Prezidentliyə namizədlərin 40 min imza problemi

Prezidentliyə namizədlərin 40 min imza problemi
4 partiyanın namizədi rəsmi bəllidir, digərləri isə...

2018-ci ilin oktyabrında prezident seçkisində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini irəli sürməkdədirlər. Prezidentliyə namizədliyini ilk irəli sürən Müsavat Partiyasıdır. Müsavat Partiyası 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda lideri İsa Qəmbərin 2018-ci il prezident seçkisinə namizədliyini irəli sürmək qərarı vermişdi. Bir neçə gün öncə-yanvarın 27-də isə Müsavat Məclisi İsa Qəmbərin namizədliyini təsdiq edərək seçki qərargahı yaratmaq qərarı verib. Namizədini irəli sürən ikinci partiya Vətəndaş və İnkişaf Partiyasıdır. Bu partiya 2017-ci il mayın 28-də keçirdiyi qurultayında sədri Əli Əliyevin növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmiləşdirib. Əldə etdiyimiz məlumata görə, VİP-də seçki hazırlıqları həyata keçirilir.

Namizədini üçüncü irəli sürən təşkilat AĞ Partiyadır. AĞ Partiyanın namizədi sədrləri Tural Abbaslıdır.

KXCP Ali Məclisi isə yanvarın 27-də Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürüb.

Digər partiyaların hələ ki namizəd irəli sürməklə bağlı qərarları yoxdur. Ümid Partiyası, AXCP, AMİP, ADP, VHP kimi tanınmış partiyalar yekun qərarlarını verməyiblər. Onların bir neçəsi bu il qurultay keçirməyi planlaşdırırlar və seçki ilə bağlı qərarı da qurultayda verəcəklərini bəyan ediblər.

Partiyalılığı olmayan, xaricdə yaşayan bir neçə şəxs (Rəsul Quliyev, Hüseyn Abdullayev) də seçkidə iştirak edəcəklərini açıqlayıblar.



AĞ Partiyanın sədri, namizədi Tural Abbaslı “Yeni Müsavat”a
bildirdi ki, namizədlərin sayının artması sevindirici haldır. Çünki prosesdə nə qədər çox maraqlı siyasi təşkilat və şəxs iştirak edərsə, seçkilər bir o qədər canlı olar. Yəni iştirakçıların çoxluğu seçkiyə diqqəti artıracaq və seçkinin ən azı hansısa mərhələlərinin rəqabətli keçməsini təmin edəcək: “Bizim də partiyalar olaraq işimizdən biri seçki prosesinə daha çox vətəndaş diqqətini və iştirakını təmin edərək baş verə biləcək saxtakarlıq və neqativ halların qarşısının alınmasına çalışmaqdır. Bu aksiomadır ki, hər hansı bir seçkiyə vətəndaş diqqəti və iştirakı nə qədər çox olarsa hakimiyyətin saxtakarlıq cəhdləri bir o qədər çətinləşər. Mən sizin vasitənizlə Mirmahmud bəyi partiyasının namizədi olması münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Biz AĞ Partiya olaraq hələ aylar öncə rəsmi olaraq namizədimiz barədə qərar vermişik. Bu qərar partiyanın aidiyyəti qurumu tərəfindən yekdilliklə verilib. Bilindiyi kimi, AĞ Partiyanın 2018-ci ildəki prezident seçkilərində namizədi mən olacağam. Bu barədə mətbuatda da kifayət qədər məlumat yayılıb. Yəni biz bu qərarı artıq çoxdan vermişik”.

Namizədliyin rəsmi qeydə alınması üçün lazım olan 40 min seçici imzasının toplanması məsələsinə gəldikdə, Tural Abbaslı dedi ki, bu prosesin ağır və əziyyətli bir proses olduğu heç kəsə sirr deyil: “AĞ Partiyanın rəhbərliyindəki şəxslərin 16-17 illik praktik siyasi təcrübəsi var. Bu seçkilər bizim siyasilər olaraq iştirak edəcəyimiz ilk seçkilər deyil. Biz bundan öncə müxtəlif növ seçkilərdə müxtəlif mövqelərdə iştirak etmişik. Və bizim seçkilərdə iştirak barədə kifayət qədər təcrübəmiz var. Əminəm ki, AĞ Partiya olaraq bu mərhələni uğurla başa vura biləcəyik. Biz imzatoplama kampaniyasına hazırlığı da aylar öncədən başlamışıq. Buraya imza toplayacaq şəxslərin siyahısı, imza toplanacaq seçki dairələrinin müəyyənləşdirilməsi, bu zaman lazım ola biləcək maddi-texniki bazanın hazırlanması, kampaniyanın qanunvericiliyə uyğun tələblərinin icrasının təşkili və s. daxildir. Yəni biz reallıqları və real resurslarımızı nəzərə alaraq hazırlaşmağa çalışırıq. Digər partiyaların da bu mərhələdə xüsusi bir çətinlik çəkəcəklərini düşünmürəm. Çünki həmin partiyaların da kifayət qədər təcrübəsi var və onlar da bir çox seçkilərdə iştirak ediblər. Hakimiyyət xüsusi çətinliklər və əlavə süni problemlər yaratmasa bu mərhələnin normal keçəcəyinə inanıram”.

Etibar SEYİDAĞA
Tarix: 31-01-2018, 08:31
Xəbəri paylaş





Xəbər lenti