Qarabağda vasitəçi ola bilməyən Rusiya Suriyada ola bilərmi?

Qarabağda vasitəçi ola bilməyən Rusiya Suriyada ola bilərmi?
Politoloq: “Vasitəçi vicdanlı və tərəfsiz olmalıdır, amma...”

Suriya münaqişəsinin həlli istiqamətində vasitəçi ölkələrdən biri olan qonşu Rusiya hələ ki istəyinə çatmayıb. Şübhəsiz ki, burada Suriya müxalifəti və üsyançılarının Rusiyanın təklif etdiyi sülh modelindən imtina etməsi də səbəbdir. Son olaraq, Rusiyanın Soçidə təşkil elədiyi görüş şimal qonşumuzun vasitəçi kimi işə yaramadığını gösrərdi. Ümumiyyətlə, Qarabağ məsələsində qərəzsiz vasitəçi ola bilməyən Rusiyanın Suriyada sülh yaradacağı suallar doğurur.


Politoloq Nəzakət Məmmədova Rusiyanın özünü vasitəçi kimi göstərsə də, əslində belə bir niyyətinin olmadığını deyir: “Rusiya Qarabağda vasitəçi ola bilmədi yox, olmaq istəmədi demək daha doğrudur. Çünki onun imkanları çox yüksəkdir. Rusiyanın hazırda əsas problemi fövqəldövlət iddiaları ilə böyük dövlət statusu arasında qalmasıdır. İddiaları fövqəldövlət, hazırkı imkanları böyük dövlət potensialı çərçivəsindədir. Çünki fövqəldövlət statusunun öz kriteriyaları var və Rusiya SSRİ-nin süqutu ilə bunu itirib, hazırda bərpa etməyə çalışır. Suriya bu cəhdin bir istiqaməti idi. Qarabağ da Cənubi Qafqazda iştirakın bir istiqamətidir. Fövqəldövlət olmanın öz şərtləri var ki, bunlardan da biri dünyanın mühüm bölgələrini öz dairəsində saxlamaqdır. Rusiyanın Yaxın Şərq və Cənubi Qafqaz ambisiyalarının əsasında bu amil dayanır. Vasitəçi vicdanlı və tərəfsiz olmalıdır, amma Rusiyanın timsalında bu mümkün deyil, çünki qeyd etdiyimiz kimi başqa böyük dövlətlər kimi onun da öz maraqları var. Qarabağda status-kvonun mümkün qədər çox uzadılmasında maraqlı olan Rusiya Suriya münaqişəsinin tez bir zamanda bu ölkənin ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. Burada bir sıra geosiyasi, hərbi, iqtisadi amillər var. Rusiya Suriya kimi müttəfiqinin zəifləməsini istəmir, buradan Qətər qazının Avropaya çıxarılaraq Avropa bazarında ”Qazprom"un monopilyasını əlindən almasını istəmir, özünün Yaxın Şərqdə hərbi iştirakını və Aralıq dənizinə çıxış imkanlarını itirmək istəmir. O, öz yeni silahlarını döyüş meydanında sınaqdan keçirdi, dünyaya özünün fövqəldövlət olma iddialarını nümayiş etdirərək hər zaman hər yerdə olduğunu və onsuz heç bir problemin həll olmayacağı mesajını verdi və s".



Politoloqa görə, Rusiyanın Suriya münaqişəsində vasitəçilik imkanları böyükdür: “Çünki müharibə meydanında qalib kimdirsə, diplomatik danışıqlarda da qalib odur, sülhün şərtlərini də məhz qalıb tərəf diktə edir. Rusiya artıq rəqiblərini fakt qarşısında qoyub və danışıqlarda vasitəçi statusunda olsa da, o, əslində Suriya hökumətinin, Əsədin öz adından danışıqlar aparmağa müvəkkil etdiyi tərəfdir. Dediyimiz kimi, vasitəçi neytral olmalıdır, Rusiya isə neytral deyil, konkret olaraq Əsəd hakimiyyətinin mənafelərini müdafiə edən dövlətdir. Müxalifət Soçi aeroportundan çıxarkən Suriya bayraqlarını və digər dövlət simvollarını görərək geri qayıdıb, öz səlahiyyətlərini Türkiyəyə verib. Suriya müxalifətinin bir hissəsi kürdlər idi ki, onlar da YPG/PYD/PKK-da təşkilatlanıblar və ABŞ-ın nəzarətindədir. Türkiyə hazırda Afrində onları zərərsizləşdirməklə məşğuldur. Döyüş meydanında məğlub olan qüvvə kimi onlar artıq danışıqlarda söz sahibi olmaqdan məhrum ediliblər. Bununla da kürdlərin timsalında ABŞ Suriyanın gələcəyində iştirak etməkdən məhrum edilib. Çünki onun istinad etdiyi qüvvə artıq sıradan çıxarılıb.

Azad Suriya Ordusu Türkiyə ilə yaxşı münasibətlərə malikdir. Digər müxalifət qrupları da öz söz haqqını Türkiyəyə verib. Hazırda de-fakto danışıqlar Suriya hökuməti adından Rusiya və Suriya müxalifəti adından Türkiyə arasında aparılır desək, yanılmarıq. Prosesin digər iştirakçıları - ABŞ, kürdlər, İŞİD artıq sıradan çıxarılıb. Astana və Soçi prosesinin üzvü olan bu üç ölkə Suriyanın gələcəyini özləri həll edirlər. Suriya müxalifətinin Rusiyaya inanmaması isə çox az şeyi dəyişir. Dediyimiz kimi, onların münaqişədən sağ qalan bir hissəsi öz səlahiyyətlərini Türkiyəyə verib. Digər narazı hissəsini mümkündür ki, ABŞ öz çətiri ətrafında toplasın, Cenevrədə və ya digər formatda Soçiyə alternativ danışıqlar apararaq Əsəd hakimiyyətinin qeyri-legitimliyi məsələsini, ölkənin parçalanması zərurətini gündəmə gətirsin. Lakin ABŞ-ın ən güclü istinad qüvvəsi artıq məhv edilmək üzrədir. Burada Rusiya, Türkiyə, Suriya ümumi mövqedən çıxış etdilər. Yəqin ki, son sözü də onlar deyəcək".(“Yeni Müsavat”)
Tarix: 5-02-2018, 10:48
Xəbəri paylaş





Xəbər lenti