İsgəndər Həmidov: “Ağ corabla qara tuflini Rəsul Quliyev özü geyinirdi”

İsgəndər Həmidov: “Ağ corabla qara tuflini Rəsul Quliyev özü geyinirdi”
Saleh Məmmədov: “Görünür, yaş öz işini görür”

Bir neçə gün öncə Rəsul Quliyev Əbülfəz Elçibəy, onun komandası haqqında təhqiramiz, həqiqətə uyğun olmayan ifadələr işlədib. AXC hakimiyyətinin təmsilçiləri isə təbii olaraq onun cavabını verdilər. Bunun ardından R.Quliyev facebook səhifəsində onlara təhqiramiz cavab yazıb. Sitat:


“Mənim Emin Hüseynova verdiyim intervü çox böyük (dünyanın hər yerində) maraq doğurmaqla yanaşı, bir sıra insanlar tərəfindən əcaib və tərbiyəsizlik nümayiş etdirməklə nəticələnib. Elçibəy hakimiyyətinin yıxılmasının başlıca səbəbi absolyut nadan adamların ən yüksək postlara təyin edilməsi oldu. Hətta yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi. Həmin insanlar-siyasətdən 25 il bundan öncə getməli olanlar bu gün də meydandadırlar və beyinlərinin inkişafı həmin dövrdən dayanıb, bu gün də eyni düşüncə ilə yaşayırlar...”

Ağ corab dəbini kim yaradıb - Maykl Cekson, ya hind aktyorları?

Xüsusən də “yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi” kimi ağağılayıcı sözlər onun ənənəvi leksikonuna uyğundur. “Yeni Müsavat” atmacanın miqyasını nəzərə alıb, ümumiyyətlə, “ağ corab məsələsi”nin üstündən ötəri keçməməyə qərar verdi. Yəni, nədir bu ağ corab ittihamı? Belə bir tərz nə zamansa dəb olubmu? Ümumiyyətlə, ağ corab geyinmək hansı halda təhqir kimi qəbul edilir?

İnternetdə apardığımız kiçik bir araşdırmada məlum oldu ki, 1980-ci illərdə ağ corab geyinmək geniş bir dəb idi. Həmin vaxtlar Maykl Cekson “Billi Cin” klipini yeni çəkmiş və bu kliplə ağ corab dəbini başlatmışdı. Bundan başqa, sözügedən illərdə hind aktyorlarının geyim tərzində də ağ corab ana xətt kimi götürülür və gənclər həm də onları yamsılamağa çalışırdılar.

Amma hazırda hər uniformanın altına ona uyğun rəngdə corablar onun bir parçası olaraq istehsal edilir və geyinilir. Göy rəngdə bir polis geyiminin altına ağ corab geyinildiyində bu, onun ciddiyyətinə və gücünə ciddi zərbə kimi qəbul edilir. Ağ corablar bəzən düzgün şəkildə istifadə olunduğunda şıq görünə bilər. Amma ümumi baxanda ağ corabın heç bir üzrxahlığı yoxdur.

80-ci illərin sonu və 90-cı illərin əvvəlində xüsusən Maykl Cekson ilə trend olan bu stil hazırda Amerikada Castin Timberlake ve Eminem sayəsində davam edir. Bunun xaricində Londonun küçə dəbində ağ corab dalğası ötən yay başlamışdı. Belə ki, ağ corab həm şortiklə, həm də dar şalvar və cinslərlə geyinilirdi.

Modaçılar isə deyir ki, ağ corabı hər kəs daşıya bilməz. Geyinənin bir az rahat, amerikanvari və idman bir stili olması lazımdır. Bundan başqa, 80-90-cı illəri bir qədər sevməsi lazımdır.

Ağ corablar xüsusən idman edərkən, idman salonlarında geyinilir. Bu səbəbdən də ağ corab geyinmiş birini görmək tərli ayaqları xatırladır. İdman corabı olaraq bilinən corablar çox nadir geyimlərin altına geyinilir. Qısası, ağ corabı idman salonlarının xaricində geyinmək bir işə yaramaz.

Psixoloqlar isə deyirlər ki, ağ corab geyinən insanların tənbəl olduqları sübut edilib. Belə ki, geyiminizə uyğun corab seçməyə ərinirsinizsə, ən rahat variant kimi ağ corab seçirsiz və bu, sizin xarakterinizi ələ verir.

Baxçalının “ağ corab yasağı” və “ağ corab hərəkatı” ilə bağlı bilinməyənlər

Ağ corab söhbəti Türkiyə siyasətində də zaman-zaman ciddi müzakirə mövzusu olub. Dövlət Bağçalı 18 il öncə MHP-ni fiziki olaraq dizayn edə bilmək adına ‘Ülkücülər təsbehdən istifadə etməsin, uzun bığ saxlamasın və ağ corab geyinməsin" deyə bir qayda yayımladı. Halbuki o dönəmdə ABŞ-da Maykl Cekson belə ağ corab geyinirdi. Anadoluda isə ağ corab geyinmək sünnət və təmizliyin simvolu olaraq qəbul edilir. Cümə namazlarında ağ corab geyinmək geniş yayılıb.

Türkiyədə “Ağ Corab Hərəkatı” da tarixi hadisələrdən biridir. Bu hərəkat öz adını Baxçalının ağ corab qadağasından alıb. Onların dərdi forma yox, məzmundur. Bu qadağa ilə partiyalarından AKP-yə axın olduğunu düşünürdülər. Tələbləri partiya daxili demokratiyanı təmin edərək, Türk inkişafını təmin etməkdir.

Gördüyünüz kimi, “ağ corab” söhbəti hətta Türkiyə siyasətində də mühüm mərhələlərdən birini əks etdirir. Bəs R.Quliyevin Azərbaycan müxalifətinə ünvanladığı bu ittihamın arxasında nələr dayanır? Bu, ümumiyyətlə gerçəkdirmi?

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, R.Quliyev hər zaman repertuarındadır. Müsahibimiz xatırlatdı ki, AXC dövründə ən böyük postlardan biri Rəsul Quliyevə məxsus idi: “Yəqin ki, özü qara tufli, ağ corab geyinirdi. Ümumiyyətlə, hakimiyyətdə olanlar ziyalı, savadlı insanlar idi. Dosent, elmlər namizədi, tarixçi, filosof. Onlar da hər zaman geyimlərini və davranış qaydalarını gözəl bilirdilər. Mən heç vaxt rəsmi görüşlərdə ağ corab, qara tufli geyinən görmədim”.

İ.Həmidov eyni zamanda vurğuladı ki, bacarıqsız, səriştəsiz R.Quliyevin özüdür. Onun sözlərinə görə, AXCP demokratiya uğrunda mübarizə aparırdı. Mübarizə aparmayanlar isə R.Quliyev kimi ölkəni tərk edib: “Biri deyir, Tofiq Qasımov rusca bilmirdi. Halbuki Tofiq Qasımov Leninraqdda rusca elmi iş müdafiə etmişdi. İsa Qəmbər tarixçi idi. Pənah Hüseyn və Əli Kərimli də həmçinin elm sahəsində mühüm uğurlar əldə etmişdilər. Onların hər biri səviyyəsi, səriştəsi ilə seçilən olub. İndi Rəsul Quliyevdir də, deyib. Çox ciddi yanaşmaq lazım deyil”.



Keçmiş maliyyə naziri Saleh Məmmədovunsa bu replika ilə bağlı fərqli yanaşması var: “İnsan evolyusiyası aşağıdan ən yüksəyə, pik nöqtəsinə çatdıqdan sonra yenidən başlanğıc nöqtəsinə qədər düşməyi əhatə edir və bu həm fiziki və həm də əqli vəziyyəti əhatə edir. Görünür, yaş öz işini görür.

Azərbaycanın bütün tarixi boyu bir dənə demokratik seçki keçirilib, o da Əbülfəz Elçibəyin prezident seçilməsi üzrə seçkidir. Bunu hər hansı Azərbaycan vətəndaşı, partiya, qrup, hərəkatın adı ilə deyil, BMT-dən tutmuş demokratik ölkələrə qədər bütün beynəlxalq qurumların, demokratik dövlətlərin hesabatları deyir və təsdiq edir. Bunu inkar etmək bütün dünya düzənini inkar etmək deməkdir".

Keçmiş baş nazir Pənah Hüseyn isə ümumiyyətlə, R.Quliyevlə bağlı heç bir suala cavab verməyəcəyini dedi.

Sevinc TELMANQIZI

Tarix: 6-02-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti