2018 - Azərbaycanda həm də prezident seçkiləri ilidir. Artıq seçki ili başlasa da, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Sanki nə müxalitəf, nə iqtidar, nə də cəmiyyət seçkiyə hazırlaşmır. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Reytinq” qəzetindəki müsahibəsinə seçki ilindəki durğunluğun səbəblərinə aydınlıq gətirməklə başlayıb
Mia.az həmin müsahibəni təqdim edir:
- Seçki ilindəki "ölgünlük” ölkədə mövcud olan siyasi rejimin nəticəsidir. Hakimiyyət uzun illərdir ki, məqsədyönlü şəkildə siyasi rəqabət fazasını və alətlərini sındırmaqla məşğuldur. Siyasi institutlar qeyri-rəsmi şəkildə ləğv edildiyindən, siyasi təqvimdən asılı olmayaraq həyat süst görünür.
Hakim partiya opponentlərinin meydandan sıxışdırılması ilə məşğuldur və dinc yolla hakimiyyətə gəliş, dövlət qurumlarında təmsilçiliyin əldə edilmə imkanları heçə endirilib. Nə parlament, nə bələdiyyə, nə də hökumətin işində legitim mübarizə şəraitində, qanuni prosedurlar nəticəsində təmsil olunmaq mümkünsüzdür. Vəziyyətin ən yaxşı izahını professor Şirməmməd Hüseynov verib: "YAP dövlət deyil, hakimiyyət qurub”.
Səhih şərhdir, deyilmi? Ona görə də indiki idarəçilik şərtləri də dövlətin gəlişməsini deyil, hakimiyyətin qorunub saxlanmasını nəzərdə tutur. Belə üslubda isə bircə idarəçilik forması - avtoritarizm məqbuldur. Siyasi rəqabət belə hakimiyyətlər üçün yad fəlsəfədir.
Hakimiyyətimiz artıq alternativ fikri bütün formalarda rədd edir, dözümsüzləşib. Durğunluğun kökü belə düşüncədədir.
Vəziyyətə ümidsiz baxmağın tərəfdarı deyiləm. 2013-cü ildə də belə vəziyyət hakim idi. Moskvanın layihəsi saydığım İbrahimbəyovun Milli Şurası aprel ayından təcil almağa başlamışdı. Elə təxminən o dövrdə də prosesin iç və kənar personajları hərəkətə gəlmişdi.
Fəallaşmanı aprel-may aylarına gözləmək lazımdır. O aylarda ciddi konfiqurasiya formalaşsa, ümumi nəticə haqda düşünmək olar. Əgər müxalifət toparlana bilməsə, müxtəlif qrupların məhəlli maraqlar uğrunda mübarizəsinin şahidi olacayıq. Əlbəttə ki, proseslərə müxalifətdaxili yerdəyişmələrlə yanaşı hakimiyyətdaxili qrupların toqquşması və beynəlxalq çevrələr də həlledici təsir göstərə bilər.
- Əvvəlki seçkilərdə də ölkədə seçkiyə inam güclü deyildi, amma müxalifət yenə də seçki hazırlığına xeyli əvvəldən başlayırdı. Müxalifət seçkidən əlini birdəfəlik üzüb, yoxsa nəyisə gözləyir?
- Əslində növbəti seçkilərin hazırlığı cari seçkilərdən sonra dərhal başlayır. Partiyaların gündəlik fəaliyyətinin arxasında seçkilərə hazırlıq durur. Bu, normalda belədir.
Lakin niyə özümüzü aldadırıq? YAP-ın ən ciddi zərbələrindən biri də insanımızın şüuruna "Seçki ilə mümkün deyil”,- ehkamını pərçimləməsidir.Ölkədə manatımızdan daha çox seçki prosesi devalvasiya etdirilib. Aşınma o həddədir ki, 7-dən 77-yə heç kəs seçkiyə inanmır. Dövlətçilik prinsipi və vətəndaşlıq hissinə bundan böyük zərbə ola bilməz.
Müxalifət ümidsiz görünə bilər. Bu, aldadıcı təəssüratdır. Belə olsaydı, hakimiyyət hər addımda onu təqib etməz, insanları həbsə atmaz, beynəlxalq çevrələrə milyardlar xərcləməz, mətbuata milyonlar səpələməzdi. Güclü hakimiyyətlər özünə güvəndiyindən müxalifətin ağzını yummur, mətbuatı sıxışdırmır, insanları məhrumiyyətlərlə sınağa çəkmir.
Dediklərim müxalif düşərgənin potensial gücünün əlamətidir. Bunu iqtidar gözəl bilir. Bilir ki, hakimiyyətin ömrü bir ədalətli seçki qədər qısadır. Əks halda iqtidarın durumunu patoloji hal kimi qiymətləndirmək olardı. Hakimiyyətin bu halda fobiyası əsassız deyil. Əksinə, ciddi dəlillərə söykənən analitik bilgidir.
Hakimiyyət müxalifətdən rəqabət müstəvisində xeyli zəifdir. Bunu istənilən debatda sübut etməyə hazıram.
Biz, VİP olaraq əlimizi heç nədən üzməmişik. Yazı Yaradana məxsusdur. Müsəlmanlar ümidsiz olmamalıdır. Biz də inanırıq ki, Allahın qədərini bəndə pozmaq gücündə deyil. Deməli, bizə buyrulmuş əmrlərə diqqətlə yanaşmalı, özümüzü islah etməli və mübarizəmizi davam etməliyik. Qələbə Allaha məxsusdur. Onun ipindən düz və bərk tutsaq, qələbəyə müvəffəq olarıq.
İqtidarın rolunu şişirtməyin tərəfdarı deyiləm. İnamsızlığı isə qətiyyətlə rədd edirəm. Bu mənim yaşam fəlsəfəmə zidd hissdir.
- Maraqlısı odur ki, hakim düşərgədə də seçkiyə hazırlıq ciddi şəkildə hiss olunmur. Sanki hakimiyyət də müxalifət kimi nəsə gözləyir. Necə düşünürsünüz, hakim komandada seçki ilə bağlı fərqli fikirlər ola bilərmi?- Yox, hakimiyyət seçkiyə ciddi hazırlaşır. Qarşısında olan maneələri dinməzcə aşmaqla məşğuldur. Sadəcə, cəmiyyətdəki susqunluq onların marağına uyğundur.
Sizin suallarınızda da olan bədbinlik tonu hakimiyyətin yaratdığı situasiyadan irəli gəlir.
Hakimiyyət ajiotaj tərəfdarı deyil. Çalışırlar ki, seçki ovqatı dövriyyəyə girməsin, cəmiyyət ümidsiz olsun, çıxılmazlıq psixojisi davamlı olsun. Bu, onların istəyidir.
Ancaq seçki onlar üçün xüsusi önəm kəsb edir. Onlar üç ciddi problemlə üz-üzədir - xalq və onun avanqardı olan zəiflədilmiş müxalifət, hakimiyyətdaxili qrupların amansız savaşı, çoxcəhətli və rəngarəng beynəlxalq ictimaiyyət və böyük dövlətlərin maraqları.
Daxili dəstəyi zəif olan iqtidar üçün formalaşdırılmış daxili mühit məqbuldur. Onlar seçkini adlamaq istəyindədirlər.
- Adətən Azərbaycan kimi ölkələrdə hakim komanda daxilində "çatlar” yaranmayınca, onun məğlubiyyətinin mümkün olmadığı düşüncəsi yaranır. Hazırki hakim komandadan qopmaları nə dərəcədə real sayırsınız? Yaxud qopmalar olarsa, bu, nə dərəcədə effektli əks mübarizəyə rəvac verə bilər?- Əslində ölkənin siyasi mübarizə resursları hakimiyyət çətiri altına toplandığından mühit passivdir. Bu seçkilər sürprizlər gətirə bilər. Ailə komandanı dəyişmək, paradiqmaları yeniləməyi düşünür. Bu, çox sadə baxışla fərq edilən reallıqdır. Biz, bir qədər əvvəl bu işlərin məlumatını əyani surətdə görür və eşidirdik.
"Köhnə qvardiya” asanlıqla can vermir. Mübarizə şiddətlə davam etməkdədir. Ailə tədricən bütün sferalarda nəzarəti bərqərar etməyə çalışır. Arxasında hansı niyyətin durduğunu söyləmək çətindir.Lakin yeni təyinatlara verilən göstərişlərdən sezmək olur ki, korrupsiyanın ya qarşısını almağa, ya da təmərküzləşdirməyə çalışırlar. Yəqin bir müddətdən sonra daha dəqiq fikir söyləmək mümkün olacaq. 10-a qədər dövlət müəssisəsində 2 ilə yaxındır ki, yeni komanda üzvlərinin rüşvətə və traybolizmə qarşı mübarizə apardığını dəqiq deyə bilərəm. Ancaq güc çatmadığı da ortadadır. Səbəbləri çoxdur. Təmamilə başqa mövzudur. Gələcəkdə bu barədə əlahiddə danışarıq.
İndi isə hakimiyyət dəhlizlərində baş verənlər şəksiz ki, gələcək mübarizə dönəmində həlledici amilə çevrilə bilər. Çünki neft pullarının total gəldiyi dövrdə xeyli sayda məmur nəzarətsiz şəkildə varlanıb, beynəlxalq əlaqələr qurub, ehtiyat meydançalar və instrumentariumlar yaradıb. Ayrı-ayrı məmurların ciddi siyasi, hərbi, kommunikativ, beynəlxalq, maliyyə resursları onları siyasi mübarizənin elementlərinə çevirə bilib. Zamanında mərhum prezident Heydər Əliyev belə təsadüfliklərə yol vermirdi. Lakin bu, sonrakı dönəmdə mümkün oldu. İndi isə məmurlar həlledici güc sahibidir. Necə davranacaqlarını, hansı addım atacaqlarını proqnoz etmək çətindir.
Həm də ölkədə fors-major yaradıcısı ola biləcək xeyli sayda insan var. Onların birinin gücü kifayətdir ki, situasiya dəyişsin.
- Hər seçki ilinin əvvəlində, seçkiyə az müddət qalmış ölkədə siyasi çalxalanma ehtimalı barədə fikirlər səslənir. Sizcə, 2018-də buna əsas yarana bilər?- Bizim kimi avtoritorizmə söykənən quruluşa malik dövlətlərdə çalxalanma ehtimalı daim yüksək olur. Çünki cəmiyyətdə sabitləşdirici institutlar legitim deyil, millətin gəliri qeyri-bərabər bölünür, bu bölgü də əsasən regional prinsiplə aparılır, ideoloji boşluq dərindir, ölkə dini ideologiyaların real sınaq meydanıdır və s. Əvvəldə qeyd etdiyim kimi, iqtidar komandası bir nəsil dəyişikliyi keçidini də yaşayır. Bu, həm də ölkədə regional dəngəyə ciddi təsir edə bilər.
Beynəlxalq çevrələrin qarşıdakı seçkilərə münasibəti bilinmir. Misal üçün, son Davos sammitində hələlik prezident Əliyevin bir dənə də olsun ciddi protokol görüşü baş tutmayıb. Baxmayaraq ki, Davos siyasi rəhbərliklərin təması üçün ən münasib meydança sayılır. Hələlik dünya liderləri açıqda demokratiya və insan haqları məsələlərində reputasiyası o qədər də yüksək olmayan Azərbaycan rəhbərliyindən məsafə saxlayır. Bu vəziyyət prezident Əliyevin BMT-yə səfəri zamanı da sezildi.
Belə olduğu təqdirdə cəmiyyət istənilən vaxt laxladıla bilər. Hərçənd, mən şəxsən belə situasiyanın yaranmasının əleyhinəyəm. Lakin iqtidar bu ehtimalın qarşısını almaq üçün real addımlar atmır. Belə fors-majordan yalnız qanuni yolla formalaşmış institutlar - prezident, parlament, özünüidarə qurumları, müstəqil məhkəmələr, vətəndaş cəmiyyəti, müstəqil mətbuat xilas edə bilər. Hakimiyyətimiz isə bu qurumları formal saxlasa da, mahiyyətini mənimsəyib.
- Ümumiyyətlə, 2018-ci il Azərbaycan üçün köklü dəyişiklik ili ola bilərmi?- Ola biləcəyini düşünürəm. Hətta nə qədər qəribə görünsə də, bunu seçki ilə bir o qədər bağlamıram. Şəxsi kanallarla əldə etdiyim məlumatlara görə, hakimiyyət daxilində menecment vurğuları dəyişib. Bu, kadr qərarlarının qəbulu ünvanına da, idarəçilik fəlsəfəsinə də, hətta idarə edən şəxslərin özlərinə də aiddir. Zahirdən tam görünən iqtidar komandasında idarəçilik dreyf edib. Artıq 3-5 il əvvəl qərar qəbul edən şəxslər prosesdə tam iştirak etmirlər. Düzdür, bu asanlıqla və rəvan getmir. Müqavimət güclüdür. Bununla belə, nələrsə edilir.
Ölkə islahatlara hamilədir. Bu ya yuxarıdan, ya da kənarın iştirakı ilə aşağıdan baş verəcək. İkinci gedişat təhlükəlidir. Dayanıqsızlıq şəraitində bu ssenari Suriya hadisələrini təkrar edə bilər. Həm idarə edənlərimiz, həm də geosiyasi yerimiz Suriyaya çox bənzəyir. Daha çox yuxarıdan ediləcək dəyişiklikləri istərdim. Özümüzün gücü çatmadığı şəraitdə iki ziyanın arasında seçmək zorundayıq.Əlbəttə, obyektiv proses nəticəsində baş verəcək islahatları arzu edərdim. Təəssüf ki, bunun işartılarını görmürəm.
Ümid edirəm ki, bu il siyasi açılım ili olacaq. Qismən də olsa, ölkənin demokratiyaya, legitimizasiyaya ehtiyacı var.
Tam demokratik proseslərə keçid imkanını görmürəm, həm də düz saymıram. İnsan fizioloji aclıqdan sonra qidalanmağa tədricən başlamalıdır. Əks halda həzm traktında, həm də bütövlükdə orqanizmdə geridönməz fəsadlar yarana bilər.Cəmiyyətimiz 25 ildir demokratiya aclığı keçirir. Birdən veriləcək maksimal azadlıqlar ölkəni dağıdar. İstər legitim proses, istərsə də süni gedişatda demokratiya zəruridir, lakin dozası nə əskik, nə də artıq olmalıdır. Resept ixtisaslı "həkim” tərəfindən müəyyən edilməlidir. İnanmaq istəyirəm ki, tarixi şansı əlində olacaq şəxs ölkəyə demokratiya müalicəsi təyin edəcək. Hər halda bu, istəkdir.
- Seçkilərdən sonrakı proseslər barədə nəsə deyə bilərsiniz? Hər halda seçkisonrası proseslər adətən dönüş nöqtəsinin başlanğıcı olur. Bu baxımdan, 2018-in sonunda hansı istiqamətdə dönüş ola bilər?- Seçkinin özünü gözləmək lazımdır. Hələlik konkret fikir söyləmək çətindir. Seçki teatrının aktyorları niyyətlərini açıqlamırlar, ssenari də görünmür. Bir neçə nəfər istisna olmaqla, seçki tərəfləri mövqelərini göstərmirlər. Əgər seçki əvvəlki illərdə olduğu kimi söyüş, böhtan, bir sözlə, abırsızlıq məcrasına yönəldiləcəksə, onda heç nə. Yenə də "köhnə hamam, köhnə tas” olacaq. 4-5 nəfər təmkinli "müdrikin” və 2-3 nəfər tərbiyəsizin şousuna baxıb, növbəti 7 il də dözmək, yaxud da qeyri-qanuni hadisələrə ümid bağlamaq zorunda qalacayıq.
Lakin başqa versiya da mümkün sayılmalıdır. Yaşayaq, görərik.İstərdim ki, bu seçkilərdə dövlət legitim prezidentə sahiblənsin. Ölkə düşmənçilik dalanından çıxa bilsin. Növbəti mərhələ dəyişikliklər illəri olsun.
Zaur ƏHMƏD
Tarix: 30-01-2018, 21:27