Erməni həyasızlığı və Qarabağın işğalda qalmasının əsl səbəbi

Erməni həyasızlığı və Qarabağın işğalda qalmasının əsl səbəbi
100il əvvəl onun-bunun “maşa”sı olmaqla, min cür fitnə-fəsad qurmaqla Azərbaycan ərazilərində dövlət elan edən ermənilərin varisləri bu gün daha artıq həyasızlıq nümayiş etdirməklə torpaqlarımızda ikinci erməni dövlətini qurmaq istəyirlər. Beynəlxalq aləmdən təpki görməyən işğalçı ölkə yalan, iftira dolu siyasət yürütməklə olub-keçənləri, işğalı unutdurmağa çalışır.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında erməni həyasızlığının daha bir nümunəsinin şahidi oldu. Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Sevinc Fətəliyevanın təqdim etdiyi qanun layihəsinin müzakirəsi zamanı çıxış edən erməni deputat Naira Zöhrabyan həyasızcasına iddia edib ki, Azərbaycanı Nürnberq prosesi gözləyir. Tarixdən xəbərdar olanlar bilir ki, Nürnberq prosesi İkinci Dünya Müharibəsindən sonra, 1945-49-cu illərdə Nasist rejimin rəhbər şəxsləri üzərində qurulan məhkəmədir. O zaman hərbi məhkəmələr ABŞ Fransa, İngiltərə və Rusiyada təşkil olunmuşdu. Mühakimə olunan şəxslər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop kimi bəşəri cinayətlər törətmiş cəlladlar var idi.

Dünyada ədalət olsaydı, Zöhrabyan ləçərlik edib bu ifadəni dilə gətirə bilməzdi, Nürnberq prosesi məhz Ermənistan rəhbərliyi üçün qurulardı. Təkcə ona görə yox ki, bu ölkənin başında dayananlar ölkədə faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəlini ucaldıblar. Ona görə ki, Ermənistana rəhbərlik edənlər uşaq qatillərdir. Düzdür, faşist Almaniyasının başında dayananlar sülhə qarşı sui-qəsddə, sülhə qarşı cinayətlərdə, müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə ittiham olunmuşdular. Ancaq onların heç biri Serj Sərkisyan kimi, mülki vətəndaşları qırdığını fəxrlə bildirməmişdi. Tarixdən məlumdur ki, almanlar hətta işğal etdikləri ərazilərdə dinc sakinlərə toxunmurdular, hətta partizan müharibəsinin tüğyan etdiyi dövrdə də. Serj Sərkisyan isə “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır” etirafını şəxsən etmiş canidir. Bu etiraflar araşdırmaçı-jurnalist Tomas de Vallın “Qara Bağ” kitabında da əksini tapıb.

Avropa məkanına üzv olan ölkə qonşu dövlətin ərazisini işğalda saxlayır və ona qarşı hər hansı sanksiya tətbiq olunmur. Belə olan halda əlbəttə ki, Zöhrabyan kimilər daha da həyasızlaşacaqlar.

İki gün əvvəl isə Xocalı qatili Serj Sərkisyan bu qurumun tribunasından çıxış etdi: Hərbi Tribunal qarşısında dayanmalı olan cani! AŞPA tribunasından “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyən cinayətkar prezidentə görün, Azərbaycan nümayəndə heyətindən başqa hansısa ölkənin təmsilçilərindən sərt reaksiya verən oldumu?

Şəhidlər Xiyabanında bir məzar var: 5 yaşlı naməlum qızın məzarı. Onu 1992-ci ilin fevralında Serj Sərkisyan qətlə yetirib, Qarabağdakı terrorçu qruplaşmalara rəhbərlik etdiyi zaman. Təkcə Xocalıdakı soyqırım faktı erməni prezidentin ömürlük həbsə göndərilməsi üçün kifayət edirdi. Ancaq Qaraxanlıda 2 yaşlı Zəhranı öz həyətlərində oynayarkən qətlə yetiriləndən sonra da erməni prezidentə həm BMT tribunasından, həm də AŞPA-dan hədyanlar söyləməsi üçün şərait yaradıldı.

Təsəvvür edin, AŞPA üzvü olan işğalçı ölkənin prezidenti Azərbaycan ərazilərini zəbt etdiklərini və bu yoldan geri çəkiləyəcəklərini dediyi anda, azərbaycanlı hüquq müdafiəçisi 4 ilə yaxındır girov saxlanılan Kəlbəcər girovlarının fotolarını etiraz olaraq qaldırır, ancaq bu zaman işğalçı dövlət başçısının çıxışı kəsilmir, öz yurdunda girov götürülənlərə azadlıq istəyən Əhməd Şahidov zaldan çıxarılır. Bunun özü təkcə ədalətsizlik deyil, həm də beynəlxalq hüquqa tüpürmək, işğalçının yanında yer almaqdır.

Ermənilər iftira yağdırır, işğala bəraət qazandırır, illərdir başımızın altına yastıq qoyan ATƏT-in Minsk Qrupu adlı mənasız qurumun həmsədri isə deyir Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in müşahidə missiyasının genişləndirilməsinə prinsipal razılıq verdilər. Yəni müşahidəçilər kimin birinci güllə atdığını dəqiqləşdirib hesabat verəcəklər. Bunlar anlamaq istəmir ki, bizə torpağımız lazımdır, daha çox müşahidəçi yox...

Alman faşizminə məhkəmə quran ABŞ, Fransa, Rusiya kimi ölkələr illərdir ki, erməni faşizminə meydan, tribuna, “İsgəndər”, gecəgörmə cihazı verirlər. Qarabağın işğalda qalmasının səbəbi bax, budur...





Elşad PAŞASOY
Tarix: 27-01-2018, 10:37
Xəbəri paylaş





Xəbər lenti