Elçibəylə bağlı MÜRACİƏT

Elçibəylə bağlı MÜRACİƏT
Bir qrup ziyalı mərhum eks- prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına müraciət ünvanlayıb.

Modern.az-ın məlumatına görə, müraciət sahibləri bildirib ki, 2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq.

Müraciətdə qeyd olunub:

“Heç şübhəsiz, onlardan ən mühümü Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-millidövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik.

2018-ci ildə xalqımız həm də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının memarı, 1988-ci ildən başlamış Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri, dövlətimizin ikinci prezidenti Əbülfəz Elçibəyin (1938-2000) anadan olmasının 80 illiyini qeyd edəcək. 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açmış görkəmli dövlət adamı Əbülfəz Elçibəyin xatirəsini soydaşlarımız daim əziz tutublar və onun 80 illik yubileyinin də layiqincə qeyd olunacağına ürəkdən inanırıq.

Təəssüflə bildirməliyik ki, son onilliklərdə siyasi baxımdan qütbləşmiş cəmiyyətimizdə bütün toplumun eyni tədbiri iqtidarlı-müxalifətli birgə gerçəkləşdirməsi milli arzularımızdan biri olaraq qalır. Əbülfəz bəy siyasi baxımdan ayrı-seçkilik etmədən bütün yurddaşların ımillətin bir zərrəsi kimi dəyərləndirərək məhəbbətlə yanaşır, bəzən hətta şəxsi nüfuzunun zədələnəcəyini göz önünə alaraq ən barışmaz tərəfləri bir araya gətirməyə çalışır və çox vaxt buna nail olurdu.

Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. Biz , Təşəbbüs Qrupu olaraq iqtidar-müxalifətliyinə baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik.

Təşkilat Komitəsi ilə bağlı fikir və təkliflərinizi +99470-355-08-07 nömrəli telefonla Təşəbbüs Qrupuna bildirməyinizi xahiş edirik.

Ədalət Tahirzadə – Professor, Əbülfəz Elçibəyin mətbuat katibi

Mircəlal Yüsifli – Elçibəy İrsini Araşdırma Fondunun Sədri

Abbas Musayev - Əbülfəz bəyin dostu, Fizika-Riyaziyyat üzrə fəlsəfə doktoru

Novella Cəfəroğlu- Dilarə Əliyeva adına QHMC-nin sədri

Mehriban Vəzir- Yazıçı

Almaz Əliqızı – Professor

Oqtay Məmmədov- Eks-prezident Əbülfəz Elçibəyin mühafizə xidməti rəisinin sabiq 1-ci müavini

İsfəndiyar İsgəndərov – Sabiq Milli Ləl-Cəvahirat fondunun direktoru”.
Tarix: 5-02-2018, 14:16
Xəbəri paylaş





Xəbər lenti