Azərbaycanda prezident seçkiləri niyə tezləşdirildi? - Operativ şərh
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub.
BakuPost məsələ ilə bağlı millət vəkili Zahid Orucun fikirlərini öyrənib. Deputat saytımıza açıqlamasında bildirib ki, sərəncam mühüm hüquqi əsaslara söykənir: "Ölkə başçısı tərəfindən verilən qərarı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, sərəncam mühüm hüquqi əsaslara söykənir. Eləcə də burada vurğulanmalı olan siyasi arqumetlər də yetərincədir.
Məlumdur ki, Azərbaycanda prezident, parlament, bələdiyyə və digər hakimiyyət institutları və yaxud da ki, digər təsisatların formalaşmasında bir zaman ardıcıllığı mövcuddur. Belə ki, son referendumda irəliyə sürülmüş təkliflərə xalq tərəfindən dəstək verilməsi və prezidentlik müddətinin 7 il müəyyənləşdirilməsi fonunda 2025-ci ildə belə bir üst-üstə düşmə vəziyyəti yaranırdı. Məhz bu səbəbləri nəzərdə tutaraq belə bir mövqe irəli sürülmüşdü ki, prezident seçkilərinin vaxtı dəyişdirilsin. Birləşmiş Ştatların praktikasında Konqresə və Prezidentliyə eyni zamanda start verilməsi praktikasına yüz illər ərzində gəlib çatıldığını nəzərə almalıyıq və ümidvaram ki, bizim ölkəmizdə də qeyd etdiyimiz siyasi dayanıqlıq tam bərqərar olunacaqdır. Ölkədə seçkilərin növbədənkənar olması üçün mütləq fövqəladə vəziyyət şəraitinin, yaxud hərbi vəziyyətin olması önəmli deyil. Üstəlik, Ermənistanda keçirilən seçkilərə görə belə bir addım atıldığını söyləmək də yersizdir. Azərbaycanda seçkilərin və hakimiyyətin formalaşmasının öz siyasi düzəni, hüquqi tələbləri və təhlükəsizlik şəraiti mövcuddur. Ona görə də hər bir iddiaçıya bərabər şərait yaradıldığı təqdirdə seçkilərin ertlənməsi əleyhinə çıxmaq üçün əsaslar yoxdur, o biri yandan iqtidar əleydarları dəfələrlə belə bir mövqedən çıxış etmişdilər. Ona görə də kiminsə hazırlıqsız yaxalanmasından danışmaq yersizdir. Məgər onlar oktyabr ayına milyonla seçici və bir o qədər də kapitalla gedirdlər ki? O biri yandan konstitusiyaya əsaslanaraq dövlət başçısı belə bir addım ata bilər, çünki seçkinin nəticələrində əsas hakim, xalqdır.
Bundan başqa, ölkə rəhbəri tərəfindən belə bir qərarın verilməsi Azərbaycanda seçkilərin sabit bir şəraitdə keçirilməsini təmin edəcək. Bu əslində, hazırki dövrdə bütün iddiaçı qüvvələrin mövqelərinə normal yanaşımı təqdim edir. Hər bir partiya, təşkilat, hərəkat öz-özlüyündə seçkilərə hazırlığını ortaya qoymalıdır.
Ölkə başçısının belə bir qərarı həm də artıq namizədliklə bağlı məsələlərin bəyan edilməsi onu sübut edir ki, prezident ölkədə həyata keçirdiyi böyük, son dərəcə geniş miqyaslı milli mənafelərə dayanan yeni kursunda yenilikləri davam etdirməkdədir. Onsuz da prezident seçki proseslərinə hökumətin yenilənmiş tərkibi ilə gedir. Elə hesab edirəm ki, indi də verilmiş sərəncam hüquqi prosedurlara və Azərbyacanın siyasi maraqlarına da tamamilə uyğundur”.
Nigar Etibar
Tarix: 5-02-2018, 14:03