Müxalifət üçün seçki dilemması – iştirak, yoxsa boykot...

Müxalifət üçün seçki dilemması – iştirak, yoxsa boykot...
2018-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürənlərin sayı getdikcə artır. Seçkidə iştirak niyyətini açıqlayanlarla yanaşı seçkinin boykot edilməsi mövqeyində olanlar da var. Son günlər sosial şəbəkələrdə seçkini boykota çağırışları müşahidə edilməkdədir. Xüsusilə bəzi müxalifətçilərin boykot əhvalına kökləndiyi görünür. Bəs seçkini boykot düzgün və effektli yoldurmu?

ADP sədrinin müavini Taliyət Əliyev “Yeni Müsavat”a bildirdi ki, bu il ölkədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakla bağlı cəmiyyətdə birmənalı mövqe yoxdur. Bəziləri hesab edir ki, seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur, onsuz da seçkilər saxtalaşdırılacaq. Bəziləri isə seçkilərdə iştirak etməyin vacibliyini qeyd edirlər. Hər iki mövqe sahiblərinin də kifayət qədər arqumentləri var: “Seçkilərin saxtalaşdırılmasını nəzərə alsaq, seçkilərin boykot olunmasının tərəfdarlarına haqq qazandırmamaq çətindir. Çünki, insanlar seçkilərə gedir, istədiyi namizədə səs verir, nəticə isə seçicinin istəyinə uyğun olmur. Belə halda insanlarda seçkilərə inam azalır və nəticə etibarı ilə təbii ki, seçkilərdə iştirak etməyin mənasız olduğunu düşünürlər. Amma bu günə qədər keçirilən seçkilərin bir neçəsi müxalifət tərəfindən boykot olunub.

Seçkilərdə iştirakla seçkilərin boykot olunmasının nəticələrini müqayisə edəndə seçkilərdə iştirakın cəmiyyət və partiyalar üçün daha faydalı olduğu qənaətinə gəlmək olar. Çünki, seçkilərdə iştirak etməklə, istər-istəməz həm partiyalarda, həm də cəmiyyətdə bir aktivlik nümayiş olunur, partiyalar seçki qanunvericiliyinin verdiyi məhdud imkanlardan belə yararlanaraq özünün ideya və fikirlərini cəmiyyətə çatdırmaq imkanı qazanır və s. Seçkilərə getmədikdə bu imkanlardan məhrum olunur və seçkilərin saxtalaşdırılması üçün daha münbit şərait yaranır.


Bütün bunlara rəğmən hər bir təşkilat seçkilərdə iştirakla bağlı sərbəstdir və seçkilərdə iştirak edib-etməmək onun hüququdur. Bu baxımdan hər bir təşkilatın mövqeyinə hörmətlə yanaşmaq lazımdır. ADP olaraq biz də seçkilərdə iştirakın tərəfdarıyıq, amma bu iştirakın formaları barədə hələ ki, müzakirələr gedir”.


KXCP sədrinin müavini Xəzər Teyyublu isə dedi ki, boykot özü bir siyasi aksiyadır, amma çıxış yolu ola bilməz. Seçki prosesini izləmək, nəzarət etmək və saxtakarlıq olunarsa qarşısını almaq üçün seçkidə iştirak vacibdir: “Bu baxımdan KXCP seçkilərdə iştirakı vacib hesab edir. KXCP Ali Məclisi 28 yanvar 2018-ci ildə partiya sədri Mirmahmud Mirəlioglunun namizədliyini irəli sürüb. Biz seçkidə fəal iştirak edəcəyik və qanun pozuntuları olacaqsa üzə çıxartmaqda fəallığı əsirgəməyəcəyik”.



AMİP katibi Əli Orucov isə bildirdi ki, partiyanın lideri Etibar Məmmədov bu il keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib. Lakin partiya hələ seçkilərlə bağlı qərar verməyib: “AMİP Azərbaycanda zəngin seçki təcrübəsi olan partiyadır. Lakin təəssüflər olsun ki, hələ də ölkədə seçki ənənəsi formalaşmayıb və demokratiyanın vacib elementlərindən biri kimi seçki sıradan çıxarılıb. Seçkili institutlar da ciddi zədə alıb. Nəticəsi əvvəlcədən bəlli olan və hakimiyyətin total nəzarəti ilə keçirilən hansısa seçkidə namizəd kimi iştirak mənasızdır, vaxt itkisindən başqa bir şey deyil. Boykota gəlincə, bu taktika Azərbaycanda uğur qazanmır. Çünki əvvəla, müxalifət yekcins deyil. Hakimiyyət üçün siyasi mübarizə və rəqabət görüntüsü yaratmaq problem deyil. Bu gün onlarla partiya növbədədir ki, formal da olsa onların seçkilərdə iştirakına şərait yaradılsın. Onsuz da seçicilər seçkilərdə iştirak etmirlər və bu passiv boykotla nəticələnir. Lakin müxalifət düşərgəsinin əsas fəaliyyəti siyasi rəqabət mühitinin yaradılması da daxil, fundamental dəyişikliklərin həyata keçirilməsinə nail olmaqdır. Başlıca vəzifə beynəlxalq ictimaiyyətin və ölkə ictimaiyyətinin diqqətini buna yönəltmək olmalıdır”.



Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu isə bildirib ki, boykot mübarizə meydanından çəkilməkdir və meydandan çəkilmək düzgün deyil: “Hakimiyyət bizi 9 aydan sonra döyüşə-seçkiyə dəvət edir. Biz hələ vaxta çox qalmasına baxmayaraq atəşkəs-boykot təklif edirik. Bu 9 aya nələr ola bilər, situasiya necə dəyişə bilər nəzərə almırıq. Təsəvvür edin müxalifət 10 nəfər qeydə alınmış namizədlə seçki marafonuna qoşulur. Rayonlarda görüşlər, mitinqlər, teledebatlar... Aydındır ki, iqtidarın bir əsas namizədi olacaq. Təsəvvür edin teledebatlardır, iqtidaryönümlü namizədlər İsa bəylə, Əli bəylə, Qubad İbadoğlu ilə, Natiq Cəfərli ilə və s. müxalifətin as mütəxəssisləri ilə debata çıxıblar, əhali də teledebatları izləyir. Təsəvvür edirsinizmi? İqtidarın siyasi fəaliyyətindən tutmuş, iqtisadi fəaliyyətinə qədər, bank sistemindən tutmuş neft sisteminə qədər necə təftiş olunacağını təsəvvür edirsinizmi? Bunun nəyi pisdir ki? Cəmiyyətin fəallaşmağını istəmirdinizmi? Buyurun. Bəs müxalifət boykot yolunu seçəcəyi halda hansı mənzərənin ortaya çıxacağını təsəvvür edirsinizmi? Yalnız hakimiyyət nümayəndələri efirdə olurlar. Belə yaxşıdır? Şəxsən mən Əli bəydən tutmuş, Qubad bəyə qədər hamısı üçün imza toplayıb görüşlər təşkil eləməyə hazıram. Bizim bir məqsədimiz var-ədalətli cəmiyyət qurmaq”.

Etibar SEYİDAĞA
Tarix: 31-01-2018, 23:12
Xəbəri paylaş





Xəbər lenti