Zahid Oruc: “Kremllə münasibətləri normal olan ölkələri sizlər qara yerdə görəcəksiniz”
Son bir ildə qlobal miqyasda demokratiyada ciddi geriləmə baş verib. “Economist Intelligence Unit http://www.eiu.com/home.aspx” bunu yanvarın 31-də açıqladığı illik Demokratiya İndeksində bildirilir. Bu indeks 2017-ci ildə 165 müstəqil ölkə və iki ərazidə demokratiyanın durumunu öyrənib.Azərbaycan 148-ci yerdə “avtoritar ölkə” kateqoriyasında qərarlaşıb. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasındadır. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da var.
Media Azadlığı İndeksinə gəlincə, Azərbaycan (154), Rusiya (139) qeyri-azad, Gürcüstan (49) qismən azad, Ermənistan (109) əsasən qeyri-azad sayılıb.
Beynəlxalq qurumun Azərbaycanı son sıralarda göstərməsi, xüsusilə qonşu ölkələrdən geriyə atması ciddi etiraz doğurub. Hesabatın qərəzli olduğu barədə sərt reaksiyalar səsləndirilir.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, həmin hesabatın parlamentariləri saxta məlumatlara əsaslanıblar: “Bu nəticələrin reallığı əks etdirmədiyini xüsusi olaraq vurğulamaq lazımdır. Üstəlik, bunun sovet dövrünün məlum ideoloji qaydaları ilə tərtib edildiyini qeyd etmək istəyirəm. Ötən dövr ərzində sovetlər birliyinin dağılması və sosializmin çöküşü fonunda ölkələr beynəlxalq aləmə keçid etməyə can atırlar. Bunların hərəsində müəyyən inkişaf tempi var, xarici siyasət kursları mövcuddur. O ölkələr ki, Qərb üfüqündə qərarlaşırlar, həmin ölkələr bu tipli hesabatlarda yüksək dəyər alırlar. Zənn edin ki, demokratiyanın müəllimləri var. Onlar tələbələrini çox yaxşı tanıyırlar. Ölkələri bu cür də rəngləyiblər. Hansısa bir ölkədə inqilabı proseslər baş verirsə, bunun nəticəsində plan qurmağa çalışırlar. Təsəvvür edin ki, həmin kriteriyaları Liviya, İraq və Əfqanıstana necə tətbiq edirsən. Oradan ağır nəticə çıxarırlar. Halbuki heç olmasa keçmiş dönəmlərdə yaşama hüquqları mövcud idi. Sizlər dağılmış məmləkətlərə nə mətbuat, nə demokratiya indeksi müəyyən edirsiniz? Bunlar doğrudan da çox ağlasığmayan məsələlərdir. Burada ən çox Azərbaycan kimi ölkələrə olan yanaşmadan danışmalıyıq. Cənab prezidentin Davos Forumunda söylədiyi kimi, bizi forpost kimi görmək istəyən böyük güclər var. Bunların nəzərində biz ya Rusiya tərəfdən Qərbə qarşı cəbhə olaraq vuruşmalıyıq, ya da tam əksinə, Avropa Birliyinin, Qərb dairələrinin vasitəsilə Rusiyaya qarşı savaş cəbhəsi açmalıyıq, bu ölkəyə qarşı olan sanksiyaları və digər bu kimi təzyiqləri müdafiə etməliyik. Məlumdur ki, Kremllə münasibətləri normal olan ölkələri sizlər qara yerdə görəcəksiniz. Bu dəqiqliyi ilə belədir. Azərbaycana Allahsız bir yanaşma var. Həqiqətən bu ölkə böyük bir yol keçib, bu millətin özünəməxsus savadı, istedadı, qabiliyyəti, azad düşüncələri var. Ayrı-ayrı şəxslərin azadlığı ilə bağlı medianın durumunu dəyərləndirmək yanlışdır. Bir şeyi unutmaq olmaz ki, bizim ölkə ilə bağlı hazırlanan hansısa ssenarilər bu hesabatlarla sinxrondur. Əvvəlcə səni damğalayırlar, ittiham edirlər, ləkələyirlər, beynəlxalq aləmdə bu cür zərbələr vururlar, sonra üzərinə demokratiyanın tankları gəlir. Bombalı demokratiyalar nəzəriyyəsi var, bunu sənə qarşı açırlar. Bunlar olmadıqda Corc Soros kimiləri deyəcək ki, valyutanın bir hissəsini ver və sərəncamımda ol. Bunlar olmadığı təqdirdə, bax belə, onların dünya miqyasında demokratiyanı təftiş edən müfəttişləri var. Sovet dövrünün Kremldən gələnləri heç bunlar qədər sərt deyildilər. Onların verdikləri qiymətə nəticələr uyğun olur. Səhəri gün Azərbaycan deyil, başqa bir ölkədə tanklar meydanlara çıxsın, hakimiyyət devrilsin, küçə toqquşmaları baş versin, bunların nəticəsində fərqli qiymətlər veriləcək. Ona görə də bununla bağlı Azərbaycanla işləmək istəyən beynəlxalq təşkilatlara bildirmək istəyirəm ki, hər bir tərəfin mövqeyini alsınlar. O zaman biz o güzgüyə obyektiv yanaşacağıq, onu özümüzdə əks etdirən məqam kimi dəyər verəcəyik”.
Cavanşir ABBASLI,
Tarix: 2-02-2018, 11:24