Tofiq Abbasov: “Onun fikirlərinə diqqət etmək də vacibdir...” Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə Azərbaycan və digər postsovet ölkələri ilə bağlı səsləndirdiyi sərsəm açıqlamalarla gündəmə gəlib. Kremlin “danışan dili” kimi qəbul olunan partiya sədri fikirlərini daha çox ölkəmiz üzərində fokslaşdırıb.
Sitat: “Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri - hər yerdə eyni problem var. Yalnız bir çıxış yolu var - milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq - hamının bir torpağı olacaq”.
Əvvəlki bu tipli açıqlamaları kimi Jirinovskinin budəfəki fikirləri də ölkəmizdə kifayət qədər etiraz doğurub. Əslində onun bu açıqlamaları ilə Rusiya hökumətinin niyyətini etiraf etdiyi bildirilir. Zaman-zaman keçmiş SSRİ-ni bərpa etmək niyyətini büruzə verən Vladimir Putin hakimiyyətinin hələ də belə bir planının olduğu vurğulanır.
Politoloq Tofiq Abbasov bildirdi ki Jirinovski ilk dəfə belə əcaib, anlaşılmaz fikirlər səsləndirmir: “Onun dedikləri az qala şüar formasına otuzdurulur. Açığı, bu adam ciddi məlumatlara sahibdir. İlk növbədə bu şəxsin böyük siyasi təcrübəsi var. Onun belə fikirlər səsləndirməsi bir sıra təzadlardan xəbər verir. Tarixi proseslərin gedişatını geriyə çevirmək olmaz. Sovetlər artıq dağılıb, keçmiş ittifaq ölkələrinin hamısı müstəqilliklərini təmin ediblər. Azərbaycan bu sırada öndə gedən məmləkətlərdən biridir. Həm özünün təminatını əldə edib, həm də beynəlxalq səviyyədə nüfuz qazanıb. İndinin özündə Qərb mətbuatı da Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək niyyəti ilə bağlı xəbərlər yayır. Bu məsələ ilə bağlı onlar öz prinsipial mövqelərini səsləndirirlər. Bildirirlər ki, rəsmi Moskva müəyyən mənada təhdidlər yayır. Göstərilir ki, dünyada inteqrasiyadan, əməkdaşlıqdan söhbət getdiyi vaxt Rusiya imperiya röyasını gündəmə gətirir, bununla ətraf ölkələrə ideya və təhdidlərini sırıyır. Bu baxımdan bunlar istənilən halda yolverilməzdir”.
Politoloqa görə, artıq bir sıra məsələlər çox aydın şəkildə öz həllini tapıb: “Bu baxımdan bir daha deyirəm ki, tarixin gedişatını arxaya çevirmək olmaz. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinə qədər Moskvada bəzi dairələr, imperiyapərəst qüvvələr, sovetin bərpasını istəyən mərkəzlər özlərinə gələ bilmirdilər ki, Bakıda da Rusiyanın prezidenti olduğu kimi Azərbaycanın da prezidenti var, Azərbaycanda da Rusiyada olduğu kimi parlament var, orada duma, biz də isə Milli Məclisdir. Bunlar təkcə bizə deyil, hər bir postsovet ölkəsi ilə bağlı idi. Revanş xülyası, ideyası ilə o vaxtdan bəri həmin bu fikirləri özlərində ehtiva edirlər, onu müxtəlif cildə, formalara salırlar. Jirinovski şübhəsiz ki, Kremlin danışan dilidir. Reallıqdır ki, keçmiş ittifaqın paytaxtı olan Moskva SSRİ-nin dağılmasından ciddi sarsıntı keçirdi, itkilərə məruz qaldı. Biz görürük ki, Azərbaycan, Qazaxıstan və digər bu tipli ölkələr fəal inteqrasiya siyasəti həyata keçirir, öz ərazilərindən kommunikasiya, nəqliyyat xətləri keçirməklə böyük uğurlara imza atır, böyük mənfəətlər götürürlər. Rusiyada bu uğurlarımızı həzm edə bilməyənlər az deyil. Əllərindən bir şey gəlmədiyi üçün bu tipli psixoloji təsirlərlə, təhdidlərlə varlıqlarını göstərmək istəyirlər. Amma bütövlükdə Jirinovskinin dedikləri qeyri-ciddi fikirlərdir. Lakin onun fikirlərinə diqqət etmək də çox vacibdir. Amma bu, o demək deyil ki, müstəqil dövlət kimi nəzərdə tutduğumuz işləri kənara qoyaq, planlarımızdan imtina edək, yaxud arxa plana ataq”.
T.Abbasov bu kimi fikirlərin həm də ictimai rəyi öyrənmək üçün olduğunu düşünür: “Görmək istəyirlər ki, bu fikirlərlə bağlı hansı münasibət formalaşır. Sirr deyil ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həmin imperiyanın bərpasını istəyən tək-tük şəxslər, siyasətçilər var. Amma onların nüfuzları yoxdur. SSSRİ-nin reanimasiya edilməsi, bərpası deyərdim ki, müşkül yox, müşküldən də müşkül bir məsələdir. Bu ideyaya bel bağlamaq olmaz”.(musavat.com)
Tarix: 3-02-2018, 13:39