Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın o tayından, o biri...

Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın o tayından, o biri...
Düşmən ölkə blokadanı yumşaltmaq hayında ikən Kremlin forpostu olmağın daha ağır bədəlini ödəmək zorunda qala bilər

“Gürcüstan Rusiya qazının alışından birdəfəlik imtina edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən ölkənin iqtisadiyyat nazirinin müavini Georgi Çikovani bildirib. O, yanacağın bu növünə Gürcüstanın tələbatını bütünlüklə Azərbaycanın ödədiyini söyləyib. “Sadəcə, Rusiya qazı bizə daha lazım deyil, Azərbaycan qazı tamamilə kifayətdir”, - deyə o bildirib.


Ekspertlər Gürcüstanın tamamilə Azərbaycan qazına keçməsini Cənub Qaz Dəhlizi boru kəməri sistemi layihəsi ilə əlaqələndirirlər. Həmin layihə çərçivəsində “Şahdəniz -2" qazı Azərbaycandan Türkiyəyə, oradan isə Avropa Birliyi ölkələrinə nəql ediləcək. Kəmərin bir hissəsi kimi TANAP bu il işə düşməlidir.

Ancaq sözsüz ki, məsələnin siyasi tərəfləri də var. İş ondadır ki, bu imtina ilə qərb qonşumuzun illərdir Abxaziya və Cənubi Osetiyanın işğalına görə gərgin münasibətlərdə olduğu Rusiyadan enerji asılılığı sıfra düşəcək. Paralel şəkildə Azərbaycanın Gürcüstan üçün dəyəri artacaq, iki ölkə arasında bağlara növbəti birisi əlavə olunacaq.



Bu, həmçinin o deməkdir ki, Ermənistanın Abxaziyadan xilas dəhlizinin açılmasına bəslədiyi və son vaxtlar xeyli artmış ümidlər boşa çıxacaq. İşğalçı ölkənin öz müttəfiqi Rusiya ilə quru (dəmiryolu) əlaqəsi əlçatmaz olaraq qalacaq.

*****

Hər necə olmasa, Gürcüstan öz enerji təhlükəsizliyinə görə, ümumiyyətlə, təhlükəsizliyinə görə Azərbaycana minnətdar olmalıdır. Ancaq bu, sözdə deyil, quru minnətdarlıqla yox, “maddiləşmiş”, yəni Azərbaycanın maraqlarına cavab verən bir şəkildə və yaxşılığa adekvat olmalıdır.

Söhbət əlbəttə ki, öncəliklə Ermənistanın izolyasiya rejimini yumşaltmasına hər hansı formada imkan verməməkdən gedir. Bu yöndə təcavüzkara istənilən yaxşılıq, güzəşt Azərbaycana böyük pislik deməkdir təbii ki. Çünki işğalçıya istənilən növ dəstək - işğala dəstək, eyni zamanda Ermənistanın işğalçı müttəfiqi Rusiyaya dəstək deməkdir; İrəvana “İşində ol!” mesajıdır; işğalçının özünü bundan sonra da komfortda hiss eləməsinə yardımçı olmaqdır. Belə pisliyi Azərbaycan xüsusən də öz dost-müttəfiqlərindən gözləmir, bunu haqq eləməyib.

Konkret olaraq İrəvanın Abxaziya dəmir yolunun işə düşməsinə bəslədiyi ümidlərə gəlincə, “Yeni Müsavat” bir daha xatırladır ki, rəsmi Tiflis ən əvvəl siyasi amilə görə buna razılıq vermir. Çünki Rusiya anlaşma sənədinə Abxaziya və Cənubi Osetiya “hökumətləri”nin də müstəqil tərəf qismində imza atmasında təkid edir ki, bu şərtin qəbul edilməsi də avtomatik şəkildə Tiflisin separatçı qurumları müstəqil dövlət kimi tanıması anlamına gəlir. Gürcüstan təbii ki, bunun əleyhinədir.

*****



Bu arada məlum olub ki, Rusiya işğal altındakı Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olmasına icazə verib. Musavat.com-un məlumatına görə, dünən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsi Rusiya ilə Cənubi Osetiya arasında imzalanmış və “Cənubi Osetiya silahlı qüvvələrinin Rusiya silahlı qüvvələrinin tərkibinə keçməsi qaydası” haqda sazişi dəstəkləyib və Federasiya Şurasına (Rusiya parlamentinin yuxarı palatası - red.) onu ratifikasiya eləməklə bağlı tövsiyə verib. Federasiya Şurası bu gün - yanvarın 31-də məsələyə baxacaq.

Bu da o anlama gəlir ki, onsuz da diplomatik əlaqələri 2008-ci ildə “5 günlük müharibə” səbəbindən kəsilmiş Tiflislə Moskva arasında siyasi-diplomatik uçurum bir az da dərinləşəcək. Demək ki, ermənilərə separatçı bölgələrdən quru dəhliz açmaq planı bir az da qəlizə düşəcək.

*****

Rusiya ilə Abxaziya dəmir yolu ilə dəhlizə nail olmayan Ermənistan üçün başqa daha “nəfəs kəsici” xəbər ABŞ-dan gəlib. Belə ki, Amerikanın Rusiya hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. “Yeni Müsavat” bildirir ki, ABŞ dünəndən etibarən Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməyə başlayıb.



Məlumatlara görə, Moskva ilə imzalanacaq müqavilənin əhəmiyyəti və onun nə dərəcədə ziyanlı olmasını ABŞ tərəfi müəyyən edəcək. Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” Qanun əsasında tətbiq ediləcək.

Qeyd edək ki, bu qanun təkcə xarici yox, həm də Rusiya şirkətlərinə də ölkə hərbi sənayesi ilə əlaqəni qadağan edir. ABŞ oktyabrda Rusiyanın 25-dən çox hərbi şirkətini özünün qara siyahısına daxil etmişdi. Rusiya 2017-ci ildə Azərbaycan da daxil, bir sıra ölkələrə 14 milyard dollar silah satıb.

*****

Doğrudur, Azərbaycan da sanksiyalardan dolayı müəyyən problemlə üzləşə bilər. Hərçənd, məsələn, rusiyalı hərbi analitik Anatoli Tsıqanyuk hesab edir ki, ABŞ Rusiya silahlarının Azərbaycana tədarükünə göz yumacaq, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır. “Amerika Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil. Ermənistana münasibətdə isə əksinə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür”, - deyə o xəbərdarlıq edib.

Bundan əlavə, Ermənistandan fərqli olaraq Azərbaycanın alternativ yolları var, silahı başqa ölkələrdən - İsrail, Türkiyə, Pakistan, Belarusdan da ala bilər və alır. Üstəlik, Bakının buna maliyyə resursları yetərlidir. Ermənistan isə hər mənada Kremlin girovluğundadır. Deməli, Rusiyaya qarşı getdikcə daha da sərtləşən sanksiyaların altını onun sadiq satelliti Ermənistan da çəkməli olacaq.

Söhbət həm də iqtisadi xarakterli məhdudiyyətlərdən gedir. Kəsəsi, blokada şəraitində olan, əsas qonşuları ilə sərhədləri bağlı, dünya okeanına çıxışdan məhrum və xarici sərmayədarlar üçün heç bir cazibədarlığı olmayan Ermənistan Rusiyaya görə babat “bədəl” ödəməli olacaq.

“Yeni Müsavat”ın analitik xidməti
Tarix: 31-01-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti