Müxalifət prezident seçkilərinə gedir- BU HƏFTƏ QƏRAR VERİLƏCƏK
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Bəs hansı müxalifət partiyaları seçkilərə qatılacaq?
Gununsesi.info xəbər verir ki, aznews.az bununla bağlı partiyalar arasında keçirdiyi sorğunu təqdim edir:
Müsavat Partiyasının başqan müavini, Divan üzvü Razim Əmiraslanlı: “Partiyada bununla bağlı intensiv müzakirələr və məsləhətləşmələr gedir. Fevralın 10-da keçiriləcək məclisdə son qərar veriləcək”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: “Biz hazırda bu məsələni müzakirə edirik. Amma hələ yekun qərar yoxdur. Yəqin ki, yaxın günlərdə seçkiyə qatılıb-qatılmayacağımızla bağlı qərarımız açıqlanacaq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Bu gün seçkilərdə iştirakla bağlı ümumi müxalifətlə görüş olacaq. Həmin görüşdə ümumi müxalifət nə qərar versə, biz də onu dəstəkləyəcəyik”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: “Əlbəttə ki, Prezident seçkilərində iştirak edəcəyik. Amma seçkiyə hansı formada qatılmağımızla bağlı qərar verməmişik. Bu həftə partiyanın iclası olacaq və orada bununla bağlı qərar verəcəyik”.
AXCP (alternativ) sədri Razi Nurullayev: “Bu gün partiyanın Rəyasət Heyətinin toplantısı keçirildi və bir azdan seçkilərdə iştirakla bağlı mövqeyimiz mətbuata açıqlanacaq. Biz seçkilərdə iştirak etmək istəyirik və hazırda bunun üçün lazım olan addımları atırıq. Vəziyyətdən asılı olaraq, başqa qərarlar da ola bilər. Bura başqa namizədin dəstəklənməsi və boykot da daxildir”.
Ümüd Partiyasının sədri İqbal Ağazadə: “Hazırda partiyada Prezident seçkilərinin keçirilməsi və bizim orada iştirak edib-etməməyimiz müzakirə olunur”.
Tarix: 6-02-2018, 16:39