qərarından sonra fikrimizi açıqlayacağıq. Ali Məclis və qurultay hansı qərarı təklif eləyəcəksə, ona uyğun da şəxsi qərarım olacaq.
– Namizədliyinizi verəcəyiniz təqdirdə ola bilərmi, sonradan daha güclü görüyünüz bir müxalifət liderini dəstəkləyəsiniz...
– Bu gün nə mənim namizədliyim var, nə də namizədlərin adı hələ tam açıqlanıb. Doğrudur, biz 2003-ci ildə İsa Qəmbəri dəstəklədik, amma...
– Yenə İsa bəyi dəstəkləyəcəksiniz?– Bunu zaman göstərər. Məncə, vəziyyət bir az fərqli olacaq.
– Ənənəvi müxalifət liderlərini xalq yaxşı tanıyır; sizi də, Əli Kərimlini də, İsa bəyi də, Arif Hacılını da və s. Xalqın inamını itirmiş siyasətçilər kimi təqdim olunursunuz. Sizcə, bu inamı itirmiş adamların yenidən seçkiyə getməsi və uğur qazanması çətin olmayacaqmı?
– Hesab eləmirəm ki, adını sadaladığınız adamlara cəmiyyətin inamı itib. Amma bu o demək deyil ki, bütün cəmiyyət bizim sevdiyimiz, bizim dəstəklədiyimiz adama səs verməlidir. Bu, yolverilməzdir, heç məntiqə də uyğun deyil. Kiminsə mənə inamı itibsə, getsin öz inamı ilə məşğul olsun. Təbii, mən də o adamın qarşısında inam qazanmaq üçün əlimdən gələni eləməliyəm. Amma onun istədiyi kimi olmalı deyiləm ki... Çeşidlər, baxışlar fərqlidir. Məsələn, Qarabağ probleminin həllinə baxış fərqlidir. Azərbaycanın sosial-iqtisadi vəziyyətinə baxış fərqlidir və s. Hərə bir cür düşünə bilər.
– Digər müxalifət liderləri kimi, siz nə üçün sosial şəbəkələrdə fəal deyilsiniz?
– Mən sosial şəbəkədə əvvəldən yoxam, sonra da lüzüm görməmişəm. Nə etməliyəm, bütün ordakı söyüşlərə cavab verməliyəm? Sosial şəbəkə bütün dünyaya xeyir gətirdi, təkcə Azərbaycandan başqa. Sosial şəbəkə Azərbaycanda insanların nə qədər və neçə mərtəbə söyüş söymək qabliyyətinə malik olduğunu ortalığa çıxardı. Sosial şəbəkələr Azərbaycana qan gətirdi, gənclərimiz bir-birlərini öldürdülər. Amma dünyaya xeyir verdi.
– Səhv eləmirəmsə, demişdiniz ki, məndə Əbülfəz Elçibəyin vəsiyyəti var, 40-dan sonra açıqlayacam. Açıqladınızmı?
– Sizə bu məlumatları kim deyibsə, onların maraqları tamamilə başqadır. Bəyin yazdıqlarının hamısı onun məzarı üstündə oxunub, videosu da var. İnternetə də yerləşdirilib, videonu bəzən çıxarırlar, bəzən də qaytarırlar və s. İyirmi iki dəqiqəlik “Elçibəy” filmi də var. O film bəyin 40-ından sonra bizim qəbul elədiyimiz qərarlara uyğun olaraq, Rövşən Almuradlı tərəfindən çəkilib.
– Bildiyimizə görə, filmin adı əvvəl “Tanrı elçisi” idi...– Bəli... Amma məsələlərə baxış bir az fərqli olduğuna görə “Tanrı elçisi” uğurlu ifadə sayılmadı. Eyni zamanda, bu adı Türkiyə televiziyalarında qəbul etmədilər, ona görə də filmin adı dəyişdirilib “Elçibəy” oldu.
– Vəsiyyəti filmdə var?– Vəsiyyət ailəsinə aid idi. Və vəsiyyətinin hamısı da açıqlanıb, deyilib. Beş müraciətinin hər biri filmdə getdi. Amma bu sualın arxasında dayanan adamların məqsədi nədir, onu yaxşı bilirəm.
– Məqsəd nə ola bilər ki?
– Siz o dövrü xatırlaya bilməzsiniz, çünki yaşınız buna imkan vermir.
– Mirmahmud bəy, siz uzaqgörən insansınız, bilərsiniz. Nə üçün Azərbaycan müxalifəti birləşə bilmir? Hərəsi ayrı-ayrı vaxtlarda mitinq keçirir, Fəxri Xiyabana ayrı-ayrılıqda gedirlər, hətta Şəhidlər Xiyabanını da ayrı-ayrılıqda ziyarət edirlər...
– Səbəblər çoxdur. Məsələn, Fəxri Xiyabanı ziyarət etmək üçün haqqın olmalıdır. Bəyin müraciətləri onun məzarı üstündə oxunanda indiki cəbhəçilərin çoxu tam təminat alandan sonra, xüsusi mühafizə ilə yas məclisində iştirak elədilər. Əleyhinə idilər, indi isə ziyarətə gedirlər. Təbii, burada bildiyimiz və bilmədiyimiz məsələlər var. Bildiyimiz odur ki, müxalifətdə bir mənəm-mənəmlik var. Hərəsi öz mövqeyini doğru-dürüst hesab eləyir. Və məsələlərə baxışımızda prinsipial fərqlər mövcuddur. Məsələn, biz eyni bir məsələyə hakimiyyətdə olanda bir cür, millət vəkili mandatımız olanda bir cür, olmayanda başqa cür, ölkənin daxilində olanda bir cür, olmayanda başqa cür münasibət bildiririk və bəlkə də, birləşə bilməmək də bu məsələlərdən qaynaqlanır. Bəlkə dünyagörüşlərimiz də fərqlidir. Bəlkə biri də özünü sığortalamaq üçün deyə bilər ki, Azərbaycan bölünmüş bir coğrafiyadır, ərazidir, vətənimiz, millətimiz bölünüb, ona görə də bölünmək bizim taleyimizə yazılıb.
– Bir fikir də var ki, müxalifət partiyalarının hərəsini bir qüvvə maliyyələşdirir, ona görə də birləşə bilmirlər.
– Nə qədər insan, fəaliyyət varsa, belə fikirlər deyiləcək. Bu cür insanların qarşısında adam öz hədəfi, ideyası uğrunda ölsə də, deyəcəklər ki, ölməyib, yalandan gözlərini yumub, bir azdan diriləcək. Ola bilsin ki, hansısa müxalifət partiyasını sizin dediyiniz qüvvələr maliyyələşdirir. Amma mən bu barədə heç bir şey bilmirəm. Mən bildiyim şeydən danışıram.
– Məsələn, bildiyimizə görə sizin partiyanın İdarə Heyətinin üzvü Nisəxanım sosial şəbəkədə yazmışdı ki...
– Bizim İdarə Heyətində belə bir adda xanım yoxdur.
– Hər halda partiyanızın üzvüdür...– Bəli, pariyanın elə bir üvzü var.
– Nisəxanım sosial şəbəkdə yazmışdı ki, Mirmahmud Ağanın partiyasını maddi baxımdan imkanlı qüvvələr maliyyələşdirir... Sonra yazdığını sildi.
– Belə bir şey oxumamışam. Bilmirəm və məlumatım da yoxdur. Ola bilər ki, təşkilatın içərisində belə fikirlər deyənlər, yayanlar olsun. Amma doğru deyil. Əgər əsaslandıra bilirlərsə, yazdıqlarını saxlasınlar, bəs sonradan niyə silirlər?
– Bəs siz necə, əsaslandıra bilərsiniz ki, Nisəxanım xanımın yazdığı səhvdir?
– Başa düşmədim, partiyanın sədri mənəmsə, deyirəm ki, belə bir şey yoxdur. Hardansa maliyyələşən parityanın yeri, şəraiti bu şəkildə olmaz, şöbələri belə olmaz... Adam nəsə danışanda da sözü Allahla və ədalətlə deməlidir. Nisəxanım da nə deyirsə, qoy desin. Allah köməyi olsun, bəlkə hələ az deyir.
– Bəs gözlənilməz bir vaxtda sədr aparatını buraxmağınızın səbəbi nə oldu?
– Bu bizim partiyadaxili məsələmizdir. Bunun isə müsahibələrdə və saytlarda getməsinə ehtiyac yoxdur. Amma gedirsə, bunun cavabı var və cavabı da verilib. Sizə bu məlumatı verənlər və bunu sosial şəbəkədə yazanlar cümlənin əvvəlini deyib, axırını demirlərsə, bu da mənim günahım deyil. Təbii ki, mən partiya ilə bağlı məsələləri mediadan gizlətmək iztəməzdim, fəaliyyət göz qabağında olmalıdır. Amma partiyanın iç işləri var, bunlar isə sosial şəbəkələrdə status yazmaqla, mənim müsahibələrdə nəsə deməyimlə həll olunan məsələlər deyil.
– Belə bir fikir də var ki, guya özünüzə alternativ görməmək üçün növbəti qurultaya qədər sədr aparatını buraxmısınız...
– Vay-vay-vay! Mən arzulayıram ki, alternativ olsun, partiyanı təhvil verim, dincəlim. Və sizə danışdıqlarımı oturum yazım. Aydındır? Müsahibədə dediklərimi, demək istədiklərimi, partiyanın iç məsələlərini yox, Azərbaycanın bu gününü, keçdiyimiz yolu, Azərbaycanın bütövləşə bilməməsinin səbəblərini yazım. Partiyadakı işlərimə görə bunları yazmağa vaxtım və imkanım yoxdur. Azərbaycanın tanınmış adamları, qələm sahibləri, Ədalət Tahirzadə və digərləri dəfələrlə tələb, təklif eləyirlər ki, bu danışdıqlarımı, gördüklərimi və bildiklərimi yazıb ortalığa qoyum. Partiya fəaliyyətim isə bunları yazmağa imkan vermir.
– Partiya sədrliyindən getməyinizə nə mane olur?
– Hə, təhvil verib, normal getmək lazımdır. Rahat təhvil verəsən və gedib oturasan. Siz yaxşı bir müsahib tapırsınız, danışdırırsınız, ləzzətlə yazırsınız, sayta verirsiniz. Adama da ləzzət eləyər ki, missiyasını başa çatdırsın və rahat getsin. Gedəndə də nəsə qazanmaq lazımdır, partiya itirməməlidir. Partiyanı təhvil verirsən, vicdanın da rahat olur, için də rahat olur, arın-arxayın gedirsən. Lap sabah təhvil verim, mənim üçün heç bir problem yoxdur.
– Bəs niyə təhvil vermirsiniz, alternativ yoxdur?
– Söhbət alternativdən getmir. Ləyaqətli insanlarımız nə qədər istəsən var. Mən özüm də demişəm ki, növbəti qurultaya hazırlaşın, gənclər də olsun. Lap mən sabah sədrlikdən getməyim, ölüm. Partiyaya yenə yiyə durucaqlar, aparacaqlar... Yəni qayda budur.
– Bayaq dediniz ki, missiyamız var, missiya başa çatmalıdır. Hədəflərdən danışdınız. Partiya sədri olaraq nədir missiyanız, hədəfləriniz?
– Partiyanın missiyası bütöv Azərbaycandır. Azərbaycanda siyasət elə qurulmalıdır ki, yalan və böhtan ortadan götürülsün. Təhsilin, səhiyyənin vəziyyəti yaxşılaşmalıdır. Elmi-texniki tərəqqi, avadanlıq ən yüksək səviyyədə olmaqla deyil. Bəs mənim insanlarım niyə Azərbaycandan kənarda – Təbrizdə, Tehranda, Rusiyada, Kiyevdə, Moskvada, Avropada növbədə dayanmalıdırlar və həkim müayinəsindən keçməlidirlər? Təhsil, səhiyyə normal olmalıdır. Qarabağ problemi həll edilməlidir. Bundan sonra sənin missiyan bitir.
– “Bütöv Azərbaycan” deyəndə Əbülfəz Elçibəyin bütövlük ideyasını nəzərdə tutursunuz?
– Mən sizin xarakterinizi bilirəm, yəni bir-birimizi tanıyırıq. Bilirəm ki, hətta atanızı da tənqid eləyə bilirsiniz. Amma dəyərə çevrilmiş adamların haqqında danışanda ehtiyatlı olmaq lazımdır. Elçibəyin məşhur bir fikri var ki, bütöv Azərbaycan mənim həyatımın mənasıdır. Əslində, Azərbaycanın bütöv olması hər kəsin həyatının mənası, ümumiyyətlə, Elçibəyin bu ideyası bizim həyat tərzimiz olmalıdır. Çünki bütün bölünmüş xalqlar, bütün bölünmüş ərazilər birləşiblər. Hətta BMT yaradılır, həmin ərəfədə parçalanmış Almaniya belə bir müddətdən sonra birləşir. Bəs bizi niyə qoymurlar birləşməyə? BMT yaradılanda gündəlikdəki ilk məsələlərdən biri Güney Azərbaycan idi, amma bu günə kimi o işə baxılmır. Bu problem dünya siyasətini tənzimləyəcək və xilas yolu ola biləcək məsələdir. Amma dünya yeyib-içməyin, zor eləməyin, silah satmağın peşindədir.
– Yeyib-içmək pis şeydir ki?– Yox, söhbət o yeyib-içməkdən getmir. Yeyib-içmək də lazımdır, amma yaşamaq üçün. Daha yeməkdən ötrü yaşamamlısan.
Tarix: 26-01-2018, 20:43