Rusiya Azərbaycanla Ermənistan arasındakı hərbi balansa o qədər həssaslıqla yanaşır ki, adam lap heyrətə gəlir; bu ölkədən Azərbaycana bir silah-sursat partiyası daxil olan kimi heç həftə keçmir ki, eyni partiya və yaxud da Azərbaycana göndərilən silahlara qarşı cavab kimi istifadə oluna biləcək hərbi texnika İrəvana da göndərilir.
Bu dəfə də belə oldu. Rusiyadan Azərbaycana silah-sursat gəldi və bir neçə gündən sonra İrəvana “Kornet” tipli hərbi texnika göndərildi. Ona görə də növbəti illərdə “Dağlıq Qarabağ hərbi teatrında nələr olacaq?” kimi suallarla vurnuxmağa ehtiyac yox – V.Putin daha altı il hakimiyyətdə olacaq və zərgər dəqiqliyilə iki münaqişə iştirakçısı arasındakı hərbi balansı təmin edəcək, imkan verməyəcəkdir ki, daha imkanlı, hərbi arsenalını öz hesabına genişləndirmək gücündə olan Bakı rəqibindən–İrəvandan önə keçsin...
Bəli, bir tərəfdən V.Putinin daha altı il də hakimiyyətdə olması o deməkdir ki, ciddi dönüşlər, dəyişikliklər fors-major situasiyalar baş verməyəcək,- onun siyasi üslubu, eləcə də hakimiyyət taktikası artıq bəllidir, o, daha asan proqnozlaşdırıla bilinən siyasət adamıdır, üstəlik, Bakı ilə də müəyyən münasibətləri formalaşıbdır.
Amma burada çox ciddi nüans var. Putin dövründəki Kreml Ermənsitanla ölkə kimi, Azərabaycanla isə rəsmi Bakının dostu kimi davranır, bunlar isə tamam fərqli şeylərdir və biz bunu demək olar ki, hər an hiss edirik.
Elə bu səbəbdən də düşünürük ki, daha altı Rusiyanın öz həyatında olduğu kimi Dağlıq Qarabağ münaqişə teatrında da “zastoy” illəri olacaq və Rusiya prezidenti Azərbaycanla Ermənistan arasındakı hərbi tarazlığı qorumaqla bunu təmin edəcəkdir.
Heç böyük güclər də bu vəziyyəti dəyişmək iqtidarında və yaxud fikrində deyil. Hərə bunu bir cür yozur. Amma məsələ bundadır ki, heç kimin durub nüvə dövləti olan Rusiya ilə vuruşmaq fikri yoxdur və bunu Ukraynanın timsalında görmək olar- bu ölkədəki münaqişəyə münasibətdə Qərb daha birmənalı mövqe tutsa da, yenə Rusiyaya qarşı yumşaq təzyiq siyasətini həyata keçirməyə, siyasi və iqtisadi sanksiyalar və təzyiqlərlə kifayətlənməyə üstünlük verir.
Amma heç olmasa, Ukrayna hadisələrinə yanaşmada ciddi siyasi aydınlıq var və bir az əvvəl qeyd etdiyimiz kimi, Qərb həmin məsələdə daha birmənalı mövqe tutur. Qarabağla bağlı isə bunu demək olmur. Bir müddət bundan irəli, ölkələə İraqdakı və İspaniyadakı separatizmə qarşı birmənalı mövqe tutanda ümid yarandı ki, bəlkə MDB məkanındakı on illərlə davam edən münaqişələrə də münasibət dəyişdi, amma gəl, belə olmadı– bu münaqişələrin “köhnə dəyirmanı” elə əvvəlki tövründə və ya istiqamətində fırlanmaqdadır...
Bu baxımdan Qarabağ probleminə yanaşmada həm həqiqət, həm də ədalət defisiti duyulmaqdadır. Heç kim əsl həqiqəti bilmək istəmir və biz isə həqiqət deyəndə bunu yalnız tarixi həqiqət kimi başa düşürük və başlayırıq tarixin ənginliklərinə baş vurmağa. Amma İraqdakı kürd və İspaniyadakı katalon separatizmi zamanı heç kim qədim Mesopatamiya və yaxud da Servantes dövrünün İspaniyasının detallarına baş vurmadı – həqiqət bu idi ki, İraq və İspaniya kimi dövlətlər, onların hamı tərəfindən tanınan sərhədləri və bu sərhdələri qorumaq hüququ vardır. Bu hüquq da hər iki məsələyə yanaşmada əsas götürüldü.
Bir daha deyirik ki, Dağlıq Qarabağa münasibətdə bunu etmirlər. Əslində bəlkə də edərlər, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün atdığı hərbi addımlara dəstək verərlər, amma bu addımların qarşısında Rusiya kimi böyük maneə var. Kreml nəinki İraqdakı kürdləri qızışıdırmağa gizli cəhdlər edir, hətta katalon separatizminə də çox incə şəkildə dəstək verirdi. Amma bunu açıq edə bilmir və bu səbəbdən əksər ölkələr hər iki separatizm ocağına birmənalı münasibət sərgiliyəndə Kreml, necə deyər, səsini çıxara bilmədi. Amma o, keçmiş sovet məkanını özünün “qanuni maraq dairəsi” hesab edir və böyük ehtimalla hər dəfə bu məkan danışıqlarda siyasi alver predmeti olur – məsələn, Yaxın Şərqdə neytrallığın müqabilində ruslar cənubi Qafqazda hərəkət, siyasət sərbəstliyi tələb edirlər.
Düzdür, dünyada heç vaxt əbədi bölgülər olmur. Elə ötən əsri götürsək, qalib dövlətlər ikinci dünya müharibəsindən sonra Avropanı böldülər, di gəl, bu bölgü ilə müvəqqəti razılaşan Qərb dövlətləri tez bir zamandaca Rusiyaya qarşı daha ciddi savaş açdılar, “soyuq müharibə”yə start verib onu yarım əsrdən sonra qalibiyyətlə başa vurdular və Avropanın bir neçə ölkəsini azad etdilər...
Nə vaxtsa digər keçmiş sovet ölkələrilə bağlı da belə olacaqdır. Amma nə vaxt? Məsələ də bundadır. Güman edirik, yaxın altı ildə olmayacaq bu – V.Putin imkan verməyəcək, rusları özünün “geosiyasi uğurları ilə” yedizdirərək labüd finalı yubadacaqdır. Amma heç də əbədi olmayacaq belə vəziyyət və gün gələcək, ruslara da “finita la commedia” deyiləcək.
Hüseynbala Səlimov
Tarix: 1-02-2018, 09:51