Referendumdan sonra prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində seçkilərdə iştirakla bağlı qərar vermədiyini açıqlamışdı.
Əliyev onu da bildirmişdi ki, heç bir növbədənkənar prezident seçkilərindən söhbət gedə bilməz.
AnaXeber.Az xatırladır ki, zaman-zaman iqtidar “mətbəx”indən növbədənkənar seçki təklifi ortaya atanlar olurdu. Onların məqsədi tələm-tələsik İ.Əliyevin namizədliyini elan etmək idi.
Çünki hakimiyyət dəhlizlərinin o bir tayından I vitse-prezident Mehriban Əliyevanın namizədliyini dəstəkləyən təşəbbüslərə rast gəlmək olardı.
Və bunu həyəcan siqnalı kimi qiymətləndirənlər İ.Əliyevin namizədliyini rəsmiləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar.
Onlar gedişatı gözəl müşahidə edirdilər: Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir həmlədə əldən çıxarılıb.
Bu qorxulu tendensiya saray içində “ağ inqilab” projesinin başladılmasına əsas verirdi. Yəni, hakimiyyət mərhələli şəkildə M.Əliyevanın komandasına ötürülür.
Və bu minvalla Əliyevanın prezidentliyə namizədliyi də irəli sürülə bilər ki, növbədənkənar seçkilər üçün tələsənlərin sonunun başlanğıcı deməkdir.
Odur ki, hakimiyyətin qocaman qvardiya üzvləri və YAP iqtidarının köhnə adamları seçki ilinin ilk ayının sonuncu günündə prezidentliyə namizədi bəyan etdilər.
Bəli, bəli, məhz yanvarın 31-də YAP İ.Əliyevin namizədliyini açıqladı və beləliklə bütün şayiələr dəfn edildi.
***
AnaXeber.Az yazır ki, əslində, İ.Əliyevin namizədliyi tələsik və erkən elan olundu. İctimaiyyət gözləmirdi ki, belə tezliklə hakim partiya namizədini irəli sürəcək.
Görünür ki, növbədənkənar seçki təşəbbüsünü irəli sürənlər “iki ayağını bir başmağa dirəyib” planı reallaşdırmağa hazırlaşıblar.
Digər tərəfdən, hakimiyyət daxilində vaxt uzandıqca parçalanmalar dərinləşirdi və siyasi böhrana gətirib çıxara bilərdi.
İ.Əliyev daxili auditoriyadakı vəziyyətlə bərabər xarici faktorları da müşahidə edirdi, səfərlərdə ona verilən informasiyalar əsasında addımlar atırdı.
Rusiyada martda keçiriləcək prezident seçkilərinin Azərbaycana təsir amillərini də nəzərə alaraq, İ.Əliyev özü namizəd olmağa və mürəkkəb situasiyadan çıxmağa qərar verib.
Belə demək olarsa, təkcə klanlararası mübarizəni nəzərə alaraq seçkidə iştirak etməyib, xarici faktorlar mühüm əhəmiyyət kəsb edib.
Onsuz da iqtidar daxilindəki Bakı klanı kifayət qədər möhkəmləniblər və bundan sonra da mərhələli siyasi proqram çərçivəsində istəklərini diktə edəcəklər.
M.Əlyevanın I vitse-prezident postunda önəmli qərarlar verəcəyi, köklü dəyişikliklərə səbəb olacaq addımlar atacağı şübhə doğurmur.
Necə ki, referendumdan sonra komandada gözlənilməz dəyişikliklər baş verdi, seçkidən sonra da Naxçıvan qruplaşmasının bir neçə iri fiquru yola salına bilər.
Yeri gəlmişkən, ilk seçkidir ki Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin təsiri çox az hiss ediləcək. Artıq PA rəhbəri postu fəxri vəzifəyə çevrilib.
Onun səlahiyyətləri məhdudlaşdırılıb, müavinləri yoxdur, bütün strukturlaşma I vitse-prezident institutu ətrafında formalaşdırılıb.
Odur ki, İ.Əliyevin erkən namizədliyinin elan olunması hər nə qədər Naxçıvan qruplaşması üçün nəfəslik rolu oynasa da, Bakı qanadının qarşıdakı 7 illik idarəçilikdə rolu çılpaqlığı ilə müşahidə olunacaq.
***
Anaxeber.Az-ın Analitik Qrupunun fikrincə, İ.Əliyev strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi.
Çünki “hakimiyyətin namizədi kim olacaq” sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi.
İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu.
Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.
Oktyabra qədər daha bir nazirin vəzifədən kənarlaşdırılması, struktur islahatlarının gerçəkləşməsi istisna edilmir.
Odur ki, iqtidar kulislərində çoxları namizədlik məsələsinə aydınlıq gələndən sonra dərindən nəfəs alsa da, postunun laxladığını hiss edənlər var və onlar üçün “qara il” başlayıb.
hakimiyyət içində namizədin kimliyi ilə bağlı ciddi narahatlıqlar baş qaldırmışdı, kiminlə olacaqlarını müəyyənləşdirməyə çalışarkən təhlükəli oyunlara girişirdilər.
Bu, Azərbaycanın dövlət təhlükəsizliyinə də problem yarada bilərdi. Çünki bəzi xarici ölkələr də ”kimə stavka edək" sualına cavab üçün Azərbaycan hakimiyyətinə təzyiqləri artıra bilərdi.
M.Əliyevanın reytinqi əhali arasında yüksəkdir. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürülsəydi, onun da İlham Əliyev kimi prezident seçilməsi şansı yüksək idi. Buna baxmayaraq, İlham Əliyev özü prezident olacağına qərar verdi.
2013-cü ildə də hakimiyyətin namizədinin M.Əliyeva olacağına dair versiyalar səsləndirilirdi. O vaxt iqtidar bu versiyalara təmkinli yanaşma sərgiləyirdi.
O üzdən İlham Əliyevin namizədliyi 2013-cü ilin iyun ayında, YAP-ın qurultayında elan edildi.
Görünür, İ.Əliyevin seçkidə namizəd olacağının ötən dəfəkindən 4 ay öncə elan edilməsinin ciddi səbəbləri olub...
AnaXeber.Az
Turan
Tarix: 2-02-2018, 10:27