Qabil Hüseynli: “İki həmsədr ölkənin aktivləşməsi onların məsələni ermənilərin maraqlarına uyğun həll etmək istəklərindən irəli gəlir”
ATƏT-in Minsk qrupunun həmsədri olan üç ölkədən ikisi-Fransa və Rusiyadan Dağlıq Qarabağ münaqişəsi haqda son bir neçə gündə ard-arda bəyanatlar səsləndi.Belə ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 23-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, Qarabağ münaqişəsinin həlli vacibdir. Makron bildirib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır.
E.Makronun bu açıqlamasından iki gün sonra Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır: “Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq”.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın dövlət başçısının dedikləri ölkəmizdə müzakirələrə yol açıb. Məlumdur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqe tutmalı olan dövlətlərdən biri sayılsa da, hər zaman tərəf tutub, yəni xristian təəssübkeşliyindən çıxış edərək, təcavüzkar Ermənistana müxtəlif yollarla dəstəyini ifadə edib.
Rusiyanın isə Ermənistanı açıq-aşkar müdafiə etdiyi hər kəsə məlumdur. 2018-ci ilin ilk ayında bu iki həmsədr dövlətin ard-arda “Qarabağ problemi həll edilməlidir” bəyanatlarını verməsi suallar yaradır.
Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a şərhində dedi ki, hər iki həmsədr ölkə Qarabağ məsələsinə yanaşmalarında tərəf tuturlar və beynəlxalq hüququn normalarının pozulmasına göz yumurlar, indiki açıqlamalarında da səmimi olduqları şübhəlidir: “ATƏT-in Minsk qrupu yaranandan Rusiya ilə Fransanın Qarabağ məsələsində mövqeləri demək olar eyni olub. Özü də bu mövqelər daim Ermənistanın tərəfini tutmaqla ortaya qoyulub. Rusiya Ermənistanı birbaşa dəstəkləyir və bunu gizlətmir. Fransa isə Ermənistanı özünün ”kiçik bacısı" adlandıraraq işğalçı ölkəni dəstəkləyir. Amma bunu müxtəlif ibarələrlə ört-basdır etməyə çalışır. Hər iki həmsədr ölkə Qarabağ probleminə yanaşmada ikili standartlarla yanaşma sərgiləyir. Bəzən Qərb ölkələrindən postsovet məkanındakı bütün münaqişələrə eyni yanaşmanın zəruriliyi vurğulanır. Elmi-nəzəri cəhətdən əsaslandırılmayan fikirlər irəli sürürlər ki, guya Qarabağ tamamilə əlahiddə bir yanaşmanı tələb edir. Çünki burda etnik ermənilər yaşayır və bu ermənilərin öz müqəddəratını təyin etmək prinsipindən vaz keçmək olmaz. Halbu ki, ermənilərin Qarabağın aboregen xalqı olmadığı məlumdur. Abxaziyada abxazlar, Cənubi Osetiyada osetinlər orada aboregen xalqlardır, min illərdir həmin ərazilərdə yaşayırlar. Amma Qarabağdakı ermənilərə bunu aid etmək üçün heç bir tarixi fakt yoxdur. Ermənilər Qarabağda gəlmə millətdirlər və onların burada məskunlaşdırılmasının tarixi heç iki yüz ilə çatmır. Ermənilər Qarabağa köçmələrinin şərəfinə Ağdərə abidə də ucaltmışdılar. Gəlmə xalqların da öz müqəddəratını təyinetmə hüququ yoxdur. İkincisi, erməni xalqı öz müqəddəratını Qərbi Azərbaycan torpaqlarını təyin ediblər və bu gün Ermənistan dövləti mövcuddur. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç zaman razı olmayacaq. Bu ən yüksək səviyyədə dəfələrlə bəyan edilib və bunu Rusiya da, Fransa da bilməmiş deyillər. İndi Fransa və Rusiyanın aktivləşməsi onların məsələni ermənilərin maraqlarına uyğun həll etmək istəklərindən irəli gəlir. Onlar məsələləri süni surətdə sürətləndirib problemi öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinə nail olmaq istəyirlər".
Q.Hüseynli vurğuladı ki, Rusiya və Fransa Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artmasından narahat olmağa başlayıblar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan gec-tez torpaqlarını müharibə yolu ilə geri alacaq. Bu il müharibə təhlükəsi kifayət qədər real olduğundan və bu müharibədə Azərbaycanın uğur qazanacağından ehtiyatlanan Rusiya və Fransa məsələnin sülh yolu ilə həllini sürətləndirmək haqqında danışmağa başlayıblar: “Onlar nəticəsi olmayan sülh danışıqları prosesini süni surətdə sürətləndirmək istəyirlər. Əgər onlar münaqişənin həqiqətən də ədalətli həllinə tezliklə nail olunmasını istəyirlərsə, mexanizmi də təklif etməlidirlər. Eyni zamanda bu mexanizmlərin hansı prinsiplərə söykənəcəyini də bəyan etməlidirlər. Bütün bunlar ortada yoxdursa ”Qarabağ danışıqları sürətləndirilməlidir, problem həll edilməlidir" kimi bəyanatlar səmimi qarşılana bilməz. Neçə ki, həmsədr dövlətlər məsələyə qeyri-obyektiv, qeyri-səmimi yanaşır bu problemin sülh yolu ilə həlli mümkün olmayacaq və bu da Azərbaycanı öz torpaqlarını azad etmək üçün başqa yollara baş vurmağa vadar edəcək".
Tarix: 27-01-2018, 10:09